"Milli Şura müxalifətin dağılmasına yönələn layihə idi"

Milli Şura yaradılarkən əsas prinsipləri bəlli deyildi. Bu sözləri Milli.Az saytına açıqlamasında Azadlıq partiyasının sədri Əhməd Oruc bildirib. Onun sözlərinə görə, bu qurum faktiki olaraq üç şəxsin razılığı ilə hazırlanmış siyahı əsasında yaradılıb. "Rüstəm İbrahimbəyovun ətrafında bir koalisiya yaradılacaq deyə bir iddia ilə çıxış edirdilər. Ancaq həmin birliyin özünün xarici qüvvələr ilə bağlı olub-olmadığı, həmin birliyə daxil olan siyasi qüvvələrin sonradan hansı prinsiplərlə fəaliyyət göstərəcəkləri bəlli deyildi. Orada vahid komandanın olacağı da mümkünsüz görünürdü. Çünki orada həm ifrat liberallar, həm də ki ifrat dindarlar var idi", - Ə.Orucv əlavə edib. Partiya sədri hesab edir ki, bu cür qeyri-müəyyənliklər göstərirdi ki, Milli Şura uğur qazana bilməyəcək. Həmin proqnozlar özünü doğrultmağa başlayıb "Orada olan islamçılar artıq öz namizədləri ilə çıxış etmək haqqında danışırlar. Müsavat da öz namizədi ilə çıxış etmək mövqeyindədir. KXCP-nin mövqeyi, ümumiyyətlə, bəlli deyil. Rüstəm İbrahimbəyovun Azərbaycana gəlib-gəlməyəcəyi bəlli deyil. Bilinmir ki, o seçkilərə qatılacaq, ya yox. Yəni Milli Şura ideyası üzdən nə qədər yaraşıqlı görünsə də, mahiyyətcə milli maraqlara uyğun deyildi və müxalifəti iflic vəziyyətə salmaq üçün bir layihə idi", - partiya sədri vurğulayıb. Müxalifətin faktiki olaraq dağınıq halda olduğunu deyən Əhməd Oruc bu dağınıqlığın günahkarı kimi Milli Şuranı göstərib. "Bütün birliklər dağıldı və guya Milli Şura ortaya çıxdı. Milli Şura da seçkilərə az vaxt qalmasına baxmayaraq konkret addımlar atmır", - o vurğulayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00