ABŞ: ”Bəlkə torpaqlarınızı pulla geri alasınız?” - FİKİR
“Ermənilər işğal zonasında təkcə siyasi deyil, həm də iqtisadi və mədəni terror həyata keçirirlər”
23 İyul 2013 16:04 Siyasətİyul ayının 17-də Ukraynanın Kiyev şəhərində "IV Ukrayna-ABŞ Təhlükəszilik Forumu" adlı beynəlxalq tədbir keçirilib. Tədbirdə ABŞ, Böyük Britaniya, Gürcüstan, Moldova, Azərbaycan və digər ölkələrdən nümayəndələr iştirak ediblər. Tədbirdə Azərbaycanı siyasi elmlər doktoru, professor Elman Nəsirov təmsil edib. Politoloq Elman Nəsirov beynəlxalq forum barədə "Olaylar"a danışıb. Elman Nəsirov qeyd edib ki, tədbirin əsas təşiklatçıları qismində ABŞ-Ukrayna Ticarət Palatası, Ukrayna-ABŞ Siyasi Şurası, Kiyev Beynəlxalq Enerji Klubu və digər qurumlar iştirak edirdilər. Politoloqun sözlərinə görə, forum zamanı çox vacib məsələlər müzakirə edilib. "Bu tədbir çərçivəsində ən əsasə enerji təhlükəsizliyi və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində saxlanılıb. Regional təhlükəsizlik məsələləri konteksində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Cənubi Osetiya münaqişəsi, eyni zamanda Dnestryanı bölgədəki vəziyyət əsas müzakirə obyektinə çevrilib. Qeyd etdiyim kimi enerji təhlükəsizliyi məsələləri, xüsusilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi ilə bağlı məsələlər də diqqət mərkəzində saxlanılıb" deyə politoloq öz fikirlərini ifadə edib.
Beynəlxalq forumda Azərbaycanı təmsil edən gənc professorun çıxışı isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı olub. Politoloq mümkün ssenarilər, yollar və onun ətrafında öz mövqeyimi bildirib. Elman Nəsirov xüsusilə də vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə əsasən dinc yolla həllinin tərəfdarıdır. Forum zamanı Elman Nəsirov ölkə başçısının münaqişə ilə bağlı mövqeyini də səsləndirib: "Ölkə başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi bizim danışıqlar prosesinə yeni impuls qatmaq, münaqişəni həll etmək istəyirik. Amma təssüf ki Ermənistan tərəfi danışıqları uzatmaq yolunu seçib. Ermənistan tərəfi maksimum çalışır ki, status-kvo vəziyyətini qoruyub saxlasın. Təəssüf ki həmsədrlərin də göstərdiyi fəaliyyət sıfıra bərabərdir, heç bir irəliləyiş əldə edə və Ermənistanı konstruktiv mövqeyə gətirə biləcək bir addıma imza ata bilməyiblər. Onlar ya bunu istəmirlər, ya da bunu etmək iqtidarında deyillər".
Politoloq forum iştirakçılarının diqqətinə çatdırıb ki, münaqişənin dinc yolla həlli yolları tükənəcəyi təqdirdə Azərbaycan tərəfi beynəlxalq hüquq prinsipləri çərçivəsində münaqişənin hərbi yolla həlli hüququnu da əlində saxlayır.
"Biz heç bir zaman Ermənistan torpağında müharibə deyil, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ ərazisində öz real hüquqlarımızı bərpa ilə bağlı müharibə apara bilərik. Bunun üçün Azərbaycan hər cür potensiala malikdir. Cənab prezidentin də Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş hərbi paradda dediyi kimi "Azərbaycan Ermənistanla istənilən dildə danışa bilər. buna bizim imkan və potensialımız çatır. Lakin biz münaqişəni dinc yolla həll etmək istəyirik""- deyərək fikirlərini bildirib. Elman Nəsirov qeyd edib ki, proseslərin qeyri-dinc yolla inkişafına görə məsuliyyət Ermənistan və onu himayə edən tərəflərin üzərinə düşür. Bu, Azərbaycanın dəyişməz mövqeyidir. Forum zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan nümayəndəsinə çoxsaylı suallar verilib. ABŞ ekspertlərindən biri ölkəmizin nümayəndəsinə belə bir sula ünvanlayıb ki, əgər dinc yolla münaqişəni həll etmək mümkün olmursa, müharibə yolu var, ancaq müharibə yolu əlverişli deyil. Və o qeyd edib ki, bəlkə siz torpaqlarınızı pulla geri alasınız? Elman Nəsirov ABŞ ekspertinin sualını bu cür cavablandırıb: "Ermənistan işğalçı dövlətdir, torpaqlarımız 20 ildən çoxdur ki, işğalda saxlayıb, təbii sərvətlərimizi talayıb. İşğal zonasında təkcə siyasi deyil, həm də iqtisadi və mədəni terror həyata keçirirlər. Ona görə də biz torpaqlarımızı geri qaytarmaq üçün işğalçı dövlətə pul verə bilmərik. Əksinə, Ermənistan ilkin hesablamalara görə, Azərbaycana 300 milyard dollar dəyərində ziyan vurub və biz həmin pulu geri ala bilərik. Heç kim düşünməsin ki, Azərbaycan işğal altında olan torpaqlarına görə işğalçıya pul ödəyəcək. Bu, qeyri-mümkün bir məsələdir". E.Nəsirov həmçinin qeyd edib ki, tədbir çərçivəsində ukraynalı ekspertlər özləri də dəfələrlə bu fikri səsləndirdilər ki, tez-tez Ermənistanda müxtəlif tədbirlərdə olublar. Onlar qeyd ediblər ki, Ermənistanda daxili parçalanma prosesi gedir. Bu gün Ermənistan əhalisini ən çox maraqlandıran məsələ odur ki, hansı ölkəyə getsinlər. Onlar daha çox Rusiya, ABŞ və Ukraynanı seçirlər. Ermənistan əhalisi düşünür ki, bu lənətə gəlmiş ölkəni nə qədər tez tərk edib getsən bir o qədər çox nicat tapmış olarsan. Onlar həmçinin vurğulayıblar ki, siz döyüşü uduzmusunuz, müharibəni uduzmamısınız. Siz bu vəziyyəti qoruyub saxlayın, Ermənistan onsuz da fəlakətə doğru gedir. Gənc professor forum iştirakçılarının Azərbaycanla bağlı fikirlərini ifadə edib: "Beynəlxalq ekspertlər Azərbaycanın gücü, inkişafı barədə necə xoş fikirlərə sahibdirlər. Ölkə prezidentinin son dərəcə ağılli siyasət yeritdiyini qeyd ediblər. Azərbaycan müstəqildir, heç kimin diktəsi ilə siyasət yeritmir. Bu çox müsbət bir haldır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olması da uğur kimi qiymətləndirilib. Bu tədbir bir daha onu təsdiqlədi ki, Azərbaycan beynəlxalq arenada mövqeyi kifayət qədər möhkəmlənib. Bir çox ölkələr sözün həqiqi mənasında Azərbaycana regional lider kimi baxırlar".
Sevda Qurbanqızı