DAK beynəlxalq təşkilatlara müraciət etdi
24 İyul 2013 14:00 SiyasətDünya Azərbaycanlıları Konqresini beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, artıq 12 gündür Güney Azərbaycan milli hərəkatının 5 üzvü onlara qarşı irəli sürülən ittihama və ədalətsiz məhkəmə qərarına etiraz əlaməti olaraq aclıq aksiyası keçirir. Ana dilində təhsil, mədəni haqlarının və insan hüquqlarının tanınması üçün mübarizə aparan Yeni GAMOH təşkilatının sədri, doktor Lətif Həsəni, qurumun Mərkəzi Komitəsinin üzvləri Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə cəmi iki saat davam edən "istintaq" və "məhkəmə" nəticəsində bir müddət öncə azadlıqdan məhrum edilmişlər: "Azərbaycanlı fəallara aclıq etdikləri müddətdə heç bir tibbi yardım göstərilməmiş, daha yuxarı məhkəmə instansiyası işə baxmaqdan imtina etmişdir. Bu müddət ərzində məhkumlara doğmaları ilə görüş imkanı da verilməmiş, vəkillə təmin edilməmişlər və bütün qanuni haqları tapdanmışdır. Hazırda iş o yerə çatıb ki, məhkumlardan bəzilərinin mədəsində qanaxma başlamışdır. Ölümcül vəziyyətdə olan milli fəallar Tehran zindanlarına göndərilsə də, həbsxana rəhbərləri onların vəziyyətinin ağır olması səbəbindən məhbusları qəbul etməkdən imtina etmişlər. Dünya Azərbaycanlıları Konqresi (DAK) baş verən bu qanunsuzluğu pisləyir və beynəlxalq təşkilatları və dünya ictimaiyyətini bu dövlətdə insan haqlarına qarşı dəhşətli repressiyalara son qoymaq üçün real addımlar atmağa çağırır".