AntiAzərbaycan qüvvələri nədən fəallaşıblar?
İlham Əliyev: “Azərbaycanda bu kimi qətnamələrə heç kim fikir vermir və onlar bizim işimizə təsir edə bilməz”
19 İyul 2013 19:07 SiyasətAzərbaycanın iqtisadi və siyasi uğurlarının artması dünyanın inkişaf etmiş ölkələri, eləcə də beynəlxalq və regional təşkilatlar tərəfindən qısqanclıqla qarşılanır. Məhz bu səbəbdən bir sıra beynəlxalq təşkilatlar Azərbaycana qarşı çirkin kampaniya əl atıblar. Azərbaycanın müstəqil dövlət kimi uğurlarını həzm edə bilməyən həmin təşkilatlar müxtəlif üsul və vasitələrlə ölkəmizə qarşı təzyiq metodunu seçiblər. Təəssüf ki, bəzi təşkilatlar dəfələrlə bu cəhddə bulunaraq ifşa olunmalarına baxmayaraq indinin özündə də əməllərindən əl çəkmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Elə götürək Avropa Şurası, Avropa Parlamenti kimi mötəbər qurumları. Yaxud, "Freedom House", Human Rights Watch kimi təşkilatlar.
Sirr deyil ki, bu qurumlar sözdə özlərini demokratiya, insan haqları kimi bəşəri dəyərlərin carçısı kimi təqdim etsələr də çıxardıqları qətnamələri ilə çirkin oyunların oyunçuları olduqları nəzərdən qaçmır. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycanda bu kimi qətnamələrə heç kim fikir vermir və onlar bizim işimizə təsir edə bilməz. Dövlət başçısı əlavə edib ki, son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır. 750 deputatı olan Avropa Parlamenti 30-40 eyni deputatın iştirakı ilə prosedur boşluqlardan istifadə edərək üç anti-Azərbaycan qətnamə qəbul edib: "Son bir il ərzində anti-Azərbaycan, Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən və ermənipərəst qüvvələr Azərbaycana qarşı fəaliyyətini gücləndirmişlər. Ölkəmizin uğurlu inkişafı, müstəqil siyasəti və hər bir beynəlxalq məsələ ilə bağlı bizim konkret mövqeyimiz heç də hamını qane etmir. Azərbaycanın daxilində hökm sürən sabitlik, xoş əhval-ruhiyyə, xoş ovqat bu gün böhran içində yaşayanları sevindirmir". İ.Əliyev qeyd edib ki, son illər ərzində Azərbaycanın fəal işləri və beynəlxalq nüfuzunun artması bir çox beynəlxalq təşkilatlarda ölkəmizlə bağlı dolğun məlumatların formalaşmasına gətirib çıxarıbdır. Ancaq yenə də qərəzli insanlar, Azərbaycanın uğurlarını qəbul edə bilməyən deputatlar var ki, onlar mütəmadi qaydada Azərbaycana hücum etməyə cəhd göstərirlər.
Dövlət başçısının çıxışından da bəlli olur ki, yalnız qərəzli, özünə prinsip kimi anti-Azərbaycan fəaliyyət seçmiş şəxslər ölkəmizə qarşı qərəzli hərəkətləri ilə seçilirlər. Burada ermənipərəst qüvvələrin təsiri də nəzərdən qaçırılmamalıdır. Məhz belə qüvvələrin iş birliyinin nəticəsidir ki, Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən biri olmasına, Avropa İttifaqı ilə assosiativ saziş hazırlanmasına baxmayaraq bu qurum tərəfindən təzyiqlərə məruz qalır. Əldə olunan informasiyalar dəqiqləşdirilmədən Avropa Parlamentinin plenar iclasında müzakirəyə çıxarılması və tələm-tələsik qətnamə qəbul edilməsi sözün həqiqi mənasında anlaşılan deyil. Gün kimi aydındır ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli mexanizm var. Belə bir halda Azərbaycanın insan hüquqlarını pozan bir dövlət kimi Avropa Parlamentində müzakirəyə çıxarılması qeyri-obyektiv hal kimi qiymətləndirilməlidir. Çünki bu, Avropa İttifaqının Azərbaycanla bağlı siyasətini fərqli istiqamətə yönəltməyə cəhddir. Xatırladaq ki, belə bir cəhdlərdən biri Human Rights Watch təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Brüsselə səfəri öncəsi hazırlanaraq 18 iyun 2013-cü il tarixdə Avropa Komissiyasının Prezidenti cənab Xose Manuel Barrozoya ünvanlanmışdı. Müraciət müəllifləri bu dəfə də nəinki öz ənənələrinə sadiq qalıblar, onlar hətta "xeyli irəli gedərək" məktubun əvvəlində cənab Barrozonu Prezident İlham Əliyevlə baş tutacaq görüşdə "Azərbaycanda insan hüquqlarının vəziyyətinin dayanmadan pisləşməsi ilə bağlı Avropa İttifaqının dərin narahatlığını açıq qeyd etməyə" və "Avropa Parlamentinin ötən həftə qəbul edilmiş təcili qətnaməsinə müvafiq olaraq, konkret irəliləyişlərə vadar etməyə" çağırırdı. Elə Avropa Şurasının "siyasi məhbus" təzyiq metodu da həmkarlarından fərqlənmir. Maraqlı məsələlərdən biri də ondan ibarətdir ki, sözügedən beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanla bağlı vacib hadisələr ərəfəsində qeyri-obyektiv və qərəzli xarakterli müraciətlərin hazırlanması və xüsusi canfəşanlıqla müxtəlif ünvanlara çatdırılması adi hala çevrilib. Bu müraciətlərin əsas məqsədi Azərbaycanı nüfuzdan salmaq, onun beynəlxalq imicinə zərbə vurmaqdan ibarət olub. Lakin bütün edilən cəhdlərə baxmayaraq Azərbaycan müstəqil dövlətdir və istənilən beynəlxalq təşkilatlarla münasibətləri hüquq bərabərliyi əsasında qurur. Bunun müqabilində isə heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz.
Alim