Daşqın Gülməmmədov: “Ölkənin müsəlman və türkdilli əhalisi mənə səs verəcək”
24 İyul 2013 14:37 Siyasət"OLAYLAR"a açıqlamasında Gürcüstan prezidentliyinə namizədliyi "Gənc Demokratlar" Təşəbbüs Qrupu tərəfindən irəli sürülmüş Daşqın Gülməmmədov ölkədəki seçki mühitini şərh edib. O, bildirib ki, Gürcüstandakı prezident seçkisi ciddi mübarizə şəraitində keçəcək: "Bu əslində gözlənilən və normal bir haldır. Ancaq müsəlmanların yaşadığı Acarıstan MR, Duşeti rayonu, Türkdilli əhalinin yaşadığı Kaxeti və Borçalı (Kvemo Kartli) bölgələrinin elektoratı mənə səs verəcək. Mən inanmıram ki, digər namizədlər Borçalıdan lazımi səs qazana bilsinlər. Bunun ciddi səbəbləri var. Çünki hər seçkidə Borçalı əhalisini vədlərlə aldadıblar. Mənim tərəfdarlarım artıq ciddi təbliğat kampaniyasına başlayıblar. Digər namizədlərə xəbərdarlıq edirəm ki, Borçalıda insanları yenidən vədlərlə aldadıb səs qazanmaq sevdasına düşməsinlər. B.İvanişvili hökümətindən tələbim isə odur ki, demokratik seçki keçirilməsinə şərait yaratsın". D.Gülməmmədov son olaraq qeyd edib ki, xalqın taleyi və əsəbi ilə oynamaq Gürcüstanda ciddi problemlər yarada bilər. ("OLAYLAR" İA)