Rəsmi Bakının bölgədə yaşayan erməniləri blokada da saxlamaq kimi bir niyyəti yoxdur
24 Dekabr 2022 12:38 SiyasətRəsmi İrəvan Moskvada, Azərbaycan- Ermənistan və Rusiya xarici işlər nazirləri səviyyəsində keçirilməli olan görüşdən imtina etməklə əlehinə olan gedişatı lehinə çevirmək məqsədi güdür. Artıq bir neçə müddətdir ki, Xankəndi-Laçın yolunda ictimai fəallarımız Ermənistan və separatçılar tərəfindən sərvətlərimizin qanunsuz olaraq mənimsənilməsinə qarşı öz haqlı etirazlarını bildirirlər. Paşiniyan hökuməti və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları ölkəmizi Qarabağ İqtisadi rayonunda yaşayan erməniləri blokadaya almaqda günahlandıraraq beynəlxalq təşkilatları və dövlətləri Azərbaycana qarşı addımlar atmağa çağırırlar. İndiki halda Ararat Mirzoyan üç tərəfli görüşdən imtina etməklə baş verən proseslərə öz etirazını bildirirmiş kimi fikir formalaşdırmağa çalışır.
Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, lakin Ermənistan tərəfinin bütün iddiaları tamamilə əsassızdır və həqiqəti əks etdirmir:
"Rəsmi Bakının bölgədə yaşayan erməniləri blokada da saxlamaq kimi bir niyyəti yoxdur. Ölkəmiz təbii sərvətlərimizin qanunsuz olaraq istismar edilməsinin və bu istismardan dolayı ekoloji çirklənmənin dayandırılmasını tələb edir. Ermənistan isə yaranmış situasiyadan istifadə edərək 10 Noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmaq istəyir. Paşiniyan hökuməti müxtəlif vaxtlarda planlı şəkildə Azərbaycana qarşı provokatif addımlar atır. Lazımı cavab aldıqdan sonra isə ölkəmizi təcavüzkar kimi qələmə verir və daha sonra yazıq erməni imicinə bürünərək Qərbdən dəstək istəyir".
AVP rəsmisi deyib ki, Paşiniyan qərbdən, xüsusilə Avropada olan bəzi ermənipərəst qüvvələrdən maliyyə və hərbi dəstək almaqla 2020- ci ildə üzləşdiyi əzici məğlubiyyətin revanşını almaq istəyir:
"Ancaq indiki halda Avropanın Azərbaycana ehtiyacı var və ölkəmiz gələcək illərdə qoca qitənin enerji təhlükəsizliyində mühüm bir rol oynayacaq. Bu səbəblərdən dolayı Fransa kimi qüvvələri çıxmaq şərti ilə Avropa Azərbaycanın əlehinə hər hansı bir addım atmaz. Əksi olaraq Paşiniyan Fransa kimi dövlətlərdən umduğu hərbi dəstəyi alsa belə yenə də Azərbaycan ordusu ilə müharibə aparmaq üçün yetərli olmayacaqdır".