“ABŞ, İsrail və Qərb dünyanı rahatlıqla aldada bilirlər” - AÇIQLAMA

Vəfa Quluzadə: “Qərbin ABŞ-dan casusluq əməliyyatı ilə bağlı hesabat istəməsi ictimai rəyin sakitləşdirilməsinə xidmət edir”

Avropa İttifaqı rəsmi Təl-Əvivlə imzalanacaq razılaşmada Şərqi Qüds və Colan təpələrinin  İsrailə aid olmadığı ifadəsi əksini tapa bilər. Aİ-dən verilən bu bəyanatdan bir müddət əvvəl isə Avropa bankları İsrail şirkətlərinə kredit verməkdən imtina etmişdilər. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə hesab edir ki, son zamanlarda İsrail və Qərb dövlətləri arasında baş verən bu cür proseslər soyuq münasibətlərin təzahürü deyil. Uzun müddətdir ki, Qərb və ABŞ özünün ədalətli qüvvələr kimi göstərməyə çalışırlar, buna görə də İsraili beynəlxalq qanunvericiliyi pozmaqda tənqid edirlər. Vəfa Quluzadə qeyd etdi ki, hal-hazırda İsrail işğal etdiyi Fələstin ərazilərində məskunlaşma işi aparır, yəhudilər üçün şəhərciklər və yaşayış evləri inşa olunur: "Avropa həmin qanunsuzluğun əleyhinə olduğunu bildirməyə çalışır. Amma 60 ildir ki, Fələstin problemi həll olunmur, BMT-nin qərarlarına məhəl qoyulmur. Vaxtilə SSRİ kimi nəhəng bir dövlət ABŞ və Qərbdən Fələstin probleminin həllini tələb edirdi. Avropa dövlətlərinin bu istiqamətdə olan işlərində heç bir səmimi elementlər yoxdur. Həmin dövlətlər yalnız bu cür bəyanatlarla özlərini göstərməyə çalışırlar. Məsələn, amerikalı diplomat Ketrin Eşton Misirə gedərək bildirir ki, o, Məhəmməd Mursinin qanunsuz yerə həbs olunmasından narazıdır. Eştonun açıqlamasında heç bir həqiqət yoxdur". Qərb dövlətlərinin həmçinin casusluq əməliyyatına görə ABŞ-dan hesabat istəməsi məsələsinə münasibət bildirən Vəfa Quluzadə bildirdi ki, Eduard Snouden əhvalatı müəmmalı məsələdir. Politoloq hesab edir ki, Snouden Amerikanın xüsusi xidmət orqanlarının zabiti olmayıb, o sadəcə olaraq kompüter proqramçısıdır: "Vaxtilə muzdla CİA-ya, yəni Mərkəzi Kəşfiyyat İdarəsi üçün çalışıb, yaxşı da pul qazanırdı. Görünür ki, çox ambisiyalı bir adamdır. Snouden öz ölkəsinə xəyanət edib, ABŞ kimi domokratik ölkədən imtina edərək Rusiya kimi avtoritar dövlətə sığınıb. ABŞ-ın digər dövlətləri müxtəlif yollarla izlədiyini hamı bilir. Dünya ictimaiyyətinə məlumdur ki, Amerika qlobal dövlətdir və bu cür ölkələrin qlobal kəşfiyyatı olur. Kimlər ki, bacarır, digər dövlətlərin gizli danışıqlarını dinləyir. Yəni ki, Snouden ABŞ-la bağlı heç bir sirr açmayıb. Sirlər snoudenlərdə olmur. MKİ minlərlə snoudenləri muzdla çalışdırır, bu kimi adamlar dinlədiklərini mərkəzə göndərirlər. Mərkəzdən də əsl kəşfiyyatçılar informasiyanı qəbul edib onlara lazım olan məsələlər barədə ümumi mənzərəni təsvir edirlər. Qərbin ABŞ-dan casusluq əməliyyatı ilə bağlı hesabat istəməsi ictimai rəyin sakitləşdirilməsinə xidmət edir". ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00