Yeni Azərbaycan Partiyası jurnalistləri mükafatlandırdı

Əli Əhmədov: “Cəmiyyəti mətbuatsız təsəvvür etmək mümkün deyil”

22 iyul-Milli Mətbuat Günü ərəfəsində Yeni Azərbaycan Partiyasında ənənəyə sadiq qalaraq ölkənin bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.  Görüşdə çıxış edən hakim partiyanın sədr müavini Əli Əhmədov deyib ki, cəmiyyəti mətbuatsız təsəvvür ermək mümkün deyil. İnformasiyanın, ölkənin həyatı üçün mühüm əhəmiyyət kəsb edən məlumatların cəmiyyətə çatdırılmasında mətbuatın xüsusi rolu olduğunu vurğulayan Əli Əhmədov ölkədə mətbuatın durumundan da bəhs edib. Bildirib ki, Azərbaycan hökuməti kütləvi informasiya vasitələrinin normal fəaliyyəti üçün istənilən şəraiti yaradır: "Azərbaycan hökuməti öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bu gün qətiyyətlə deyə bilərik ki,  mətbuatın fəaliyyətinə Azərbaycan hökuməti tərəfindən ciddi dəstək var". Hakim partiyanın rəsmisi hesab edir ki, məhz bu dəstəyin nəticəsində Azərbaycanda çoxsaylı qəzetlər nəşr edilir, yeni elektron kütləvi informasiya vasitələri yaranır. Əli Əhmədovun sözlərinə görə, hökumətin mətbuata verdiyi dəstəyin bir nümunəsi də jurnalistlər üçün yaşayış binasının tikintisidir. YAP rəsmisi Azərbaycan hökuməti tərəfindən daim kütləvi informasiya vasitələrinin fəaliyyətinə yardım göstərildiyini diqqətə çatdırıb. Bildirib ki, zaman-zaman kütləvi informasiya vasitələrinə dövlət tərəfindən yardım ayrılıb, onların Azərbaycan nəşriyyatına olan borcu silinib: "Tam əminliklə deyə bilərik ki, Azərbaycanda mətbuat nümayəndələri özlərini sərbəst hiss edirlər. Ancaq təəssüflər olsun ki, bəzi hallarda bundan sui-istifadə edir azad söz məfhumunun çətiri altında insanlara qarşı mənəvi terror edir, təhqirə yol verirlər. Belə halları mətbuata ləkə kimi qiymətləndirmək olar. Hesab edirəm ki, söz, mətbuat azadlığı insana qarşı çevrilməməlidir. Ancaq sevindirici hal ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən əksər kütləvi informasiya vasitələrinin işi sağlam təməllər üzərində qurulub". Azərbaycanda jurnalistlərin öz peşə bayramlarını layiqli şəkildə qeyd etdiklərini diqqətə çatdıran Əli Əhmədov Yeni Azərbaycan Partiyasının da həmişə kütləvi informasiya vasitələrinə həssas yanaşdığını söyləyib. Çıxışında bu ilin oktyabrında ölkədə keçiriləcək prezident seçkilərinə də toxunan Yeni Azərbaycan Partiyasının sədr müavini qeyd edib ki, təmsil etdiyi partiyanın prezidentliyə namizədi cənab İlham Əliyevin namizədliyi Azərbaycan cəmiyyətinin əksəriyyəti tərəfindən dəstəklənir. Əli Əhmədovun sözlərinə görə, Azərbaycanın 10 illik tarixinə insanların vermiş olduğu qiymətdir. YAP-ın sədr müavini deyib ki, Azərbaycan vətəndaşları növbəti 5 ilin yüksək inkişaf və bu inkişafın etibarlı zəmin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etməsini istəyir. Bu səbəbdən xalqın böyük əksəriyyəti İlham Əliyevin namizədliyini dəstəkləyir. Əli Əhmədov qeyd edib ki, Azərbaycan cəmiyyətinə xas olan bu ovqat kütləvi informasiya vasitələrinə də məlumdur.

Sonda Əli Əhmədov ölkədə fəaliyyət göstərən televiziya kanalları və bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələrini 22 iyul-Milli Mətbuat Günü münasibətilə təbrik edib və onlara Yeni Azərbaycan Partiyasının hədiyyələrini təqdim edib.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00