“AXCP İsa Qəmbərin namizədliyini həzm edə bilmir” - AÇIQLAMA
Elşən Manafov: “Müxalifətdə oturub xarici donor təşkilatlarından maddi yardımlar almaq və qarşılığında heç nə bacarmamağın son nəticəsi məğlub olmaqdır”
22 İyul 2013 15:56 Siyasət"AXCP və Müsavat Partiyası arasında baş verən gərginliyi bu il keçiriləcək prezident seçkilərilə əlaqələndirmək düzgün deyil. Zaman-zaman bu partiyalar arasında gərginliklər olub. AXCP və Müsavat müxalifətin avanqardı və ana xətti olmağa çalışır". Politoloq Elşən Manafov "OLAYLAR"a açıqlamasında belə deyib. E.Manafov hesab edir ki, bu iddialar da partiyalar arasında gərginliklərin yaşanmasına səbəb olur. Keçirilən bütün seçkilərdə Müsavat və AXCP müttəfiq olduqlarını bəyan etsələr də sonda məlum olur ki, vəziyyət heç də belə deyil. Politoloqun sözlərinə görə gərginliyin əsas təbliğatçıları isə partiya funksionerləridir. Zaman-zaman hər iki partiya keçirilən prezident seçkilərinə legitimlik donu geyindirməyə çalışırdılar. Müsavat parlamentdə təmsil olunanda AXCP seçkilərin boykot edilməsinə çalışırdı, parlamentin legitimliyini tanımırdı. AXCP də parlamentdə təmsil olunanda Müsavat da əks taktikanı həyata keçirirdi. E.Manafov qeyd etdi ki, gərginliyin digər səbəbi isə Milli Şurada Rüstəm İbrahimbəyovun vahid namizədliyi ilə bağlı Müsavatın sərgilədiyi mövqedir. İsa Qəmbər mətbuata açıqlamasında dəfələrlə bildirmişdi ki, müxalifət ehtiyat namizəd üzərində düşünməlidir: "Müsavat yaxın günlərdə bir daha bildirdi ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacaqsa, partiya seçkilərə öz namizədilə gedəcək. AXCP də Müsavatın bu addımını həzm edə bilmir. İsa Qəmbər öz mövqeyindən geri çəkilməsə AXCP seçkilərə legitimlik donu geyindirməyə çalışacaq. Maraqlıdır ki, Milli Şurada təmsil olunan partiyaların əksəriyyəti 2008-ci ildə keçirilən prezident seçkilərdinə iştirak etmədilər. Buna əsas səbəb kimi Seçki Məcəlləsində dəyişikliklərin edilməməsini gətirdilər. Lakin Məcəllədə heç bir dəyişiklikliyin edilməməsinə baxmayaraq seçkilərdə iştirak etməyi planlaşdırırlar. Bu gün isə müxalifət bunu boynuna almaq istəmir. Müxalifət baş tutacaq seçkilərdəki növbəti məğlubiyyətini 75 yaşlı Rüstəm İbrahimbəyovun ayağına yazmaq niyyəti güdür. 2013-cü ilin seçkiləri bu mənada Azərbaycan müxalifətinin sonu olacaq. Hakimiyyət istənilən amillərə görə müxalifətdən dəfələrlə üstündür, ona görə bu il də müxalifətin ciddi uğurlara imza atacağı inandırıcı deyil. Çünki müxalifət 20 il bundan qabaq apardığı mübarizəni aparır, o, müasir siyasi texnologiyalardan ümumiyyətlə istifadə etmir. Mitinq taktikası bu müxalifətin əsas siyasi metodologiyalarından biridir. Bu mənada müxalifətin hakimiyyətə qarşı mübarizəsi deklorativdir. Müxalifətdə oturub xarici donor təşkilatlarından maddi yardımlar almaq və qarşılığında heç nə bacarmamağın son nəticəsi məğlub olmaqdır". ("OLAYLAR" İA)