Hər birimizin Prezidenti
23 Dekabr 2022 19:47 SiyasətTarixən hər bir əsr başlanğıcında yeni keyfiyyətlər ğətirir, sonunda yeni keyfiyyətlər üçün əsas ola biləcək hadisələr yetirir. Elə buna görə də əsrdən-əsrə tarix dəyişir, cəmiyyət, elm inkişaf edir, tərəqqi baş verir...
XX əsrin sonlarında müasir dövlətçilik fəlsəfəsinin əsasını qoyan, vahid azərbaycançılıq ideologiyasının banisi, ali ideyaların müəllifi Ümummilli Lider Heydər Əliyevin siyasi xətti - XXI əsrdə, artıq 20 ilə yaxındır ki, Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 20 il öncə dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasətlə Azərbaycan yeni mərhələyə qədəm qoydu. Ölkənin strateji maraqları əsasında qurulan beynəlxalq əməkdaşlıq hərtərəfli işgüzar münasibətlər yaratdı. Azərbaycan bir dövlət olaraq özünün siyasi, iqtisadi, hərbi aspektdən etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirdi. Sürətlə dəyişən müasir dünyaya inteqrasiya proseslərində, beynəlxalq görüşlərdə yalnız dövləti və milli maraqlardan çıxış edən İlham Əliyev Azərbaycanın ən yeni tarixinin ən mütərəqqi dövrünü yaratmaqdadır. Bu gün cənab Prezidentimizin uğurlu daxili və xarici siyasətinin gücü xalqla birliyində, torpağına, Vətəninə olan sarsılmaz sevgisindədir. Seçkilər zamanı "Mən hər birinizin prezidenti olacağam" deyən Ali Baş Komandan sözlərini öz əməlləri ilə gerçəkləşdirir: hər zaman vətəndaşının yanındadır, insanların hüquqlarının qorunmasına, ədalət prinsiplərinin bərqərar olmasına önəm verir. Apardığı uğurlu mübarizə ilə xalqın Qarabağ həsrətinə son qoydu. Məğlub olmaz sərkərdə, müasir dövrün cəngavəri, Azərbaycanın əvəzolunmaz lideri hələ də bədxah qüvvələrin çirkin niyyətlərinin qarşısını almaq uğrunda haqq mübarizəsindədir. Tariximizi şərəfləndirən, dünyanı Azərbaycanla hesablaşmağa vadar edən ən mühüm hadisə Dağlıq Qarabağın, torpaqlarımızın 30 illik işğaldan sonra azad olunmasıdır. Əlbəttə, bu prezident İlham Əliyevin komandanlığı altında Müzəffər Ordumuzun Azərbaycan tarixinə qızıl hərflərlə yazdığı ZƏFƏRdir. Dövlət başçısı beynəlxalq və yerli, rəsmi və qeyri-rəsmi görüşlərdə hər zaman bəyan edirdi ki, biz Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik, amma sülh yolu ilə həll olunmazsa, hərbi yolla həll edəcəyik. "Azərbaycan torpaqlarında ikinci Erməni dövlətinin yaranmasına yol verilməyəcək, status-kvo isə sonsuzadək davam edə bilməz" prinsipləri ilə Qarabağ uğrunda illərlə savaşan Lider uzaqgörənliklə Azərbaycanın hərbi qüdrətini maksimum artırılması yolunu seçdi. Eyni zamanda ölkə iqtisadiyyatın gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ordu quruculuğu siyasəti, müttəfiq ölkələrin sayının artması, əks tərəfə kömək edəcək qüvvələrin, dövlətlərin neytrallaşdırılması - hamısı uzun illərdən bəri dövlətin prioritetləri idi. Son 20 il ərzində prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsini gördük, yaşadıq... İllərlə "daşa dönən" Qarabağ düyünü 44 gün ərzində bütün dünyanın gözü qarşısında açıldı. Ermənistan ordusu darmadağın edildi və "Dəmir yumruq" əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, liderlik və sərkərdəlik bacarığına, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr verdi, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarını tarixi faktlar və dəlillərlə cavablandırdı. Ali Baş Komandanın qətiyyəti və patriotizmi bu gün dillər əzbəridir. Onun çıxış və müsahibələri dünyada, yaxın və uzaq ölkələrdə şərh edilir, tərcümə olunur, hər yerdə Azərbaycanın nüfuzunu artırır, dünya ictimaiyyətinin diqqətini üzərimizə çəkir. Azərbaycan həqiqətən də dünya siyasətinin yüksək liqasına daxil olur. Ali Baş Komandan ZƏFƏRi "biz qələbəni şəhidlərin qanı, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə etdik" ifadəsi ilə şərh edir. Bunlar həqiqətdir. Lakin Ali Baş Komandanın müdrik siyasəti, vətən sevgisi, siyasi mədəniyyəti, liderlik və sərkərdə məharəti, qətiyyəti, hərbi və diplomatik qabiliyyəti, nitqi, yumoru, xalq adamı olması da qələbənin əldə edilməsində əvəzedilməz amildir. Qeyd etmək lazımdır ki, ölkənin inkişaf strategiyası, müasir güclü ordunun qurulması hədəfi birbaşa ölkə başçısının öhdəsinə düşür. Məlum olduğu kimi taleyüklü məsələlərdə düzgün qərar qəbul etmək çox ağır və məsuliyyətlidir. Ölkənin-xalqın taleyi məhz bu qərarlardan asılıdır. Bu baxımdan xoşbəxtik ki, dövlətimizim rəhbəri dünya miqyaslı siyasətçi Ulu Öndər Heydər Əliyev məktəbinin yetirməsi İlham Əliyevdir.
...Var insanlar ki, yaradılışdan xüsusi istedadlı, bacarıqlı və qüdrətli doğulurlar. Bu xüsusiyyətləri Tanrı bəxş edir və onları seçir, seçilmişlərdən edir. Ən üstün xüsusiyyətləri lütf etməklə bərabər, Tanrı həm də belə insanları böyük məsuliyyət və sınaqlarla üz-üzə qoyur - bir qövmün, torpağın, xalqın, anaların, körpələrin taleyi onlara tapşırılır. Çox çətin vəzifə və mürəkkəb təqdirdi!
İlham Əliyev Qarabağ torpaqlarına qələbədən sonra ilk qədəmlərini qoyarkən allahın evini ziyarəti zamanı uca Tanrıya dua və şükürlərini yolladı.
Bu Onun yüksək əxlaqi - mənəvi dəyərlərə sadiqliyinin möhtəşəm nümunəsidir. Bu ona Tanrının lütfüdür - daxili zəngin aləm, böyük ideallar və amallarla yaşamaq, yaratmaq! Həm də tək deyil, ömür-gün yoldaşı Mehriban xanım Əliyeva ilə çiyin-çiyinə!
Əbəs deyil ki, keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tək Azərbaycanda deyil, bütövlükdə dünya ictimaiyyətinin də ehtiram və rəğbətini qazanıb. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri ölkəmizin siyasi və ictimai sahələrində böyük işlər görməklə yanaşı, insanlığın ən çox ehtiyac duyduğu xeyirxahlıq, mərhəmətlə xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.
44 günlük müharibə və ondan sonrakı dövrdə Mehriban xanım ictimai xadim olmaqla yanaşı, həm də bir ana, qadın olaraq Prezident İlham Əliyevin rəhbər ideallarını əsas tutub reallaşdırdığı genişmiqyaslı layihələri ilə xalqın sevimlisinə çevirib. Bu qədər əzmkar, yüksək intellektə və dünyagörüşünə malik bir xanımla bərabər addımlaması, hər addımda və qərarlarında onun tərəfindən dəstəklənməsi İlham Əliyevdə olan Azərbaycan kişisinin yüksək liderlik xüsusiyyətlərinin göstəricilərindən biridir.
Ümumiyyətlə, ən müxtəlif sahələrdə qazanılan uğurlar, müşahidə etdiyimiz inkişaf göstəriciləri, dövlət-vətəndaş birliyi, şəhid ailələrinə - analarına, qazilərə dövlət qayğısı, bütünlüklə görülən işlərin hamısı birbaşa Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən strategiya ilə bağlıdır. Tibb işçisi olduğum üçün pandemiya, 44 günlük müharibə və sonrakı dövrdə səhiyyə və tibb sahəsində aparılan islahatları, görülən işləri də vurğulamaq istərdim. Eyni zamanda, xarici ölkələrdə, beynəlxalq təşkilatlarda səhiyyə ilə bağlı düzənlənən müxtəlif konfranslarda Azərbaycan tibbinin inkişafı yüksək qiymətləndirilir, dəstəklənir. Qeyd etmək lazımdır ki, cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasət bütövlükdə İnkişafı şərtləndirən faktor rolunda çıxış edir. Bizə düşən Prezidentin "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" sözlərini qeydsiz-şərtsiz qəbul edərək birlik olub dövlət quruculuğumuzun inkişafında, işğaldan azad edilmiş ərazilərimizin - rayon və kəndlərin, şəhər və qəsəbələrin yenidən tikilib bərpa olunması, qurulması işlərində bacardığımız xidməti göstərməkdir. Öz xeyir-duası ilə hər zaman böyük Liderinin yanında olan Xalqın Dəmir Yumruq ətrafında yekdilliklə birləşməsi isə Azərbaycanın əbədi zəfərinin təminatıdır!
Afət Həsənova
Dosent, tibb üzrə fəlsəfə doktoru