"Makron Fransa tarixinin ən uğursuz prezidenti kimi yadda qalacaq"- ÖZƏL
26 Dekabr 2022 14:50 Siyasət"Makronun humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi təklifinin heç bir əsası yoxdur.
Əvvəla, BMT Nizamnaməsinə görə humanitar təşkilatları ölkənin özü dəvət etməlidir. Azərbaycan dünyadan yardım istəməyib. Xankəndi şəhərində yaşayan erməni əsilli vətəndaşların problemlərini həll etməyə Azərbaycanın gücü var, yardım əlini uzatmağa hazırdır. Bunun çox sadə yolu var, ermənilər Ruben Vardanyan və Arayik Harutyunyan kimi quldurlardan qurtulmalı, separatçı niyyətlərindən əl çəkməlidirlər. Separatizm son 30 ildə onlara çox böyük ziyan vurub. Birinci Qarabağ savaşından əvvəlki və indiki sayları buna sübutdur."
Bu sözləri Olaylar.az-a politoloq Orxan Atabəy deyib:
"İkincisi, Qırmızı Xaç Komitəsi Xankəndidə fəaliyyət göstərir. Laçın yolunda aksiya keçirən vətəndaşlarımız onların maşınlarına sərbəst keçid icazəsi verib. Elə dünən "Qırmızı Xaç"a aid 3 avtomobil heç bir maneə ilə qarşılaşmadan Xankəndiyə keçdi. Xankəndidə hansısa humanitar böhran yaşansa bunu ilk öncə şəhərdə ofisi olan Qırmızı Xaç Komitəsi açıqlayardı, Parisdə oturan Makron yox.
Azərbaycan dövləti tələsmədən, tədricən öz siyasi iradəsini dünyaya qəbul etdirməkdədir. Qətiyyən şübhə doğurmur ki, bu proseslərin sonunda Xankəndi Azərbaycan bayrağına qovuşacaq. Erməni lobbisinin mənafeyini fransız xalqının maraqlarından üstün tutan Makron isə Fransa tarixinin ən simasız və ən uğursuz prezidenti kimi yadda qalacaq".