“Eldar Namazovun əsas məqsədi Müsavat Partiyasını dağıtmaqdır” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Onun özü də etiraf edir ki, qarşısına qoyduğu vəzifələri uğurla icra edir”
18 İyul 2013 13:33 Siyasət"Rüstəm İbrahimbəyovun adını qəsdən şişirtməyə çalışırlar. Buna baxmayaraq onun nə Azərbaycana gəlişi, nə də ki, namizədliyi qeydə alınsa belə heç nəyi dəyişməyəcək". Politoloq Cümşüd Nuriyev "OLAYLAR"a açıqlamasında belə deyib. Politoloq hesab edir ki, onun namizədliyinin qeydə alınması çətin məsələdir, çünki İbrahimbəyov Azərbaycan Konstitusiyasının 100-cü maddəsinin 4 bəndini pozur. Rejissorun vətəndaşlıq məsələsi hələ həll olunmayıb. Həmin problem həll olunsa belə İbrahimbəyovun Azərbaycanın vergi orqanları qarşısında cinayət işi var. O, Azərbaycana gəlsə belə təxribatla məşğul olacaq. C.Nuriyev bildirdi ki, vaxtilə Azərbaycan hakimiyyətini tərifləyən Rüstəm İbrahimbəyov nəyə görəsə, indi ona nifrət edir. Bu adamın həqiqətən psixi vəziyyətində problem var. Digər tərəfdən İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün 40 min imza toplanması imkanları da məhduddur. Politoloq hesab edir ki, onlara imza verəcək adamların sayı azdır, belə olan təqdirdə onlar saxtakarlığa əl atacaqlar: "Müxalifət yalnız mümkün olan səslərdən 10-15 minini toplaya bilər. Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınsa belə Müsavat Partiyası mövqeyindən geri çəkilməyəcək. Çəkilməli də deyil. Çünki, baş verən bütün proseslərin başında müəyyən qüvvələrə ximdət edən Eldar Namazov və Rüstəm İbrahimbəyov dueti dayanır. Eldar Namazovun ABŞ-dakı çıxışından sonra müəmmalar ortaya çıxdı ki, bu Milli Şura nə etmək istəyir? Qurum həm Avropa, həm Rusiya, həm də ABŞ-a inteqrasiya yolunu dəstəkləyir. Ona görə də Milli Şura çaşqınlıq içərisində qalıb. Eldar Namazovun Milli Şuranın diktatoruna çevrilməsi də şübhəli məqamlar ortaya qoyur. Belə olan təqdirdə Müsavatın öz mövqeyini dəyişməsi partiya üçün çox ciddi problemlər ortaya qoyacaq. Eldar Namazovun da əsas məqsədi bu yolla İsa Qəmbərin namizədliyinə mane olmaqla Müsavat Partiyasını tamamilə dağıdaraq AXCP-ın gününə salmaqdır. Keçmiş KQB-yə çalışanları da Eldar Namazov öz ətrafına toplayıb. Eldar Namazov Azərbaycan siyasətinin şahmat taxtasındakı "peşkası"dır, onun adı bundan yuxarı qalxa bilməyib. Eldar Namazovun ən böyük məqsədi isə Milli Şura daxilində qarşıdurma yaratmaqla Azərbaycan müxalifətini parçalamaqdır. Rüstəm İbrahimbəyovu da Azərbaycana gətirməklə həmin qarşıdurmanı gücləndirməyə çalışacaq. Eldar Namazovun özü də etiraf edir ki, qarşısına qoyduğu vəzifələri uğurla icra edir". ("OLAYLAR" İA)