Deputatlarımız Helsinki komissiyasının brifinqində iştirak edib
17 İyul 2013 16:28 SiyasətDemokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-da Helsinki Komissiyası tərəfindən Azərbaycanla bağlı təşkil olunmuş brifinqdə iştirak edib. Komissiya katibliyinin əməkdaşları Şeli Han və Pol Karterin moderatorluq etdiyi brifinqdə Azərbaycanda demokratik dövlət quruculuğu, azad cəmiyyətin təşviqi və insan hüquqlarının qorunması sahəsində görülən işlər, oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkiləri, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və digər məsələlər müzakirə olunub. Toplantıda ABŞ Dövlət Departamentini təmsil edən dövlət katibi yardımçısının müavini Tomas Melia ABŞ-ın Azərbaycanı bir dost ölkə kimi gördüyünü və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdiyini söyləyib. O, Azərbaycan hökuməti ilə demokratiya və insan hüquqları üzrə davamlı dialoqun aparıldığını və cari ilin oktyabrında baş tutacaq prezident seçkilərinin azad və demokrat şəkildə təşkil ediləcəyinə ümidvar olduqlarını bildirib. Brifinqdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.