Azərbaycandakı uçmayan UNO-lar və onları itələyən ümidsizlər
19 İyul 2013 15:28 Siyasət"Bu insanın bizə verdiyi vədlərə inanırsınızsa, onun gözlərinə baxın. Diqqətlə baxın və dərk edəcəksiniz ki, nə qədər yanılırsınız" ("Vanity Fair: A Novel without a Hero", William Makepeace Thackeray)
"Biz indiki vəziyyətimizə gəlmək, dağınıq qüvvələri birləşdirmək üçün çox tər tökmüşük", "birlik qan-tər bahasına başa gəlir", "tər tökməyən bəhrəsini görməz". Azərbaycan müxalifətini birləşdirdiyini, vətəndaşları ağ günə çıxaracağını vəd edən Milli Şuranın rəhbərliyi və funksionerlərinin lüğətlərində möhkəm yer almış ifadələr sıralamasından bəzi iqtibaslardır bunlar.
Tər tökdüklərini deyirlər.
Halbuki...
Qədim Çində, Szin sülaləsinin hakimiyyəti dönəmində ən məşhur təbiblərdən biri Bao Fen Çjin yanına gələn və gətirilən xəstələrin mərəzlərini onların tər qoxusu ilə bəlirləyirdi. O deyərdi ki, insan tərləyəndə xəstəlikləri ilə yanaşı, hisslərini, niyyətlərini və hətta qorxularını da büruzə verir. Çjin onu da söyləyirdi ki, yalan danışan insanın vücudundakı Yan-Si tər zamanı zəifləyir. Yəni tər hisslərin, niyyətlərin və səhhətin mövcudluğunun bir hissəsi olan patogen amildir.
Rüstəm İbrahimbəyovun sədrlik etdiyi Milli Şuranın patogenliyi sual doğursa da, tər məsələsi bir qədər önəmsizdir. Çünki həqiqətlə yalan tərinin fərqi var və bunu Çjin minillər əvvəl söyləmişdi. Onun sözləri indi bir daha təsdiqlənir. Vacib olanı Azərbaycanda oktyabr ayında keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək istəyən Rüstəm İbrahimbəyovun ambisiyaları, həmçinin o ambisiyaları körükləyən şəxslərdir. Başlanmış oyunda pərdəarxasında duran qüvvələrlə işimiz yox. Zatən onlar bəllidirlər və özlərini "Milyarderlər İttifaqı" adlandırsalar da, məramları seçkilər ərəfəsində Rusiyadan Azərbaycana təsirlər göstərərək sırf şəxsi maraqlarını təmin etməyə çalışan adamlardır. Ad çəkib soyad sadalamağa ehtiyac qalmır, çünki yaradılan və psevdodiaspor təşkilatı kimi qələmə verilən struktur sırf Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi yerli müxalifət düşərgəsinə təzyiqlər göstərərək illərdən bəri dağınıq qüvvələri bir araya gətirməkdir. Şimaldan cənuba, Bakıdakı müxalifətçilərin aralarındakı insanlara göstərişlər verildi və onlar da daha çox əmrə bənzəyən həmin "dost tövsiyyə"lərini sürətlə yerinə yetirməkdədir. Axı pullar alınıb, vədlər verilib, öhdəliklər götürülüb. Pulları verən insanlar sifarişlərinin tam yerinə yetirilməsini istədiklərindən hələlik sərt danışmırlar. Amma göstərişləri yetərincə konkretdir: ayda ödənilən məbləğə görə də gündəmdə oynanılası tamaşa olmalıdır. Həmin tamaşanın baş qəhrəmanı hələlik Rüstəm İbrahimbəyovdur. O şəxs ki, son aylaradək siyasətdən çox uzaq olduğunu desə də, indi onu dikəldib yekəldən insanların səylərinə etiraz etmədiyini vurğulayaraq prezident seçkilərinə Azərbaycan müxalifətinin vahid namizədi kimi qatılmaq istəyir. Oyunun üzdə olan personajları ilə yanaşı, hələlik çox danışmağa üstünlük verməyənləri də var. Onlar Lalə Şövkət və Eldar Namazovdur. İllərdən bəri müxalifətdə qalaraq özlərinə səbatlı yer tuta bilməyən, sürəkli olaraq radikallaşma və liberallaşma mərhələlərindən keçən, bravur bəyanatlarına rəğmən real nəticəsi olan işlər görə bilməyən sözügedən siyasətçilər indi R.İbrahimbəyovu merkantil siyasi mənafelərinin gerçəkləşdirilməsi üçün "İsmayıl qurbanı" seçiblər. Eldar Namazov son aylarda xeyli fəallaşmışdı və ilk əvvəl bu aktivliyin yerli müxalifət müstəvisindəki səbatlı mövqelərə yiyələnmək cəhdləri olduğu iddia edilirdi. Lakin zaman keçdi və bəlli oldu ki, müxalifət düşərgəsindəki məsləhətləşmələrin leytmotivini, məhvərini Milli Şura adlı strukturun yaradılması təşkil edir.
Şura yaradılmalıydı. Nəyin bahasına olursa-olsun, çünki sifariş bu idi və müştərilər də çox gözləyən deyildilər. Onların səbri daralmamış, məqsəd üçün başqa adam seçilməmiş ortaya "kompromis fiqur" kimi təqdim ediləsi həvəskar və siyasətdə bacarıqsız adam atılmalıydı. O adam şəxsi qisas və siyasi tamah hisslərinə güc gələ bilməyən Rüstəm İbrahimbəyov oldu. R.İbrahimbəyov Milli Şuraya sədr seçiləndən sonra Eldar Namazovla Lalə Şövkət kölgəyə çəkiliblər. Guya onlar müxalifətin birliyinə can atır və bütün tərəflərin mövqelərinin nəzərə alınmasına çalışırlar. Çi fayda - Namazovla Şövkətə inananlar az, çox azdır. Etibar Məmmədov, Sərdar Cəlaloğlu, Arif Hacılı oyunun konturlarını sezdiklərindən səbr kasası daşmış insanlar kimi danışırlar. Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı aşkar şəkildə deyir və indiyədək dəfələrlə təkrarlayır ki, Rüstəm İbrahimbəyov siyasətdə ağırçəkili fiqur deyil. Daha sonra o, üstüörtülü şəkildə işarə vurur ki, Müsavat Partiyası prezident seçkilərini boykot etmək niyyətində deyil, üstəlik müsavatçıların da konkret namizədləri məhz İsa Qəmbərdir. Müsavat başqanı çox təcrübəli siysətçi olduğundan hələlik taktiki gedişlər edir, guya Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləyir. Halbuki İ.Qəmbər "ehtiyat variant"ı çoxdan hazırlayıb və indi, sadəcə, Eldar Namazovla Lalə Şövkətin "vahid namizəd" məsələsindəki absurd səylərini müşahidə edir. AXCP sədri Əli Kərimli də "protest davranışı" seçərək Rüstəm İbrahimbəyovu dəstəklədiyini deyir. Fəqət, mərhum Əbülfəz Elçibəyin AXC sədri olduğu dönəmlərdə "Yurd" qruplaşmasının lideri olan, sonradan voluntarist qərarları və "köhnə"cəbhəçilərə olan barışmaz mövqeyi nəticəsində partiyanı bir neçə yerə parçalayan Ə.Kərimli kinodramaturq İbrahimbəyovun siyasi fiqur olmadığını, onun siyasi perspektivlərinin total sıfıra bərabər olduğunu bilir. Yaxşı bilir, amma İbrahimbəyova dəstək verdiyini deyir. Çünki o, əslində Müsavat başqanının onu ötməsi, irəliyə keçməsini istəmir və bəhs etdiyimiz mövqe "yurdçu"larla müsavatçılar arasında illərdən bəri davam edən kəskin antipatiyanın indi sosial şəbəkələrdən tutmuş, offlayn və onlayn mediada qarşılıqlı suçlamalaradək genişlənməsində görə bilərik. Müsavatçılar hələlik səslərini ucaltmırlar və başqan İsa Qəmbərin mövqeyinin konkret bəyan etməsini gözləyirlər. Onlar partiyanın yanvarın 4-də keçirilmiş qurultayında qəbul edilmiş qərarı unutmayıblar və dəyişməyiblər. O qərar isə İsa Qəmbərin prezident seçkilərinə namizəd qismində qatılmasını nəzərdə tutur. Müsavatçılar hələlik Eldar Namazov və Lalə Şövkət barədə də danışmırlar. Sadəcə, hələlik. Çünki adları çəkilən siyasətçilər kənardan idarə olunan qüvvələrin aşkar təsiri altında olduğu sezilən Rüstəm İbraşimbəyovun nəyin bahasına olursa-olsun, "müxalifət Olimpi"nə çıxarılmasını diqqətlə müşahidə edirlər. Sonrası bəllidir: zorən namizədin fiaskosu əyan olan təki İsa Qəmbər ön plana çıxacaq, prezidentliyə namizədliyinin qeydə alınması üçün 40 min imzanın toplanmasına start veriləcək.
Və onda Eldar Namazov, Lalə Şövkət və Əli Kərimli triadası son vasitələrə əl atacaqlar. O vasitələr isə onillər boyu təkrarlanan ittihamlar, suçlamalar, iradlar və ilaxırdır.
Yəni aşkar pat vəziyyəti. Çünki Müsavatın bütün müxalifəti birləşdirmək potensialı, Rüstəm İbrahimbəyov və Milli Şuranın isə sosial bazası yoxdur. Bütün müxalifət təki. Rüstəm İbrahimbəyov isə deyəsən, oyundan vəcdə gəlib və özündənrazı bəyanatlarla usta siyasi oyunçuları qəzəbləndirməyə davam edir. Kinodramaturq özünə o qədər inanıb ki, son bəyanatlarında "mən olmasaydım, müxalifət birləşə bilməzdi" fikri leytmotiv kimi səslənir. Gülünc və absurd bəyanatları dayandırmaq əvəzinə, kinodramaturq daha da sərtləşir. Halbuki o, xaricdə özünə hamilər axtardığını dolayı yolla etiraf etmək əvəzinə, Azərbaycandakı orta stastistik seçicidən "Məni prezident görmək istəyirsinizmi?" soruşa bilərdi. İbrahimbəyovun eşidəcəyi cavabın onu pərişan edərək qüssələndirəcəyi ehtimalı böyükdür.
Milli Şura barədə yazmaq istəməzdik, çünki eyni uğurla uçan naməlum obyektlər (UNO) barədə təhlillər aparmaq olar.
Amma bir məsələ var.UNO-nun olmamasını tam dəqiqliklə demək çətindir. Yarandığı gündən ay yarım ötməsinə rəğmən şüarçılıq, bəyanatpərdazlıq və dartışmalarla məşğul olaraq heç bir iş görə bilməyən Milli Şuranın real siyasi qüvvə olması, ələlxüsus da bu "qurum"un sədri Rüstəm İbrahimbəyovun siyasətçi potensialından bəhs etmək mümkünsüzdür. Birləşmə və vahid mövqe bir yana - inamın və etibarın olmadığı qurumdakılar hansı perspektivlərdən, mübarizədən danışırlar - ümidsizlərin itələyib işə salmağa çalışdıqları, amma əlləri havadan asılı qalanların arzuladıqları UNO-lar bilər yəqin. milli.az