"Milli Şura tərəfindən irəli sürülən namizədin..."
22 İyul 2013 13:14 SiyasətMəlum olduğu kimi Milli Şura vahid namizəd seçsə də, quruma daxil olan partiyaların irəli sürdükləri namizədlər də var. Rüstəm İbrahimbəyov vahid namizəd seçilib, lakin quruma daxil olan Müsavat Partiyasının başqanı İsa Qəmbər və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu hələ də namizədliklərini geri çəkməyiblər. Belə olan halda bir təşkilatdan üç namizəd var. Bəs bu üçtirəlik vəziyyətində Milli Şuranın seçkilərdə uğur qazanması nə dərəcədə realdır? Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa ilə əlaqə saxladıq. Millət vəkili Milli.Az-ın əməkdaşının suallarına cavab verərkən bildirdi ki, o cinahda hətta bir namizəd olsa belə, effektsiz olacaq. "Azərbaycan cəmiyyətinin reaksiyasına baxmaq lazımdır. Milli Şura yaranandan sonra Azərbaycan cəmiyyətində hansısa bir təlatüm, hansısa bir buna dəstəkverici bir hadisə müşahidə olundumu? Yox! Yenə dar bir siyasi çevrənin gözləntilərindən uzağa gedilmədi. Ona görə də bu, cəmiyyətdə hansısa bir impulsları ortaya qoymursa, hansısa bir həyəcanlanma yaratmırsa, namizəd beş olsun, on olsun, lap bir olsun və hamı bu namizədi qəbul eləsin, yenə də xeyri olmayacaq", - o əlavə edib. F.Mustafa hesab edir ki, Milli Şura tərəfindən irəli sürülən namizədin və quruma daxil olan digər partiyalardan olan namizədlərin ideyaları effektli deyil. Millət vəkili hesab edir ki, namizədlərin sayının məhdudlaşması və vahid bir namizəd üzərində uzlaşma ilə vəziyyət dəyişməyəcək. Onun sözlərinə görə, bütün hallarda yeni ideyalar gəlməli və Azərbaycan cəmiyyətini maraqlandıran addımlar atılmalı idi. Lakin Milli Şuranın yaradılması ilə bunların heç biri edilmədi.
"Bunların olmadığına görə, belə olan halda Milli Şuranın revanş götürmək imkanları minimuma bərabərdir", - vurğulayıb.
Teymur Hacıyev
Milli.Az