Elmar Məmmədyarov: "Türkiyə TANAP layihəsinin həyata keçirilməsində daha fəal olmalıdır"

Bu gün Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlu arasında aparılan danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın bütün məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan XİN rəhbəri danışıqların yekunları barədə bildirib. Məmmədyarov deyib: "Biz türkiyəli həmkarımla mütəmadi əlaqə saxlayırıq".
Nazirin sözlərinə görə, o, türkiyəli həmkarını ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Vyanada keçirilən görüş barədə məlumatlandırıb. İqtisadi məsələlərə toxunan Məmmədyarov vurğulayıb ki, Türkiyə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşdırılması məsələsində daha aktiv olmalıdır. Nazir həmçinin bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisi prosesinin sürətləndirilməsi barədə razılığa gəliblər. 
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu Bakıda birgünlük səfərdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00