Oqtay Əsədov Əhməd Davudoğlu ilə Qarabağdan danışıb

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Spiker müstəqil Azərbaycanın Türkiyə ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Qeyd edilib ki, siyasi sahədə yüksək səviyyəli əməkdaşlığımız həyatın digər sahələrinə də öz müsbət təsirini göstərir. Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyəti, iqtisadi sahədəki uğurlarımız həqiqətən heyrətamizdir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard ABŞ dolları  həcmində olub. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin 36 faizi Türkiyəyə məxsusdur. Onların böyük əksəriyyətinin qeyri-neft sektoruna sərmayə yatırması isə sevindirici faktdır. Artıq Azərbaycan da qardaş Türkiyə iqtisadiyyatına investisiyalar qoymağa başlayıb. Yaxın dövrdə bu investisiyaların həcmi 18 milyard ABŞ dollarına çatacaq. Bu gün Türkiyədə 800-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir.
Sədr münasibətlərimizin inkişafında parlamentlərin roluna diqqət çəkərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb. Spiker nüfuzlu beynəlxalq qurumlarda deputatlarımızın prinsipial məsələlərdə eyni mövqedən çıxış etmələrini önəmli hesab edib.  Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib. Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, onun nailiyyətləri ilə fəxr etdiyini və özünü burada doğma evindəki kimi hiss etdiyini xüsusi qeyd edib. Bildirildi ki, Cənubi Qafqazda sülhün yaranması  bölgə xalqlarının hamısı üçün çox önəmlidir. Ancaq Dağlıq Qarabağ problemi həll olunmadan buna nail olmaq mümkün deyildir. Türkiyə Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə bundan sonra da hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəkdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00