Müsavat Milli Şuradan çıxmağa çalışır

AXCP Müsavatı müxalifətdən dışlayıb parçalamağı hədəfləyib

Müsavat və müttəfiqləri Milli Şuraya qarşı təbliğatı gücləndiriblər. Müsavat müttəfəqilərini danışdıran Müsavat təbliğatı onlardan İsa Qəmbərin lehinə, Milli Şuranın əleyhinə açıqlamalar alırlar. Öncə politoloq Natiq Miri və ictimai rəyin tanımadığı partiya sədri Müsavat başqanının namizəd olmasını vacib sayıblar. Maraqlıdır ki, Milli Şura yaranmazdan öncə Müsavat başqanını sərt tənqid edən, "İsa Qəmbər seçkiyə uduzmağa gedir" deyən ADP sədri Sərdar Cəlaloğlu da Müsavat başqanının namizəd olmasını təqdir edib. O bildirib ki, İsa Qəmbər düz edir. Müsavatçıların sosial şəbəkələrdə aktivliyinin ardınca Müsavat yetkililəri və müttəfiqləri qəti hərəkətə keçiblər. Xalq Partiyasının sədri Pənah Hüseyn Müsavat başqanının namizədliyini dəstəklədiyini deyib. Bu, artıq Milli Şuraya qarşı açıq demarşdır. Qeyd edək ki, Pənah Hüseyn Milli Şuradan kənarda qalmış müxalifətçilərdəndir. Müxalifətin bir zamanlar ideya generatoru adlanan şəxsin qəfildən ortaya çıxıb bu cür bəyanat verməsi təsadüfi məsələ deyil. Görtünür, AXCP-nin "ya İbrahimbəyov, ya boykot" taktikasından vaxtında xəbər tutan Müsavat özünə qurulmuş tələdən çıxmağa cəhd edir. Müsavatın bunu bacarıb-bacarmayacağı baş verən proseslərdən asılı olacaq. Müsavat bu vəziyyətdə əslində haqlı görünür. Müsavat öz namizədini ötən ilin dekabrında elan edib. Milli Şura yarananda Müsavat hamı kimi Rüstəm İbrahimbəyovun namizədlyini dəstəklədi. İndi isə məlum olur ki, İbrahimbəyovun ölkəyə gəlmək problemi var  və Milli Şura təsisçilərinin əsas niyyəti boykotdur.  AXCP rəsmiləri bunu gizlətmirlər də. Sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, İbrahimbəyov namizəd kimi qeydə alınmasa, seçki boykot olunmalıdır. AXCP funksionerlərinin davranışında şübhəli məqamlar var. Aşkar hiss edilir ki, Əli Kərimli və komandasının əsas məqsədi Milli Şuranın qorumaq, gücləndirmək yox, Müsavata psixoloji təsir edib, qovğa çıxarmaq və bu partiyanı Milli Şuradan dışlamaqdır. AXCP Müsavatın həssas yerini gözəl bilir. O üzdən  boykot məsələsini bilərəkdən qabardır və Müsavatı yanlış addıma sövq etmək istəyirlər. Müsavatın mövqeyi haqlı görünsə də, hazırkı durum İsa Qəmbərin xeyrinə deyil. Yaxşı olar ki, Müsavat öz namizədini irəli sürmək üçün İbrahimbəyovun qərarını gözləsin. Vahid namizəd qeydə alınmasa, o zaman Milli Şura onsuzda avtomatik parçalanacaq. Çünki Müsavat, KXCP, VHP kimi partiyalar bu quruma vahid namizəd üçün girmişdilər. Vahid namizəd qeydə alınmayacaqsa, seçki boykot olunacaqsa, o zaman partiyalar seçkiyə öz namizədləri ilə qatılacaqlar. Müsavat da həmçinin. O zaman Müsavatın öz namizədi ilə seçkiyə girməsinin elə bir narazılıq doğurmayacaq. Amma AXCP Müsavata əsəb müharibəsində qalib gəlib, indidən qərar verməyə meyləndirir.   Müsavat öz namizədi ilə prezident seçkilərində iştirakını indidən bəyan etsə, Milli Şurada Müsavat əleyhinə təbliğat başlanacaq. Müsavatı Şuradan dışlayacaqlar, müxalifət daxilində təkləyəcəklər, partiyadan qopmalara təkan verəcəklər. Müsavatda mövqelər fərqlidir. Təcrübəli başqan AXCP-nin fitnələrinə getmir, "vahid namizəd İbrahimbəyovdur" deyib, vaxt udmağa çalışır. Arif Hacıllı-Pənah Hüseyn-Rauf Arifoğlu üçlüyü isə onu tələsdirir. Onlar nəzərə almırlar ki, Müsavat tələsik addım atsa, AXCP-nin tələsinə düşəcək və sosial baza itkisi ilə üzləşəcəklər. Bu baxımdan Müsavatda ən doğru xətt səbrini qoruyan partiya başqanının xəttidir. İsa Qəmbər üçlüyün təzyiqlərinə dözməyib tələsik qərar versə, Müsavat müxalifət daxilində təklənəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00