Prezident Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının mesajını vermiş oldu - ÖZƏL
27 Dekabr 2022 14:20 Siyasət"Cənab Prezident dekbarın 24-də Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimində iştirak etməklə, eyni zamanda orada etdiyi çıxışla Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının mesajını vermiş oldu". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, dövlət başçısı sözügedən tədbirdə proqram xarakterli çıxışı ilə eyni zamanda Azərbaycan dövlətinin növbəti illərdəki hədəflərini müəyyənləşdirmiş oldu, hər birimizin qarşısına müqəddəs bir vəzifə qoydu: "Hər bir azərbaycanlı bu çıxışdan irəli gələn tarixi reallıqları, həqiqətləri dünyaya çatdırmalı, Qərbi Azərbaycanın tarixi torpaqlarımız, ərazi vahidimiz olduğu barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Düzdür, bu bir tarixi reallıqdır və arxivlərdə bu barədə kifayət qədər faktlar var. Ancaq bu kimi prinsipial məsələlər meydana çıxanda hər kəsə bəllidir ki, dünyada bəzi güclər, Ermənistanın havadarları tarixi faktları bir kənara qoyub erməni yalanlarına istinad edir, ona inanırlar. Ona görə də bu tarixi rallığı beynəlxalq səviyyədə elmi, tarixi əsaslarla bir daha dünyaya çatdırmalıyıq Qərbi Azərbaycana qayıdışı zamanı qarşımıza lazımsız əngəllər çıxmasın".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, necə ki, işğaldan azad edilən ərazilərimizə məcburi köçkünlərin dönüşü mərhələli şəkildə baş verir, eləcə də Qərbi Azərbaycana qayıdış da qısa zamanda reallığa çevriləcək: "Çünki ortada siyasi iradə, qalib ölkənin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti var. Bu siyasət və qətiyyət Azərbaycana hələ neçə tarixi reallıqları bərpa etməyə imkan yaradacaq".