Prezident Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsini ortaya qoydu

Dekabrın 24-də "Qərbi Azərbaycan icması"nın bir qrup üzvlərilə cənab prezident İlham Əliyevin tarixi görüşü keçirildi. Cənab prezident Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsini ortaya qoydu, təkcə ölkə üçün deyil, həm də Beynəlxalq auditoriyaya haqlı niyyətmizin bütün konturlarını çatdırdı, təkzibolunmaz arqumentlərlə Qərbi Azərbaycanın xalqımızın min illər boyu yaşadığı tarixi ərazi olduğunu əsaslandırdı və qayıdışımızda genetik yaddaşımızın həlledici rol oynadığını önə çəkdi. Olaylar xəbər verir ki, bunu parlamentin iclasında Millət vəkili Fəzail Ağamalı deyib.
Bildirib ki, tarixi torpaqlarımızda saxta, kökü, ənənəsi olmayan, əslində geopolitik layihə kimi meydana gələn qondarma dövlət zaman-zaman onu himayə edən güc mərkəzlərinin hərtərəfli yardımı ilə ərazilərimizi işğal etmişdir.

Artıq vəziyyət köklü şəkildə dəyişmişdir. 44 günlük Zəfərlə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz nəinki işğala son qoydu, həm də Ermənistanın çökməsi prosesini sürətləndirdi.
Dünyada gedən geosiyasi qabarmalar Ermənistan deyilən dövləti artıq buxarlandırmaqdadır. Bütün bunların dərin təhlilini aparan cənab prezident soydaşlarımızın dədə-baba yurdlarına qayıtmağının zamanını doğru-düzgün müəyyənləşdirdi.

Əlbətdə, cənab prezidentin dediyi kimi biz tarixi torpaqlarımıza güc tətbiq etmədən gedəcəyik, prezidentimizin diplomatik gedişlərlə, açdığı yolla, genetik kodlarımızın diqtə etdiyi, ulularımızın ruhlarının çağırışı ilə gedəcək və doğma yurdumuzda əbədi yaşayacağıq.

Sonda, Milli Məclis tərəfindən Böyük qayıdışla bağlı sənədin qəbul edilməsini təklif edirəm. Məncə belə bir sənəd həm də cənab preizdentin Böyük Qayıdış konsepsiyasının tərkib hissəsi olardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31