Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi erası başa çatdı”
17 İyul 2013 16:25 Siyasətİyulun 17-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu ilə "Qarabağ saatı" keçirilib. Tədbirdə çıxış edən M.Əhmədoğlu bildirdi ki, son zamanlarda Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış bütün vəziyyət Azərbaycanın xeyrinədir. Artıq dinc tənzimlənmənin şansları tamamilə tükənib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgədəki son fəaliyyəti, təşkilatın ukraynalı sədrinin Ermənistana səfərinin baş tutması ərəfəsində baş verənlər, daha doğrusu sədrin səfərinin üç dəfə təxirə salınması və Ukraynadakı erməni diasporunun fəaliyyətinə görə münaqişənin həlli yarım il yubandı. Eləcə də Minsk Qrupu həmsədrlərinin sonuncu görüşü də göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi erası başa çatıb. M.Əhmədoğlu hesab edir ki, həmin eranın aradan qaldırılması da dinc yolla baş verdi. Həmsədrlərin imitasiya ilə məşğul olması dinc həll yolunu dalana dirədi. Politoloqun sözlərinə görə, artıq Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi adlı tezis yoxdur. Lakin məsələnin danışıqlar masası arxasında həll edilməsi Ermənistandan asılıdır: "Ermənistanın beynəlxalq qanunvericiliyə görə geriyə doğru atacağı addım münaqişəni sülh yolu ilə həll edəcək. Ermənistanın qeyri-konstruktiv hərəkəti, uzun müddət imitasiya ilə məşğul olması Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması perspektivlərini heçə endirdi. Bəlkə də ATƏT-ə sədrlik Ukraynanın yox, başqa dövlətin əlində olsaydı, proseslər başqa istiqamətə inkişaf edə bilərdi. Ukraynanın indiki dövrdə ATƏT-ə sədrlik etməsi dinc danışıqların xeyrinə olmadı. Rəsmi Kiyev nə qədər daxildəki erməni diasporasının fəaliyyətini aşağı salsa, bu Ukraynanın xeyrinə olacaq. Çünki, Ukraynadakı erməni diasporunun fəaliyyəti təkcə Dağlıq Qarabağ münaqişəsinə görə Ukrayna-Azərbaycan münasibətlərinə yox, həmçinin qondarma "erməni soyqırımı"nın tanınması məsələsinə görə Ukrayna-Türkiyə əlaqələrinə də mənfi təsir edir. Dağlıq Qarabağ münaqişəsinin həllində dinc yolla tənzimlənmə erasının başa çatmasını göstərən faktorlardan biri də Edvard Nalbandyanın son açıqlaması oldu. Nalbandyanın son zamanlarda yalanlara hədsiz çox meyllənməsi vəziyyəti daha da kritikləşdirir. Bu adam əməlli-başlı yalan danışır. Erməni nazir o qədər aşkar yalan danışır ki, onu gizlətmək mümkün deyil. Edvard Nalbandyan bəyan edir ki, ATƏT həmsədrlərinin yaydığı bəyanatlar Ermənistan XİN-in fikirləri üst-üstə düşür. Lakin həmsədrlərin yaydığı məlumatlar Ermənistan XİN-in rəsmi dövlət saytında yerləşdirilən informasiyalarla uyğun gəlmir. Dinc danışıqları başa çatdıran mühüm məsələlərdən biri də vasitəçilərin seçdiyi metodologiyadır. Həmsədrlər təklif irəli sürürlər ki, Azərbaycan və Ermənistanın ictimai təşkilatları görüşüb dialoq qurmalıdırlar. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirlərinin iştiarkı ilə keçirilən bütün görüşlərdə nəticə əldə olunmadı. Çox maraqlıdır ki, ictimai təşkilatlar problemi necə həll edəcəklər? Nəzərə alsaq ki, Serj Sərkisyan Dağlıq Qarabağın erməni icmasına Dağlıq Qarabağ azərbaycanlıları ilə görüşməsini qadağan edib. Ona görə də ictimai təşkilatların görüşünün heş bir nəticəsi olmayacaq. İctimai təşkilatların görüşü məsələsini ortaya gətirməklə həmsədrlər məsələni təkamül, dinc danışıqlar yolu variantlarını heçə endirirlər. Ermənistan geriyə doğru addım atmasa, bu onun üçün faciə olacaq. Dinc danışıqlar erasının başa çatması avtomatik olaraq Azərbaycanın münaqişənin həlli üçün müharibə variantına əl atması deməkdir. Azərbaycan Rusiyanın qarşısına keçərək Ermənistana ucuz qaz, investisiya, regionda həyata keçirdiyi beynəlxalq layihələrə qoşulmaq vədi verdi. Bunun müqabilində Ermənistandan heç bir cavab almayıb. Buna görə də Azərbaycanın həll üçün seçəcəyi başqa variantı yoxdur. Vəziyyətin onun əleyhinə işlədiyini görən Ermənistan Azərbaycana müraciət etmək məcburiyyətində qalacaq. Ermənistan böyük təhlükə qarşısında qaldığı üçün bu addımı atacaq. Təhlükəli proseslər Ermənistanı seçim etmək şansı qarşısında qoyacaq.
Ömər Zamin