“...Ermənistan Dağlıq Qarabağdan imtina edəcək” - POLİTOLOQ
Mübariz Əhmədoğlu: “Erməni hərbçilər dükanlara girərək silah gücünə ərzaq əldə edirlər, yeməkdən ötrü bir-birlərini öldürürlər, bütün ordu sıralarında özbaşnalıqlar tüğyan edir”
18 İyul 2013 16:49 SiyasətSiyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu "Qarabağ saat"ında son zamanlarda Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışdı:
"Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində cərəyan edən hadisələr Azərbaycanın lehinədir:
- Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqeyi danışıqların dinc həll yolu erasını başa çatdırdı. İstənilən halda Azərbaycan hüquqlarını bərpa etmək üçün müharibə variantına əl ata bilər. Lakin məsələnin sülh yolu ilə həll olunması daha çox Ermənistandan asılıdır. Rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinə müraciət etsə, Azərbaycanın Ermənistana edəcəyi güzəştlər masanın üzərində olacaq. Prezident İlham Əliyev dediyi kimi Azərbaycan Ermənistana o zaman investisiya yatıracaq, qaz satmağa razılıq verəcək, regionda həyata keçirdiyi beynəlxalq layihələrə qoşacaq ki, rəsmi İrəvan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyaraq yalan iddialarından geri çəkiləcək. İndiki dinc danışıqlar mərhələsində sensasion addım o olacaq ki, Ermənistan münaqişənin həlli üçün Azərbaycana müraciət etsin. Zaman-zaman Ermənistan tarixində belə gedişlər olub. Həmişə böyük dövlətlər Ermənistana hücum edəndə ermənilər düşmənlərinin qabağına keçərək məğlub olaraq məhv olmaq təhlükəsini sovuşdurmaq üçün əsarəti qəbul edib boyun əyiblər. İndiki məqamda da Ermənistan təhlükə qarşısındadır. Çünki, Azərbaycan sözdə yox, əməldə inkişaf edir. Azərbaycanla bağlı inkişafların yalnız 50%-i üzdədir. Ermənistanda isə vəziyyət olduqca gərgindir. Hal-hazırda erməni və dünya mətbuatında ən çox işlənən tezis "Ermənistan dövləti məhv olur" birləşməsidir. Ermənilərin müstəqil ekspertləri, siyasətçiləri, analitikləri, hakimiyyət rəsmiləri və müxalifət də etiraf edirlər ki, Ermənistan iflasa doğru gedir. Hal-hazırda Ermənistanda iki müxtəlif qrup formalaşıb. Bir qismi deyir ki, Ermənistan vəziyyətdən çıxmaq üçün Avropa İttifaqına inteqrasiya etməlidir. Başqa qrup isə iddia qaldırır ki, Ermənistan mütləq şəkildə Rusiya ilə əlaqələri inkişaf etdirməlidir. Ermənistanda isə tarixi vərdiş var ki, iri dövlətlər gələndə ermənilər əvvəlcədən gedib həmin dövlətin tərkibinə daxil olaraq, təbəəliyini qəbul ediblər. Ermənistan Azərbaycanla bağlı da eyni vəziyyət qarşısında qala bilər. Levon Ter-Petrosyan kimi xalis ermənilər hakimiyyətdə olsaydılar, Ermənistan indiyə qədər Azərbaycana baş əymişdi. Qarabağ klanının kökü şübhəlidir. Qarabağ ermənilərilə Ermənistan erməniləri arasında fərqlər var. Əsl ermənilər Qarabağ klanına "müsəlmandan törəmə millət" deyirlər. "Müsəlmandan əmələ gələnlər"i də iki qrupa bölürlər: fars və türklərdən əmələ gələnlər. Lakin bütün bunlara baxmayaraq baş verən ciddi proseslər Ermənistanı seçim etmək qarşısında buraxacaq.
"Avropa İttifaqı-Ermənistan, Avropa İttifaqı-Azərbaycan münasibətləri həmişə gündəmdə olan məsələlərdəndir:
- İttifaqın komissarı Füle İrəvanda olanda şok bəyanat səsləndirdi. Füle həmin açıqlamasından əvvəl Azərbaycanda səfərdə olub. Bakıda olarkən Azərbaycanın, prezident İlham Əliyevin ünvanına xoş sözlər dedi, hakimiyyətin ölkədə apardığı demokratik islahatları təqdir etdiyini bildirdi. Füle İrəvana gedən kimi deyir ki: "Bəli, mənim xəbərim var, Rusiya Ermənistana baha qaz, Azərbaycana isə silah satır". Ermənistan o gün Moldovadan 5 milyon dollar dəyərində silah alıb. Aldığı silahların başqa təyinatı yoxdur, ancaq boru deşmək üçündür. Ermənilər həmin silahlardan Azərbaycanın Avropaya neft daşıdığı boruları məhv etmək üçün istifadə etməyi planlaşdırırlar. Azərbaycanın etiraz etməsinə baxmayaraq Füle bunların heç birisinə reaksiya vermədi. Moldovadan aldıqları silahlarla ermənilər təlim keçirdilər. Təlimə Ermənistanın müdafiə nazirinin müavini rəhbərlik etdi, mətbuat da geniş işıqlandırdı. Heç kim Fülenin reaksiyasını eşitmədi. Amma Azərbaycanın silah alması nəyə görəsə, Avropa İttifaqına yer edir. Rusiyanın Ermənistanda hərbi bazası var. Nəyə görə bu Füledə narahatlıq yaratmır? Azərbaycan özünü müdafiə etmək üçün silah alır, amma bu narazılıq yaradır. Rusiyadan Azərbaycana silah satılması ilə bağlı məlumatlar yayılan ərəfədə Ermənistan mətbuatı dövriyyəyə buraxmışdı ki, Azərbaycan Rusiyadan "İskəndər-M" raketləri alıb. "İskəndər-M" raketinin adı gələndə bütün Avropa və ABŞ qorxudan əsir. Nəyə görə "Avro-pro" layihəsi dayandırıldı? Rusiya bircə kəlmə dedi ki, "İskəndəri" aparıb Kalininqradda quracam!". Ona görə də Qərb raketlərlə bağlı işlərini dayandırdı. "İskəndər"in Ermənistana verilməsilə bağlı məlumatlar Füledə narahatlıq yaratmır, amma məsələ Azərbaycana gələndə başqa cür olur. Rusiya Ermənistana "İskəndər" raketi verməyib, bu sadəcə olaraq erməni mətbuatı tərəfindən yalandan yayılmış informasiyadır. Qərbin ən birinci dəyəri bazar iqtisadiyyatıdır. Əgər Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırırsa, bu o deməkdir ki, Rusiya Ermənistanı bazar iqtisadiyyatına hazırlayır. Avropa qazın 1 kubmetrini 400-450 dollara alanda bazar iqtisadiyyatı olur, Ermənistan 180 dollara alanda yox?
"Artur Aqabekiyan adlı erməni var:
- Ermənistan parlamentinin təhlükəsizlik komissiyasının sədri olub, ifrat daşnaklardandır. Qarabağ müharibəsinin hesabına külli miqdarda pul yığmış ermənilərdən biridir. Hal-hazırda qondarma "Dağlıq Qarabağ Respublikası"nın "baş nazirinin müavini"dir və "baş nazir" olmağa hazırlaşır. Aqabekiyan dəfələrlə mətbuat vasitəsilə Rusiyaya söyüb ki, niyə Azərbaycana silah satır? O, etiraf edir ki, Azərbaycanın Rusiyadan aldığı 4 ədəd "Smec" Xankəndini xarabalığa çevirəcək. Digər tərəfdən deyir ki: "Bu silahların heç bir qorxusu yoxdur, qeyrətli erməni əsgərinə bu silahlar heç nə edə bilməz". Erməni rəsmilərinin bu cür bəyanatları axmaqlar və ermənilər üçündür. Ermənistan hərbisi ilə bağlı ortada kifayət qədər ciddi faktlar var. Mayın 4-də Səlim dolaylarına güclü yağışlar yağıb və uçqun yaradıb. Ermənilər Səlim dolaylarının yalnız yarısını təmizləyə biliblər. Dolaylar Qarabağla Ermənistanı birləşdirən yeganə yolun üzərindədir və ermənilər üçün strateji əhəmiyyəti böyükdür. Azərbaycan Ermənistan müharibə elan etsə, erməni əsgərlərinə həmin yolla silah-sursat gətirmək mümkün olmayacaq. Üç aydır ki, ermənilər həmin yolu bərpa edə bilmirlər və bununla da utanmadan Azərbaycanı qorxutmağa çalışırlar. Hərbi hissələrdə ermənistanlı-qarabağlı davası gedir. Orduda əsgər ölümlərinin sayı əndazəni aşıb, gizlədirlər. Sünik vilayətinin qubernatoru Suren Xaçaturyanın evində bir neçə gün bundan qabaq silahlı qarşıdurma ilə yadda qalan qanlı hadisə baş verdi. Polkovnik A.Budaqyan Dağlıq Qarabağdakı hərbi hissələrdən birinin komandiridir. Bu yaxınlarda qardaşını öldürüb özünü də yaraladılar. Sonradan məlum oldu ki, Xaçaturyanın evində baş vermiş hadisəni Budaqyan törədib. Bu ordu ilə Artur Aqabekiyan Azərbaycanı qorxutmağa çalışır. Erməni hərbçilər dükanlara girərək silah gücünə ərzaq əldə edirlər, yeməkdən ötrü biri-birini öldürülər, bütün ordu sıralarında özbaşınalıqlar tüğyan edir. Hərbi həkim Vage Aqesyan 3 hərbçilə özünü kafedə tərbiyəsiz apardığı üçün 1 saat döyüblər. Kənarda olanlardan bir nəfər də yaxınlaşıb ona kömək etməyib. Onu kafenin işçilərinə söydüyü üçün döyüblər. Polkovnik-leytenant Aqesyan güllə yarası ilə yox, döyülərək öldürülüb. İndi Ermənistanın bu hərbisi Azərbaycana xox gəlir. Milləti didərgin salıblar, Ermənistanda erməni qalmayıb. 2012-ci ildə Ermənistan məktəblərini 37 693 məzun bitirib. 1 ilə bu rəqəm 7693 nəfər azalıb. Bu hərbçinin, şəxsi heyətin azalması deməkdir. İndi isə qeyrətdən danışan ermənilər qızları hərbi xidmətə çağırırlar. Kişisən sən, nə qeyrətdən danışırsan?! Onlar iddia edirlər ki, biz Azərbaycan, Qafqaz mentalitetinə sahibik. Azərbaycan mentalitetində qızların məcburi şəkildə hərbiyə aparılması yoxdur.
"Moldovanın Ombudsman Aparatının rəhbəri Qriqori Aureliyanın Ermənistan parlamentindəki çıxışı ermənilərin nüfuzuna ciddi zərbə vurdu:
- Aureliya açıq şəkildə dedi ki, Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib, Xocalıda azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirib. Ermənilərin ciddi cəhdlərinə baxmayaraq Aureliya Ermənistan xalqından üzr istəmədi. Əgər gecə ikən moldovalı rəsmilər gürcü diplomatların əli ilə Aureliyanı İrəvandan çıxarmasaydılar, ermənilər ombudsmanı öldürəcəkdilər. Sonradan erməni mətbuatı yalandan xəbər yaydı ki, Moldovanın Konstitusiya Məhkəməsinin sədri dövlətinin adından Ermənistan xalqından üzr istəyib. Ermənilərin yaydığı məlumatların heç bir hüquqi əsasları yoxdur. Çünki, dövlət üçün kiçik qurum olan Konstitusiya Məhkəməsinin dövlətin adından bəyanat vermək ixtiyarı yoxdur. Moldova dövlətindən məsələ ilə bağlı sadəcə bur cür açıqlama gəldi: "Gərək bu işə qarışmayaydıq". Vəssalam! Dövlət rəsmiləri Aureliyanın fikirlərini nə təkzib etdilər, nə də ki rədd. Moldovanın bu hərəkəti müəyyən qədər Azərbaycanın lehinə atılmış addım kimi qiymətləndirmək olar. Moldova Ermənistandan üzr istəməz, çünki o GUAM-ın üzvüdür. Buna qədər isə Moldova GUAM-da 5 dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
"İranın da Dağlıq Qarabağ məsələsində sərgilədiyi mövqe də maraqlıdır:
- İranın dini liderinin Təbriz təmsilşisi Müctəhid Şəbüstəri yerli mətbuata bildirdi ki, Qarabağ müsəlman torpaqlarıdır. Şəbüstərinin bəyanatı erməniləri dəhşətli şəkildə qorxuya saldı. Çünki, onların nəzərində müsəlman sözü ilə azərbaycanlı arasında fərq yoxdur. Amma biz müsəlman olmamışdan qabaq azərbaycanlıyıq. İranlı rəsmilərin Qarabağı müsəlman torpaqları adlandırması da müəyyən məsələlərə görə atılmış addımdır. Digər tərəfdən İran XİN-in mətbuat xidmətinin rəhbəri Seyid Abbas Əraqçı mətbuata verdiyi açıqlamada bildirdi ki, İranın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməz qalır və İİR münaqişənin həllində vasitəçi kimi çıxış etməyə hazırdır. İran yaxşı başa düşür ki, Ermənistan yalnız Minsk Qrupuna inandığından İranın vasitəçilik missiyasına razı olmayacaq.
Gürcüstanın Qarabağ mövqeyi də diqqətçəkən məsələlərdən biridir:
- İvanişvili Bakıda olanda Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını dolayı yollarla bildirdi. Lakin gürcü baş nazir Sərkisyanla görüşəndə bu barədə dilinə bir söz belə gətirmədi. İvanişvili yalnız erməni baş nazir Tiqran Sarkisyanla görüşəndə müəyyən fikirlər səsləndirdi. Gürcüstan və İranın Dağlıq Qarabağla bağlı mövqeyində əsas məsələlərdən biri hər iki dövlətin sonda sudan quru çıxması üçün ayaq yeri saxlamasıdır. Tehran və Tbilisi bu gedişlərlə Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra ortaya çıxıb bildirəcəklər ki: "Biz də orada vardıq". İran və Gürcüstanın Qarabağla bağlı mövqeləri Azərbaycanın lehinə olan məsələdir. Bunun isə tək səbəbi Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarıdır. Həmin dövlətlər bunu gördükcə Azərbaycanla ehtiyatlı davranmağa məcbur olurlar.
Ömər Zamin