Bütöv Azərbaycana aparan yollar daşlı-kəsəkli

Dünyada gedən proseslərin növbəti dəyişiklik məqamına hazırlıq barədə düşüncələr

                                                                                                                          Hafiz Mirzə

                                                                                               www.hafizmirza.com

Bütöv Azərbaycan qurulması ideyası bir arzu və ideya olaraq indi sinəsində həqiqətən də Azərbaycanın bir tikəsi döyünən hər bir kəsin marağına və istəklərinə müvafiqdir. Amma təkcə maraq və istək nəyi həll edir ki? Biz sevgili ölkəmizin ikiyə ayrılmasını, böyük və Cənub hissəsinin indi İran adlı qonşu dövlətdə qaldığını, Araz çayının Vətənimizi iki yerə ayırdığını, "Gülüstan"(1813) və "Türkmənçay"(1828) müqavilələri ilə rəsmən ikiyə bölündüyünü, Şah İsmayıl Xətai adlı bir şahın böyük Azərbaycan yaratdığını hələ Sovetlər dövründə, orta məktəbin yuxarı siniflərində oxuyarkən, bütün yasaqlara rəğmən və xəlvətcə  eşitmişdik. Xalq şairi Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasını oxumaqlığın gizliliyi o qədər qorxunc idi ki, ən ağır cinayətdən daha betər təsir bağışlayırdı. Məmməd Araz Cənubda qalmış soydaşlarımızla aramıza səd çəkmiş o məlum çayın adını özünə təxəllüs  götürmüşdü ki, bu adı eşidən hər kəs Araz həsrəti barədə düşünsün. Şeirlərinin təsirindən idi ki, ziyalı yazarlar  arasında "Araz" ifadəsi artıq ayrılıq mənasında işlənməyə başlamışdı. Etiraf etməliyik ki, bizim milli-azadlıq ideyalarımızın mabədində Cənub həsrəti rus-sovet imperiyasına nifrətdən daha güclü idi. Çünki bunun kökləri vardı, uzun bir yol gəlinmişdi və farslarla müqayisədə ruslardan elə də böyük disqriminasiya görməmişdik. Əgər Ermənistanın təcavüzkar əməlləri, Dağlıq Qarabağ  hadisələri və 1990-cı ilin yanvar Bakı qırğınları olmasaydı, müstəqillik yanğısının güclənməsi və qələbə qazanması üçün hələ çox zaman lazım gələcəkdi və ya bizə də bu müstəqillik Türkmənistan kimi "qızıl sinidə" veriləcəkdi. Dağlıq Qarabağ  və onun ətrafında baş verən olayları çıxsaq, 80-ci illərin sonunda böyük əksəriyyətimizin içini göynədən  siyası yanğı yalnız və yalnız Bütöv Azərbaycan həsrətilə bağlı idi. Düşünürəm ki, əgər bizim milli-azadlıq hərəkatımızda bütövlük yanğısı daha önə çıxardısa, ötən 21 il ərzində indiyə hökmən bir nəticə hasil olunmuşdu  və biz bir parça halında yox, bütöv halda müstəqillik qazanardıq. Hərçənd ki, əvvəlcə iki parçadan birinin müstəqillik qazanması, sonra müstəqillik mücadiləsində o biri hissəyə kömək etməsi nə qədər çətin olsa da bir məqbul yol sayılır.  Görünür tale qismətimizə məhz bu çətin yolu yazmışdır. Lakin biz bu yola sadiqikmi? Bu yolla heç olmasa tısbağa yerişi ilə olsa da, irəliləyirikmi?  Təəssüflər olsun ki, 1988-93-cü illər milli-azadlıq mübarizəsinin bir çox öncülü  sonradan bu mübarizəyə xəyanət etdi. Hətta indi bəzi mücahidlərə diqqət yetirərkən o vaxtkı mübarizəni tam mənasında milli-azadlıq hərəkatı adlandırmaqda da səsimiz ucadan çıxmır. Nöşün ki, o şəxslər sonradan və elə indi də tamam fərqli fəaliyyət göstərirlər. Xatırlayaq AXC-nin ilk İdarə heyətinin üzvü Ələkrəm Hümbətovun sonradan Azərbaycanı parçalamaq istəyən etnik separatçı mübarizəsini, Rusiyanın Müdafiə Naziri Pavel Qraçovun bizim fərsiz Müdafiə naziri Rəhim Qazıyevi ciddi cəhtlə müdafiə etməsini. Rusiya kimi bir imperiya varisinin müdafiə naziri hara, bu imperiyaya qarşı mücadilə aparmış müstət və Araz Əlizadə qardaşlarının, eləcə də Leyla Yunusovanın xidmətlərinin təkcə müstəqillik və bütövlük ideyalarına kökləndiyini  iddia etsək sonra bu yalana görə uzun illər vicdan əzabı çəkərik.  Etibar Məmmədovu anlamaqdan ötrü təpəni o qədər qaşıyarsan ki, həmən yerdən sonra keçəllik başlanar, amma milli istiqlaliyyətdən dəm vuran və Leffertova həbsxanasında yatan bu mücahidin fəaliyyətini də tamamilə Bütöv Azərbaycan ideyalarına bağlaya bilməzsən. İsa Qəmbər, Pənah Hüseyn və Əli Kərimli isə tariximizə daha çox Qərb yönümlü siyasətçi, peşəkar müxalifətçi və hakimiyyət sevdalısı kimi düşəcəklər. Yalnız mərhum Əbülfəz Elçibəy Bütöv Azərbaycan ideyasını aşkar şəkildə  gündəmə gətirməklə  mübarizənin ikinci mərhələsini dəqiq müəyyənləşdirdi. Bu mübarizəyə indi sədaqət göstərənlər də az deyil. Sadalasaq böyük bir siyahı alınar. Amma arasında Sabir Rüstəmxanlı və Yunus Oğuzdan savayı köhnə qvardiyanın elitasından çox az adam tapılar. Kimisi Rusiyaya  meyillidir, kimisi İrana işləyir, kimisi məsləhətləri ABŞ, Norveç səfirlərindən alır, kimisi də Türkiyə və İsrailə xidmət göstərir. Milli-azadlıq hərəkatına bir çoxlarının hansı qüvvə tərəfindən  soxulduğu qısa zaman ərzində müəyyən olundu. Keşgə hər şey 20 -22 il əvvəl məlum olaydı. Milli-demokrat adlananlar 1992-ci ildə hakimiyyəti ələ aldıqdan sonra niyə "KQB" arxivlərini açmadılar?  Guya vətəndaş qarşıdurması düşəcəkmiş. Qarşıdurma bunsuz da 1993-cü ildə  düşdü. Arxivləri heç olmasa o ərəfədə və sonra da açmadılar. Çünki ətrafdakıların böyük əksəriyyəti "KQB" cuğulçuları idi. Buna görə də çox şey yarımçıq qaldı. Güclü disident hərəkatının olmaması öz ciddi fəsadlarını üzə çıxartdı. Milli-azadlıq hərəkatı öz fəaliyyətinə tam təbii əsaslarla, tədricən başlamamışdı, uzun və çətin bir yol gəlməmiş, ələnməmiş, təmizlənməmişdi, ideoloji əsasları formalaşmamışdı. Kiçik dissident nüanslarının böyük əksəriyyəti "KQB podvalı"nda bir nimçə borşa uduzmuşdu. Cahid Hilaloğlu, Asəf Kərimov  kimi əsil  fədailər isə artmadan, hələ çoxalmadan, xalqdan dəstək qazanmadan imperiya qullarının zavalına tuş gəlmiş, məhv edilmişdi. 1988-93 il ərzində də bir çox fədailər müəmmalı qətllərin qurbanı oldular. Heç demə bizim milli-azadlıq hərəkatını yaradan bəzi nüanslarla və bu qığılcımları püləyib alova çevirmək istəyən vicdanlı soydaşlarımızla yanaşı, onun üzərinə kənardan "benzin tökməklə" sürətləndirən, idarə edən, əsas mətləblərdən kənarlaşdıran, masonun planına uyğunlaşdıran  bir ayrı  və kənar qüvvələr də  var imiş.  Zaman bunları da agah elədi. Proseslər təbii əsaslarda  getmədiyinə görə müstəqillik  millətə dayanıqlı ruh yüksəkliyi qazandırmadı. Meyvəni gərək yetişdirib dərəsən. Kal meyvəni dərib kənarda yetişdirmək olar, amma dadı ağacdakı kimi olmaz. Fundamental ideoloji əsasların və mübarizə mexanizminin qurulmaması, geniş mübarizə şəbəkəsinin yaradılmaması və rəhbərliyində əsil fədailərin toplanmaması Bütöv Azərbaycan ideyasını diletant səviyyəsinə endirdi. Biz iki parça kimi iki imperiyanın əsarətində olduğumuz halda birinə qarşı xalq olaraq mübarizəyə qalxdıq, amma 2-ci parçamız bu zaman müsəlman hümməti olaraq milli hərəkata ciddi dəstək vermədi. Bir vaxtlar Cənubda qalxmış azadlıq mücadilələrinə də beləcə Şimaldan əməli dəstək gəlməmişdi. Təəssüf ki, 1979- cu ildə Cənubda qalxmış Bəhmən inqilabı da milli xarakter daşımadı  və əsil İslamdan daha çox millətçi fars mollalarının hakimiyyətə gətirilməsi ilə yekunlaşdı. Bu inqilabda müstəsna rol oynamış təbrizli ayətullah Şəriətmədariyə sonra farsların "torba tikdiyini" və ev dustağı edərək öldürdüklərini unutmaq olmaz. Bizim müstəqillik qazandığımız son mücadilə zamanı isə rus- sovet imperiyası onsuz da artıq çürümüşdü. Cənubda da bu prosesin fitilinə od vura  bilsəydik, daha böyük uğur alınardı. Keşgə Cənubda da bir Heydər Əliyev və Əbülfəz Elçibəy doğulaydı. Milli-azadlıq mübarizəsinin dərin köklərə malik olmaması  özünü göstərdi. Ümumiyyətlə, istər Şimalda, istərsə də Cənubda milli mübarizə vahid bir mərkəzdən idarə olunmalı, hər bir hərəkət nəzarətdə saxlanılmalı idi. Biz Sovet imperiyasına qarşı mübarizəyə  heç  də hələ qanımıza hopmamış Bütövlük ideyası ilə qalxmadıq, bizi torpaq itkisi qaldırdı, qaçqınlar və Qərbdən idarə olunan bəzi "KQB"nin mənsublarının qurduğu "Yenidənqurma uğrunda mübarizə" təşkilatları idarə etdi. Ermənilərə qarşı haqlı müharibə bizə torpaq itkisindən daha ağır zərbələr vurdu. Müharibə xalqımıza əsaslı siyasiləşməyə imkan vermədi. Buna görə də mübarizəmiz böyük inqilab, ciddi dəyişiklik, bütövlük uğrunda mücadilə  deyil, müdafiə və etiraz hərəkatı xarakterini aldı. Amma içimizdə Bütövlük ehtiyacı özünü gizlətmirdi. İlk gördüyümüz iş Cənubla aralıqdakı sərhəd məftillərini qırmaq, dirəklərini aşırtmaq, İrana keçmək oldu. Astara körpüsünü keçdikdən sonra Cənubi Azərbaycanda sevincdən necə ağladığımızı, geri qayıtdıqdan sonra  bizi ziyarətə gəlmiş  "həmşəri" qohumların çıxardıb ayaqqabılarımızın altını necə öpdüyünü  indi də xatırlayıram. Bəs nə oldu həmin milli ruha?!   Özünün fundamental əsasları və təşkilati dəstəyi olmadığı üçün cuşa gəlmiş  həmin milli ruh Cənubdan dəstək almadı. Əvəzində farsların gizli əli ilə saqqıza, "pən-pən"ə, "Bakkuşa", toyuq buduna, GMO məhsullara, xülasə, xırda alverə uduzdu. Alverdə bu ona "atdı", o buna fırıldaq gəldi,.. Eynən minilliklər əvvəl yaşanmış Kir və Kires əfsanəsi yenidən təkrar olundu. 1990-cı ilin yanvarında Astara gömrük məntəqəsində dəmir darvazanın ağzına toplaşıb itələşərkən və bu darvazanı aşırtmaq üçün sıxarkən birdən yaxınlıqdakı kazarmanın pəncərəsindən bizə baxan, siqret sümürərək və kütlənin kortəbii hərəkətlərini video-kamera ilə çəkərək, heç nə olmayıbmış kimi danışan, gülən rus-sovet zabitlərini gördüm. Adicə bir quşun və ya dövşanın da sərhəd pozmasına imkan verməyən sovet Sərhəd qoşunları bu mübarizəyə tam loyal durmuşdu. Halbuki, bir əskərin  havaya bir daraq güllə səpməsi kifayət edərdi ki, on dəqiqəyə orada bir nəfər də qalmasın. Millətin böyüklüyü onun həmişə gələcəyə köklənmiş perspektiv  planlarının, strateji hədəflərinin, ideoloji əsaslarının olmasındadır. Bunu isə onun dərin dövlət strukturları, siyasi təşkilatları, lobbiçiliyi, diasporaları müəyyən və idarə etməlidir. Varımızdırmı? Mərhum Əbülfəz Elçibəy bu ideyanı  gündəmə gətirəndə  gec idi, amma heç indi də tamam gec deyil və hər şey itirilməyib. Məhz hazırlıqsızlıq və ciddi təşkilatsızlıq ucbatından səhvlər çox oldu. Demokratlar dilimizin adını dəyişib əvvəlcə türk dili elədilər, bəs ölkənin adını nə üçün dəyişib Şimali Azərbaycan Respublikası etmədilər? 1-ci mərhələ üçün bircə bu kifayət edər və dünyada ikiyə bölünmüş ölkə kimi tanınardıq. Azərbaycanda milli haqları ən çox pozulan həmişə yalnız yerli türklər olmuşdur. Maraqlıdır, talış da, kürd də, ləzgi də, tat da öz milli kimliyini ifadə edə bilir, amma təkcə türklər deyil. Təkcə yerli türklər milli kimlik əvəzinə ərazinin coğrafi mənsubluq adını daşıyırlar. Necə ki, bakılı, lənkəranlı, şəkili yer mənsubluğunu bildirir, elə adda millət yoxdur, eləcə də azərbaycanlı coğrafi mənsubluq ifadə edir. Rusiyalı, fransalı, macarıstanlı adında millət yoxdur, rus, fransız, macar milləti var, eləcə də azərbaycanlı milləti deyil,  türk milləti, oğuz türkləri, azər xalqı var. Azəri yox, məhz azər! Bir yanlışlıq az imiş, indi də ikinci yanlışlıq gəlir - azəri! Biz axı azəri deyilik, bu adda fars mənşəli bir ayrı xalq mövcuddur. Biz Azərbaycan oğuz türkləri olaraq azərlərik. Əvvəlcə milli kimliyimizin əsil adını özünə qaytaraq, sonra cənubda yaşayan soydaşlarımıza sahib çıxaq. Onlar axı özlərini türk qəbul edirlər. Milli kimliyimizin dəqiq adını onların da (33 milyonun) iştirakı olmadan necə düzgün müəyyən edə bilərik? Əgər biz özümüzü millət olaraq azərbaycanlı, cənublu soydaşlarımız isə türk  adlandıracaqsa, biz hansı milli eyniyyətdən danışa bilərik? Biz milli kimliyimizi azərbaycanlı adlandırdığımıza görə farslar  da oradakı  soydaşlarımızı iranlı adlandırır. Üstəlik, hal - hazırda bizim siyasi dairələrdə şiə təriqətinə qarşı ideoloji mübarizə gedir.  Şiəlik isə türkçülükdən sonra bizi birləşdirən ikinci ideoloji məqamdır. Biz Şimalla Cənubu daha da yaxınlaşdıran nöqtələri artırmaq əvəzinə olanları nə üçün aradan qaldırırıq? ABŞ-in özünü idarə edən Beynəlxalq mason bizə milli bütövlük və Böyük Azərbaycan uğrunda müarizədə  dəstək verirmi? Versə də bu, İranın İsraillə düşmən olan hazırkı molla rejimini ölkənin içindən və bizim əlimizlə sarsıtmaq planlarına görə verəcək. Sonradan bir ucu Qafqazda, o biri ucu Fars körfəzinə çıxan böyük bir türk dövlətinin yaranmasında maraqlı olacaqmı? Bunda heç qardaş Türkiyənin daha çox maraqlı olduğunu da düşünə bilmərik. Türk dünyasının lider dövləti olaraq Azərbaycanın tanınması oradakı bəzi qüvvələrin maraqlarına müvafiq deyil.  Ergenekon araşdırmaları zamanı hazırkı Türkiyə iqtidarı onun Bütöv Azərbaycan quruculuğuna yardım planlarını yeni ittihamlar kimi təqdim etdi. Nurçu kimi tanınan bəzi siyasilər də adı şiəliklə bağlanan bütün milli tabulara həqarət ifadə etməkdədirlər. Bu sırada Fazil Mustafanın Böyük Şah İsmayıl Xətaiyə qarşı aşkar həqarətlərini qeyd etməliyik. Hakimiyyətin müəyyən qollarında ciddi mövqelər qazanmış bəzi etnik (kürd, talış, ləzgi) mənsublarının Bütövlük ideyalarına loyallığı və ya xəlvətcə vurduğu zərbələri də kiçiltmək olmaz. Bu minvalla davam edərsə Bütöv Azərbaycan uğrunda mübarizənin mərkəzi Şimaldan Cənuba keçə bilər. Bu daha böyük zaman itkisi yaradacaq. Dünyada gedən proseslərin növbəti dəyişiklik məqamına hazır olmaqdan ötrü isə vaxt itirmək olmaz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00