"Millət atası" olmaq istəyi, yalanlar və ülgüc təki iti tamah

Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov ABŞ-dakı səfərini başa vurandan sonra Moskvaya yollanıb. Rusiya paytaxtında Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla görüşəcək Eldar Namazov müzakirələr aparacaq. Sabah Bakıya dönəcək Namazovun müzakirə mövzuları bəllidir: prezident seçkiləri, Milli Şura, bu qurumda cəmlənmiş siyasətçilər və partiyaların davranışı, müxalifətin vahid namizədi İbrahimbəyovla bağlı Milli Şuranın özündəki narazılıqların aradan qaldırılması və s. Eyni zamanda, ən əsas müzakirə mövzularından biri, bəlkə də birincisi, xarici ölkələrin Milli Şuranı dəstəkləməsi ilə bağlı deyilənlərlə reallığın arasındakı fərqdir. Milli Şuranın mətbuat xidməti yalnız kağızda olduğundan, Namazov-İbrahimbəyov görüşündə "bəzi detalların müzakirə olunduğu" vurğulanıb. Çox təvazökarcasına, utancaqcasına. Əslinə baxsaq, təəccüblənməli heç nə yoxdur. 1993-cü ildən bəri davam edən çıxışlar, deyilən sözlər, iradlar və iddialar. Dəyişən yalnız bəzi kəlmələr və şəkilçilərdir.
Adamlar, ifadələr, açıqlamalar və məramlar həmindir. Milli Şura yaranandan bəri onun barəsində danışmaq və ya yazmağa əsla dəyməzdi. Çünki layihə uğursuz, məramlar puç, istəklər laübalı idi. Səbəblər də həddən ziyadə. Əvvəla, Milli Şuraya cəm olmuş siyasətçilər, ictimai xadimlər və müxalifətin bir qədər tanınan adamları Rüstəm İbrahimbəyovu seçəndə ciddi səhvə yol verdilər. Bu insan bütün çıxışlarına, şüarçı bəyanatlarına və müsahibələrinə rəğmən, Azərbaycandan çox uzaq insandır. İndi müxalifətçi olduğunu deyən, amma illər əvvəl müxalifətin mövcud dağınıq və xaotik halının formalaşmasında müstəsna rolu olan Eldar Namazovun siyasi reneqatlığı, dünən təhqir edərək aşağıladığı adamlarla "səmimi birlik"də olduğunu deməsi nə qədər təbiidirsə, İbrahimbəyovun siyasətçiliyi də bir o qədər paradoksaldır.
Moskvadakı görüşdə Eldar Namazovla Rüstəm İbrahimbəyovun hansı mövzuları müzakirə etdikləri bəlli. İlk mövzu Rusiyadan verilmiş əmr və göstəriş əsasında yaradılmış Milli Şuranın ilk gündən bəri fəaliyyəti ilə bağlı sifarişçilərə hesabatın hazırlanmasıdır.
Sonrakı mövzu isə İbrahimbəyovun bütün səylərinə rəğmən ABŞ, Avropa Birliyi, Rusiya və Türkiyədən Milli Şuraya dəstəyin gəlməməsidir.
Eldar Namazov durumun səbəblərini əla bilsə də, dayanmır, idefiksdən əl çəkmir, Rüstəm İbrahimbəyovu şirnikləndirməyə davam edir. Stavkalar böyük olduğundan "Milli Şura" adlı layihənin yarımçıq qalması və prezident seçkilərinə qədər daha da aktivləşdirilməməsi siyasi və maliyyə baxımından bəhs etdiyimiz "lider"lərə çox baha başa gələ bilər.
Siyasətdə uduzan, məğlubiyyətini etiraf etmək istəməyən reneqat Eldar Namazov Milli Şuranın sədrini inandırmağa çalışır ki, onun, yəni siyasi "meyit" olan Rüstəm İbrahimbəyovun oktyabr ayında keçiriləcək prezident seçkilərində şansı çoxdur. E.Namazov son aylardakı müsahibələrində fasiləsiz olaraq "xalq, yəni seçicilər Rüstəm İbrahimbəyovu dəstəkləyirlər" sözlərini təkrarlayır. Absurd və yalan kəlmələrdir.
Azərbaycan vətəndaşları indiyədək onların yanında olmayan, xalqın ağır günlərində "mənim xalqım" dediyi insanların dərdini bölüşməyən insana, siyasi "meyit" olduğunu dərk etməyən və hakimiyyətə can atan Rüstəm İbrahimbəyovun siyasi ambisiyalarını bir kənara qoyaraq onun yaradıcılığına, daha doğrusu, "dünyaca məşhur" kinodramaturq və ssenariçi olması barədə iddialarına nəzər salaq.
Rüstəm İbrahimbəyov sırf yaradıcılıq adamı, yazıçı, həm də biznesmendir. O, sənətini də merkantil maraqlarına tabe edən, hər situasiyada mümkün qədər çox gəlir əldə etməyə çalışan insan olmadığını hələ sübut edə bilməyib.
Yaradıcılığa başladığı ilk gündən etibarən, yəni ilk hekayəsi "Molodyoj Azerbaydjana" qəzetində dərc olunandan bəri çalışdığı insanların uğurlarını "unutmağı" şakər edib. Məsələn, "Səhranın bəyaz günəşi" filminin ssenari müəllifi kimi tanıtdırılan Rüstəm İbrahimbəyov son bir neçə ildəki müsahibələrində bir dəfə də olsun, deməyib ki, həmin filmin ssenarisini Valentin Yejov ilə birlikdə yazıb.
Yəni sözügedən filmin ssenarisinin uğurlu alınması, lentin məşhurlaşmasında İbrahimbəyov qədər, Yejovun da əməyi var.
2008-ci ildə müsahibələrindən birində ermənilərə olan rəğbətini gizlətməyən İbrahimbəyov sonradan dediklərini dansa da, faktlar tərs nəsnələrdir.
Ukraynanın xalq artisti, kinorejissor, prodüser və ssenariçi Roman Balayanla əməkdaşlıq, habelə dostluq edən Rüstəm İbrahimbəyov Milli Şuraya sədr seçiləndən və sonra da Azərbaycanda keçiriləcək prezident seçkilərinə vahid namizəd qismində qatılacağını deyəndən sonra nədən bir dəfə də olsun belə, "Roman Balayanın kim olduğunu nə üçün demirsiniz?" sualını eşitməyib.
Çünki İbrahimbəyovu var qüvvələri ilə təbliğ edən insanlar həmin sualı səsləndirmək istəmirlər.
Sərf etmir onlara.
Biz isə Rüstəm İbrahimbəyovun yayındığı suala onu zəhmətə salmamaq üçün cavab da gözləmirik.
Söyləyən deyil onsuz da. Axı necə desin ki, Roman Balayan kinematoqrafda tanınan adam olmaqla bahəm, Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun fəal üzvlərindən biridir. O təşkilatın ki, türk ulusuna, habelə azərbaycanlılara düşmən kəsilib və erməni işğalında olan ərazilərimizdə vəhşiliklərin törədilməsində, Xocalı soyqırımında, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsində əsas səbəbkarlardan biridir.
İndi siyasi arenaya çıxan Rüstəm İbrahimbəyov siyasi özünümüdafiə instinktini işə salaraq yerini möhkəmlətməyə, gəlirlər əldə etməyə və eyni zamanda Bakıdan qisas almağa çalışır.
Prezidenti olmaq istədiyi insanların, mənsub olduğu xalqın dilini pis bilən, eynən Əbdürrəhman Vəzirov kimi danışan R.İbrahimbəyov müəmmalı siyasi istəklərə və qarışıq maraqlara malik olsa da, eqoizmini, başqalarının hesabına tanınmaq və gəlir əldə etmək istəyini heç cür gizlədə bilmir.
Bundan başqa, Rüstəm İbrahimbəyov "Oskar" mükafatının laureatı kimi təqdim olunur.
Amerika Kino Akademiyasının "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" mükafatı verdiyi "Günəşdən usanmışlar" filmində əməyi olar hər kəs "Mən "Oskar" almışam" deyə bilər. Lakin demirlər, çünki gerçəkçi insanlardır.
Filmə verilmiş "Oskar" mükafatı kinorejissor Nikita Mixalkovun evindədir. Və o mükafat tək Mixalkova yox, bütün yaradıcı kollektivə verilib.
Rüstəm İbrahimbəyovun da "Oskar" mükafatının laureatı kimi təqdim olunması göründüyü kimi, kökündən yanlış iddiadır.
Və ən nəhayət 1994-cü ildə 47-ci Kann kinofestivalındakı "Münsiflər heyətinin böyük prizi" mükafatı da N.Mixalkovun evindədir.
Rusiyalı kinorejissor bunları söyləyəndən sonra İbrahimbəyovun aqressiv, emosional hücumlarına məruz qalmışdı.
Ötənlərdə birlikdə çalışmış Nikita Mixalkov və Rüstəm İbrahimbəyovun münasibətləri illər əvvəl pozulub, normallaşma ehtimalı da çox azdır. Gələk başqa məsələlərə. Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri olanda təşkilatın balansında olan çoxsaylı avtomobillər məhz "məşhur kinodramaturqun maraqları"na xidmət etdi, sonra da satıldı.
Məsələn, "Azərbaycan Kinematoqrafçılar Birliyinin qonaqları" üçün nəzərdə tutulmuş "QAZ 13 Çayka" markalı avtomobil əslində toy maşını kimi icarəyə verilirdi. Sizcə, kirayə pulları kimə çatırdı?! MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının Azərbaycan Kinematoqrafçılar İttifaqına ayırdğı 83 min dolların taleyi də maraqlıdır.
Rüstəm İbrahimbəyov həmin məbləğin "banka faiz üçün qoyulduğunu" desə də, pullar müəmmalı şəkildə yoxa çıxmışdı. Azərbaycan Kinematoqrafçılar İttifaqının Şəki rayonunun Kiş kəndindəki sanatoriyasının bir hissəsini "sel apardığı" deyilsə də, həmin ərazi əslində satılmışdı və pullar da təbii, "müdrik və məşhur adam"ın hesabına oturmuşdu.
Bakıda, Həsən Seyidbəyli küçəsində Azərbaycan Kinematoqrafçılar İttifaqı üçün tikilmiş binadakı mənzillərin taleyi barədə Rüstəm İbrahimbəyov niyə danışmır?
Nədən demir ki, həmin binadakı 6 mənzili özününküləşdirmiş, 4 mənzili də kirayəyə vermişdi?
"İbrus" teatrı kimi, "Şərq-Qərb" kinofestivalı üçün İçərişəhərdə qonaq evi qismində tikilmiş bina kimi...
Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdindəki Kino Evinə ayrılmış ərazidə ailəsinə və qohumlarına kotteclər tikdirən Rüstəm İbrahimbəyov Moskvada, Azərbaycan Evi üçün ayrılmış ərazinin satılmasını da danacaq?
Yoxsa "İbrus" şirkətinin çoxsaylı maliyyə əməliyyatlarının olmadığını deyəcək?!
Ola bilər.O da mümkündür ki, Milli Şuranın sədri Şamaxı rayonunda üzümlüklər almadığını, "İbrus" şərab şirkəti yaratmadığını, həmin ərazilərin qanunsuz özəlləşdirilməsinin də "əsassız iddialar" olduğunu söyləsin. Söyləyər, belə davranış Rüstəm İbrahimbəyov üçün yeni deyil.
Sonda onu da yazaq ki, bu adam Azərbaycan prezidenti olmaq istəyir, vicdan, ədalət, demokratiya, xalqın mənafeyindən danışır.Gülüncdür.  Azərbaycan siyasətinin ən paradoksal fiqurlarından olan Eldar Namazov gülüş doğuran açıqlamalar verən adamı "böyük şəxsiyyət" kimi təqdim etsə belə... mlli.a

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00