“Saakaşvili baş nazirə qarşı əks hücuma başlayıb” - AÇIQLAMA
Elxan Şahinoğlu: “Fakt təsdiqlənərsə, bu İvanişvili üçün təhlükəli hal hesab olunacaq”
22 İyul 2013 17:12 Siyasət"Oktyabr seçkilərindən sonra çoxları Gürcüstanla Rusiyanın münasibətlərinin dəyişəcəyini gözləyirdi, lakin gördülər ki, canavar canavar olmağından əl çəkmədiyi kimi Rusiya da dəyişmir. Əgər əvvəlki hakimiyyət qalsa idi, biz indikindən çox irəli gedə bilərdik. Bu hökumətə, bu baş nazirə Rusiya 2 milyard dollar verib". Gürcüstan prezidenti Mixail Saakaşvili belə deyib. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlunun sözlərinə görə İvanişvili Gürcüstan hakimiyyətinə Rusiyaya dəstək üçün gəlib. Həm Gürcüstanda, həm də Azərbaycanda belə bir təsəvvür var idi ki, İvanişvili Kremlin layihəsidir və Rusiyanın istəklərini həyata keçirəcək. E.Şahinoğlu qeyd etdi ki, İvanişvili də hakimiyyətə gələn kimi Saakaşvilinin siyasi uğurlarının üzərindən xətt çəkməyə başladı, prezidentlə qarşıdurmaya getdi. Amma bunun müqabilində İvanişvili Rusiya ilə münasibətləri tənzimləyə bilmədi: "Bu müddət ərzində çox iş görə bilərdi, lakin heç nə bacarmadı. Dəmiryolu problemini də həll edə bilmədi. Ümumiyyətlə islahatlar istiqamətində də heç nə əldə etmədi. Saakaşvili və komandası da bundan istifadə edərək İvanişviliyə qarşı əks hücuma keçir. İvanişvilinin reytinqini aşağı salmaq üçün bu cür gedişlərdən istifadə edirlər. Rusiyanın İvanişviliyə 2 milyard dolların verməsi barədə məlumatlar düzgün deyil. Fakt təsdiqlənərsə, bu İvanişvili üçün təhlükəli hal hesab olunacaq. Necə ki, baş nazir Saakaşviliyə qarşı dəfələrlə bu cür addımlardan istifadə edib, indiki məqamda da prezident eyni manevrlə İvanişvilini vurmağa çalışır". ("OLAYLAR İA")