Ermənistanın təhlükəsizliyinin qaranatı bu ölkəyə yatırılacaq Azərbaycan investisiyasıdır

Bundan əvvəl isə Sərkisyan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı tərəfini dəstəkləməlidir

Ermənistan iqtisadiyyatının ümumi dəyəri 8 milyard dollardır. Ölkə  təbii sərvətlərdən tamamilə məhrumudur, Rusiyadan enerji asılığı var. Rus şirkətləri ilə imzalanan müqavilə əsasında Türkmənistandan qaz alır. İqtisadi potensialı olduqca aşağı qiymətləndirilən Ermənistan dünya ilə sərbəst ticarət bazarını 22 ildir "keçid dövrü"ndə saxlayır. Coğrafi relyefinin (90% dağlıq) əlverişsiz olması və yüksələn xətt üzrə inkişaf edən infilyasiya kənd təsərrüfatını digər iqtisadi sahələr kimi məhv edib. Sənayeləşmə isə demək olar ki yoxdur, bu sahənin çökməsi ölkə iqtisadiyyatını hiperinfiliyasiyaya sürükləyir. Yoxsulluğun səviyyəsi az qala 50%-ə (rəsmi statistikada 26-30% göstərilir) çatıb, iqtisadi səbəblərə görə ermənilərin sürətlə ölkəni tərk etməsi dövlətin çoxlu sayda ixtisaslı kadrını itirməsi deməkdir. Rəsmi statisikada Ermənistan əhalisi 3.3 milyon göstərilir, yoxsulluğa görə ölkəsindən qaçan ermənilərin sayı isə 2.8 milyondur. Ermənilər gündəlik 1.5-2 dollardan da aşağı pula yaşamaq məcburiyyətindədirlər. Korrupsiya hakimiyyət tərəfindən iqtisadiyyatın xüsusi sahəsinə çevrilib, dövlət sektorlarında açıq şəkildə rüşvət bazarı yaradılıb. İqtisadiyyatın özəlləşdirmə sektorunda sui-istifadə halları və qeyri-qanuni qaydalar geniş yayılıb. Razdan İstilik Elektrik Stansiyası, Zvartnos Beynəlxalq Hava Limanı, İrəvan Konyak zavodu, Metsamor Atom Elektrik Stansiyası, "Armentel" Telekommukasiya Sistemi, ən böyük mehmanxanalar külli miqdarda dövlət borcunun bir hissəsinin silinməsi qarşılığında Rusiyaya verilib. Ölkə turizm sezonunu ildə 15-20 min əcnəbilə (Rusiya, Gürcüstan və digər post-sovet ölkələri) yola verir. 1 ABŞ dolları 470 erməni dramına dəyişdirilir. Ermənilər dövlət və özəl sektorların əksəriyyətində aylıq 50-80 dollara işləməyə məcburdurlar. Hərbçilərə 32 500 dram (təxminən 80 dollar) əməkhaqqı verilir.  Xidmət və inşaat sektorlarında inkişaflar gözə çarpmır. Dövlət ən yaxşı halda Sovet dönəmindən qalmış tikililəri təmir etdirə bilir. Ermənistanın xarici dövlət borcu 10 milyard, daxili borcu isə 2 milyard dollara çatır. İqtisadiyyatdakı idxalat və ixracat prosesləri yalnız xaricdəki erməni lobbisi və diasporasının hesabına həyata keçirilir. Rusiya, Gürcüstan, İran, Çin, Ukrayna və bəzi Avropa dövlətləri əsas ticari əlaqə saxladığı ölkələrdir. İxracat sahəsində 900 milyon dollar gəlir əldə edildiyi halda, idxalatda bu rəqəm 5 milyard dollardır. Ermənistan Madaqaskardan sonra dünyada ikinci ən pis iqtisadiyyata sahib olan dövlətdir. 

Xəstə Ermənistan və Dağlıq Qarabağ

İqtisadi çöküşü inkişafından dəfələrlə yükəsk olan Ermənistan Respublikasının prezidenti Serj Sərkisyan isə bir müddət əvvəl dövlət televiziyasında iştirak etdiyi proqramda erməni gənclərin suallarını cavablandırdı. Sərkisyan skandala əl ataraq Ermənistanın uzaq hədəfləri barədə yeni nəslin qarşısında vəzifələr təyin etdi. Erməni şagirdin "Qərb torpaqlarımızı (Türkiyənin Şərq hissəsini nəzrdə tutur) Ağrı dağı ilə birlikdə geri qaytara bilərikmi?" sualına prezident bu cür cavab verdi: "Bu sizin nəslinizə bağlı olan məsələdir. Məsələn, mənim nəslim üzərinə düşən vəzifəni müvəfəqiyyətlə yerinə yetirdi. 90-cı illərdə vətənimizin bir parçası olan Artsaxı (Azərbaycanın Qarabağ torpaqlarını nəzərdə tutur) düşməndən azad etdik. Hər nəslin qarşısında duran bir vəzifəsi var. Hər şey sizin gələckdə üzərinizə düşən vəzifələrinizi yerinə yetirib yetirməyəcəyinizdən asılıdır. Biz erməni xalqı həmişə anka quşu kimi külün içərisindən dirilib ayağa qalxmağı bacarmışıq. Ermənistan müasir və etibarlı iqtisadiyyatda müvəffəqiyyətli ölkə olsa, etibarı həmişə yüksək olacaq!". Ermənistanın dövlət kimi çökməsinin arxasında duran əsil səbəblər də məhz Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin uzadılması və absurd erməni iddialarıdır. 1991-94-cü illər aralığında Azərbaycana məxsus Qarabağ torpaqlarının Rusiya ordusu tərəfindən işğal edilərək Ermənistana verilməsi erməni dövlətinin dünyadan tamamilə təcrid olunması ilə nəticələndi. Cənubi Qafqazın dünyaya açılan qapısı kimi xarakterizə edilən Azərbaycanın və Türkiyənin sırf həmin problemə görə sərhədlərini ermənilərin üzünə bağlaması, o cümlədən Rusiyanın Gürcüstana məxsus Cənubi Osetiya və Abxaziya ərazilərini işğal etməsi Ermənistanı küncə sıxışdırdı. İranın strateji cəhətdən əlverişli mövqedə yerləşməməsi də erməniləri bölgədə pis vəziyyətdə saxlayır. Cənubi Qafqazda əsas söz sahibi olan Azərbaycanın regionda həyata keçirdiyi beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdə iştirak etməməsi də Ermənistan iqtisadiyyatın hiperinfiliyasiyaya sürüklənməsinə təkan verir. Məsələnin ən maraqlı tərəfi isə dövlətin çökməsinə baxmayaraq hakimiyyətin Azərbaycan, Türkiyə və Gürcüstana torpaq iddiası irəli sürməsidir. Ermənilərin "Böyük Ermənistan" yaratmaq iddiası dövlətin sonu ola bilər. Ermənistanın vəziyyətdən yeganə çıxış yolu isə ermənilərin Rusiyadan imtina etməsi və bölgə dövlətləri ilə uzlaşma siyasətinə getməsidir. Ermənistan dövlətinin gələcəkdəki varlığının yeganə qarantı isə bu ölkəyə yatırılacaq Azərbaycan investisiyasıdır. Bundan əvvəl isə Sərkisyan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı tərəfini dəstəkləməlidir. Əks təqdirdə vəziyyət ermənilərin istəmədiyi istiqamətə inkişaf edəcək. Bu isə yaxın gələcəkdə tərtib olunacaq dünyanın fiziki xəritəsində Ermənistanın nəzərə alınmaması ilə nəticələnəcək.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00