“Milli Şurada hərənin bir ssenarisi var” - Zahid Oruc
“Kinonun kimin çəkdiyini sonda biləcəyik”
17 İyul 2013 16:41 Siyasət"Milli Şura Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürməklə özünün seçki kazusunun, seçki probleminin içərisinə atdı. Artıq onların vəziyyətdən çıxış yolu üçün xüsusi siyasi baryerlər yaratmaq və qeyri-hüquqi addımlar atmasına ehtiyac yoxdur". Millət vəkili Zahid Oruc "OLAYLAR"a açıqlamasında belə deyib. Zahid Oruc bildirdi ki, həmin qüvvələrin ətrafında xüsusi beyin mərkəzləri, mühüm analitik dairələr olmadığından atdıqları səhv addımların girovuna çevriliblər. Millət vəkili hesab edir ki, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı, başqa dövlətlərdə mülk, əmlaka sahib olması və həmin dövlətlər qarşısındakı vergi öhdəliyinin olması, həmçinin ardıcıl olaraq Azərbaycanda 10 il yaşamaması və s. ciddi konstitusion problemlər kimi Milli Şuranın qarşısında dayanır: "İqtidar cinahını müəyyən məsələlərdə günahlandıranlar, Konstitusiyanı dartışma predmetinə çevirənlər birmənalı şəkildə yaratdıqları çərçivənin içərisində vurnuxurlar. Buna görə də Rüstəm İbrahimbəyovun namizəd olmasına haqqı qalmır. Milli Şuranın namizədsiz qalması siyasi prinsipsiz durumda olan qüvvələrin vəziyyətini tamamilə ortalığa çıxaracaq. Bu daha çox ikinci və üçüncü sırada dayananların qurduğu plan idi ki, guya onlar həm müxalif birliklərin yaranmasına mane olmurlar, özlərini vahidlikdə və deqrasiyada maraqlı olduqlarını göstərirlər. Son anda İbrahimbəyov vahidliyə problem yaradanda ehtiyat variantını işə saldılar. Onlar hamının fikirlərini özlərinin vahidliyinə yönəldib prosesləri həmin istiqamətdə inkişaf etdirməyə çalışırlar. Milli Şurada hərənin öz ssenarisi var. Kinonun kimin çəkdiyini sonda biləcəyik". ("OLAYLAR" İA)