Azərbaycanı kompüter oyununa çevirmək istəyənlər: uduzan kimdir?
17 İyul 2013 14:36 Siyasət"Yanan kibrit çöplərinə şən alovu həmişə onları yandıran kibrit qutusu vəd edir"
(Stanislav Lem)
Şübhə etmirəm ki, dəmiryol qatarından nə zamansa yararlanıbsınız, vaqonda əyləşibsiniz və o qatar sürətlə şütüyəndə mənzil başına tez çatacağınıza sevinibsiniz, asta sürətlə gedəndə isə sinirlənibsiz - gecikirsiniz deyə. Və həmin vaxt, vaqonda olarkən ağlınızdan keçibmi ki, sərnişinlər arasındakı yaşlı, ahıl, savadlı, humanitar, müəyyən dairələrdə tanınan - ən azı sizin tanıdığınız - adama qatar lokomotivinin sükanını etibar edəsiniz?
Düşünübsünüzmü ki, bu adamı bir neçə ölkədə öz peşə sahibləri ilə yanaşı, başqaları da tanıyırsa, deməli, heç şübhə yox, qatarı sürə bilər və sizi də gərəkli stansiyaya çatdırar?
Deyəcəksiniz ki, absurd. Razıyam, çünki sərnişinin tanınmışlığı, yaşı, bədəninin çəkisi və ya danışdığı sözlər onun qatar sürməyi bacarması demək deyil.
Əsla.
Xam adamı maşinistin yerinə oturtsan, qəza qaçılmazdır. Dəmiryol qəzasında isə nələrin olduğunu hamımız bilirik. Bəs yaxşı, Binə hava limanında təyyarəyə daxil olub yerinizdə əyləşəndən, təyyarə də səmaya qalxandan sonra qarşı kresloda oturmuş tanınmış rəssamı görəndə başqa sərnişinlərlə müzakirələr aparıb razılaşandan sonra ayağa durubsunuzmu, həmin rəssama yaxınlaşıb xahiş-minnətdən sonra onu razı salıb, pilot kabinəsinə aparıb sükan arxasına oturdubsunuzmu?
Axı bu adam tanınmış rəssamdır, məşhurdur, xeyli əsərləri var, hətta əsərlərindən savayı piano çalmağı ilə də tanınır, qəzetlərin yazdığına görə iki balaca köpəyi və bir köhnə "Ford" avtomobili də var: deməli, heyvanları sevir, qəddar deyil. Üstəlik, köhnə maşını varsa, deməli, avtomobillərdən başı çıxır və əntiq modelləri dəyərləndirir. Təyyarə sürməyi bacarmaması şərt deyil: yeni pilot seçilənədək yarım saat şturvalı hərləyər, eyb etməz. Əsas odur sərnişinlərin bir qismi, daha doğrusu lap arxada oturan 5 nəfərin müzakirəsindən sonra seçilib və o nəfərlərdən biri də stüardessaların kabinəsinə soxulub bütün ərzağı "özəlləşdirmək", sonra sərnişinlərdən əlavə bilet tələb etmək niyyətindədir. Həmin eynəkli sərnişin - hansı ki, indi rəssamı az qala dürtmələyib, itələyib pilot kabinəsinə tərəf aparır - gülümsəyir, amma qəddardır, hiyləgərdir və bilir ki, səmada olan təyyarədə sərnişin əlavə pulu ödəməkdən boyun qaçırmayacaq.
Hər halda qapını açıb vidalaşası və aşağı atılası deyil. Səmada belə olaylarla razılaşardınız, bu cür məzhəkəni istərdiniz?
Təbii ki, yox. Xam adam pilotluğu heç bacarmaz və təyyarə qəzasının nə olduğunu da hamımız bilirik. Bəs yaxşı, belədirsə, Milli Şuranın sədrinə çevrilmiş, daha doğrusu, bu vəzifəyə az qala zorla "könüllü şəkildə razılaşdırılmış" ssenarist və kinodramaturq Rüstəm İbrahimbəyovun oktyabrda keçiriləcək prezident seçkilərində iştirakını, hətta onun müxalifətin vahid namizədi qismində irəli sürülməyini necə başa düşək?
İrrasional, absurd, paradoks, əcaib olaydan xeyli vaxt keçir və yeni "inqilabi situasiya" eşqi ilə alovlanan, əslində isə yenidən stəkanda fırtına hazırlayan bir para siyasətçilər başladıqları məzhəkənin artıq tragifarsa çevrilməyə başladığını anlamırlar?
Anlayırlar, onlar sadəlövh, bisavad və ya təcrübəsiz deyillər. Hiyləgər, savadlı və onilliklərə söykənən uğursuzluqlar təcrübəsinə malik olduqları üçün indi Rüstəm İbrahimbəyovdan yararlanmaq qərarına gəliblər. "Ziyalı, siyasiləşməmiş, ölkənin siyasi müstəvilərindən eyni uzaqlıqda və bərabər yaxınlıqda olan neytral, amma tanınmış, nüfuzlu fiqur" adlandırdıqları R.İbrahimbəyovu məhz deyilən, yəni iddia olunan məziyyətlərinə görə Lalə Şövkət, Əli Kərimli və Eldar Namazov əvvəlcə Milli Şuranın sədri etdilər, sonra da kuluar danışıqlarını açıq müzakirələrlə növbələşdirərək sövdələşmələrdən əldə edilmiş anlaşmanı gerçəkləşdirdilər.
Beləcə, R.İbrahimbəyov indi ölkə müxalifətinin prezidentliyə vahid namizədi sayılır. Sayılır, deyil - çünki Rusiya vətəndaşlığından hələ də çıxarılmamış cənab İbrahimbəyovun namizədliyinin qeydə alınması şansı çox azdır. İllərlə hakimiyyətə əks düşərgədə qalmasına rəğmən dağınıq, strukturlaşmamış, başıpozuq skif dəstəsinə bənzəyən müxalifət liderlərini indi, Milli Şura adlanan qurumda birləşdirən amal, istək və niyyət Azərbaycanın inkişafı, vətəndaşların rifahı yox, qisas, intiqam hissləridir. Azərbaycan müxalifətinin simasına baxın. 1993-cü ildən bəri qocalan, ahıllaşan, qırışlarla örtülən, amma elə həmin simalar. Eyni adamlar, eyni baxışlar, eyni sözlər. Onların dövlət başçısı postunda görmək istədikləri Rüstəm İbrahimbəyov yazıçıdır, ssenaristdir, Amerika Kino Akademiyasının üzvüdür, yaşlıdır, tanınmışdır. Amma siyasətdə ingilislər demişkən, "sub zero", yəni "tam sıfır"dır. İdarə etmək arzusuna düşdüyü, özünün də mənsub olduğu xalqın dilində çətinliklə danışır. Siyasi biliyi, təcrübəsi də yardımçısı Eldar Namazovun kinematoqrafiya sahəsindəki təcrübəsi qədərdir. Yəni, ümumiyyətlə, yoxdur. Müxalifət liderləri Şərqi Avropa ölkələri və Qərb demokratiyasının təcrübəsindən bəhs edirlər, bəlağətlə danışır, müqayisələr aparırlar. Məqsədləri bəlli. Təki Azərbaycanı və azərbaycanlıları inandıra bilsinlər ki, Rüstəm İbrahimbəyov yeganə uyğun variantdır, ondan qeyrisi köhnə və hələ də səngiməyən ədavəti yatırda bilməyəcək, Qərbə "müxalifətin problemlərini çatdırmaqda aciz qalacaq" və s.
Milli Şura sədrinin siyasətçi yox, kinodramaturq və siyasi təcrübədən xali olması xüsusilə önə çəkilən məqamlar arasındadır. Yəni dünyanın müxtəlif ölkələrində belə şəxslər prezident seçiliblər, dünya da dağılmayıb, ölkələr inkişaf edib. Sadəlövhlərə hesablanış hiyləgər taktikadır. Əvvəla, dünyanın heç bir ölkəsində siyasət təcrübəsi total sıfır səviyyəsində olan adam SADƏCƏ kinodramaturq, "Oskar" mükafatı almış ssenarist və ya tanınmış yazıçı olduğuna görə prezident seçilməyib, seçkilərə qatılmağı ağlına belə, gətirməyib. Hər il onlarla film "Oskar" alır və Milli Şuranı yaradanların məntiqinə qalsa, Bosniya-Hersoqovinadan tutmuş, Cənubi Koreyaya qədər ən müxtəlif ölkələrdə "Oskar" laureatı olan rejissorlar, ssenariçilər, operatorlar, hətta qrimçilər və vizual effekt ustaları seçkilərə qatılmalıydılar. Qatılmırlar, çünki Rüstəm İbrahimbəyov kimi ahıl yaşda özlərini "macərapərəst" qismində qələmə verib Kisa Vorobyaninov rolu ilə könüllü şəkildə razılaşmırlar. Rüstəm İbrahimbəyov əla bilir ki, 2 illik prezidentlik, müvəqqəti dövlət başçılığı, "keçid dövründə rəhbərlik" sevdası illüziyadır, xam xəyaldır. "Bunu bir az saxla, gəlirəm" sözlərinə əməl etməyə razılaşıbsa, İbrahimbəyov siyasətçi yox, intiqam hissi ilə yanan kompleksli fərddir. Belə fərddən siyasətçi olmaz. Necə ki, İbrahimbəyovun bəyanatları onun necə siyasi "fəhm və taktika sahibi" olduğunu aşkar göstərir. Üstəlik, Qədim Romadan bəri siyasət və dövlətçilik təcrübəsi göstərir ki, təcrübəsiz adama güvənən xalq HƏMİŞƏ uduzub. Rüstəm İbrahimbəyovun siyasətçilik şanslarının nə olduğunu və Milli Şura adlı moveton bəyanatlar məkanını yaradanların həqiqətdən uzaq açıqlamalarının təhlükəsini anlamaq üçün yetər ki, Google-un axtarış qrafasına "hakimiyyətdə təcrübəsiz insanlar", sonra da "siyasi intriqanlar" kəlmələrini yazasınız. Düşünürük ki, nəticələr sizi də maraqlandırar. Belə axtarışa tənbəllik edənlər Çexiya, Polşa, Litva, Ukrayna, Qırğızıstan, Əfqanıstan, Fələstin, Meksika, Konqo və daha bir neçə ölkədə siyasətdən çox uzaq adamların zorla siyasətçiyə çevrilmələrinin sonuclarını araya bilərlər. ...Milli Şura onu yaradanların ambisiyalarını gerçəkləşdirmək üçün siyasi eksperimentə can atır. Fəqət, Azərbaycan kompüter oyunu deyil və burada da "Save" funksiyası yoxdur ki, Rüstəm İbrahimbəyov kimi "müvəqqəti, keçid prezidenti"nin ölkənin başına açacaq bəlalardan sonra hər şeyi əvvəlki vəziyyətə qaytarmaq olsun. R.İbrahimbəyov Milli Şuranın sədri seçiləndən sonra əvvəlcə Rusiya rəhbərliyinə ultimatum yolladı, sonra Avropa Birliyini hədələdi, axırda da jurnalistlərin "ağzına tərs şapalaq" vura biləcəyini söylədi. Azərbaycan müxalifətinin vahid namizədi budursa, onda artıq sözə gərək yox... milli.az