“Ruhani Ağ Evin tələblərinə cavab versə, vəziyyət İranın lehinə dəyişəcək”
Vəfa Quluzadə: “Tehran Qərb və ABŞ-ın aqressiv nəzarətindən çıxmaq üçün bəyanat səsləndirməlidir ki, İran heç vaxt nüvə proqramından nüvə silahı əldə etmək üçün istifadə etməyəcək”
23 İyul 2013 15:49 Siyasətİranın yeni seçilmiş prezidenti Həsən Ruhani avqustun 4-də baş tutacaq andiçmə mərasiminə ilk dəfə olaraq ABŞ və Avropa İttifaqı ölkələrini də dəvət edib. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin sözlərinə görə Həsən Ruhani ABŞ və Avropa İttifaqı ölkələrini andiçmə mərasimində iştirak etmək üçün təklif göndərməklə çox ağıllı gediş edib. Politoloq hesab edir ki, əgər ABŞ və Aİ-dən onun andiçmə mərasiminə nümayəndələr gələrsə, bu Ruhaninin reytinq və avtoritetinə müsbət təsir edəcək: "Sözlə siyasət yumşalmır, çünki siyasəti müəyyənləşdirən milli maraqlardır. Heç də düşünmək lazım deyil ki, Ruhani bu cür göstərici jestlərlə ABŞ-ın İrana qarşı siyasətini yumşalda biləcək. Amerikanın İrana qarşı aqrsessiv siyasət yürütməsinin səbəbləri var. Ruhani Ağ Evin tələblərinə cavab versə, vəziyyət İranın lehinə dəyişəcək. Vaşinqton Tehrandan tələb edir ki, İranın nüvə proqramı tamamilə dinc məqsədlər üçün istifadə edilsin və şəffaf şəkildə həyata keçirilsin; Nüvə proqramını nəzarətdə saxlamaq üçün Qərb nümayəndələri İrana dəvət olunsun. Əsas məsələ də Ruhaninin Ağ Evin bu tələblərinə gedib-getməyəcəyidir. Tehran Qərb və ABŞ-ın aqressiv nəzarətindən çıxmaq üçün bəyanat səsləndirməlidir ki, İran heç vaxt nüvə proqramından nüvə silahı əldə etmək üçün istifadə etməyəcək. İran probleminin kökündə duran əsas məsələ budur. Sevgini ifadə etmək, xoşagələn jestlər göstərmək, isti sözlər demək siyasətdə işləmir". ("OLAYLAR" İA)