"Göyçə də, Zəngəzur da, Dərələyəz də, digər Qərbi Azərbaycan torpaqları da bizimdir.." ÖZƏL

Azərbaycan prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın bundan sonrakı ideoloji, siyasi, iqtisadi, mədəni və s. istiqamətlərdə olan hədəflərinin müəyyən edilməsində ciddi rol oynayacaq. 
Qərbi Azərbaycan məsələsi, soydaşlarımızın ora qayıtması, həmin ərazilərdəki mədəni, ictimai varlığımızın təmin edilməsi bizim üçün həyati əhaməiyyət kəsb edən məsələyə çevrilməlidir və çevriləcək də. Bu  sözləri  Olaylar.az-a Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz  Göyüşlü  deyib:
"Tarixi ədalət bərpa olunmalıdır. Qlobal güclər bir neçə yüz ildir ki, ermənilərə dəstək verərək azərbaycanlıları ata-baba yurdlarından didərgin salıblar. Xalqımızın başına olmazın müsibətlərini, faciələrini gətiriblər. Bütün bunların hesabı sorulmalıdır və biz öz yerlərimizə qayıtmalıyıq. Çünki biz həmin ərazilərin yerli sakinləriyik, ermənilər isə gəlmədir. 
Qərbi Azərbaycan, indiki Ermənistan azərbaycanlıların doğma torpaqlarıdır. İlham Əliyevin irəli sürdüyü fikirlər tamamilə doğrudur. Biz nə beynəlxalq hüququ pozmaq, nə erməniləri incitmək, nə də hansısa qeyri-qanuni hərəkətlər etmək fikrində deyilik. Tarixi, mənəvi, mədəni, hüquqi baxımından bizə məxsus olanları almağı hədəfləmişik və bu hədəfimizə nail olacağıq. Ermənistanın, ermənilərin, onların havadarlarının nə düşünməsindən və hay-küy salmasından asılı olmayaraq bunu edəcəyik. İrəvan da, Göyçə də, Zəngəzur da, Dərələyəz də, digər Qərbi Azərbaycan torpaqları da bizimdir və biz oraya mütləq qayıdacağıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31