QARABAĞA YÖNƏLƏN EKOSİD
23 Dekabr 2022 09:33 SiyasətEkoloji cinayət bəşəriyyətə və ətraf mühitə yönələn təhdid və təxribatdır. Ermənistan istər Azərbaycanın Qarabağ bölgəsini işğal etdiyi müddətdə, istərsə də post-müharibə dövründə ekoloji təxribatlardan əl çəkməyibdir. Hətta Azərbaycanın Qarabağ və ətraf regionlarında ekoloji böhranla bağlı beynəlxalq təşkilatlarda aparılan müzakirələr, qəbul olunan sənədlər Ermənistanın təxribatlarını dayandırmadı. Bu problemlə bağlı 2010-cu ildə Parisdə AŞPA-nın yaz sessiyasında Ermənistanın ekoloji cinayətləri müzakirə olunarkən Azərbaycan nümayəndə heyətinin sədri tərəfindən ermənilərin Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlarda faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində Araz çayının Oxçuçay, Arpaçay və Həkəri çaylarının çirkab tullantılarla çirkləndirməsi, Laçın və Kəlbəcər meşələrində qırmızı kitaba düşmüş nadir ağac növlərinin məhv edilməsi problemləri sessiya iştirakçılarına rəsmi müraciət əsasında çatdırıldı. Lakin AŞPA-nın nə 2010-cu il sessiyasının müzakirələri, nə də 2016-cı ildə bu məsələ ilə bağlı qəbul etdiyi 2085 saylı qətnamə erməni separatizminin ekosid fəaliyyətinin qarşısını ala bilmədi.
44 günlük Vətən müharibəsini qalibiyyətlə bitirən Azərbaycan dövlətinin ekoloji problemləri bu gün tam olaraq həllini tapmayıb. 2022-ci il dekabrın 3-7 də bölgədə ekoloji fəlakətin qarşısını almaq məqsədi ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir sıra ekoloqlarının Rusiya sülhməramlıları ilə danışıqlarda razılıq əldə etməsinə baxmayaraq yataqlara monitorinq təşkilinin əngəllənməsi Şuşa-Xankəndi yolunda Azərbaycan könüllülərinin, ekoaktivistlərin haqlı etiraz aksiyasının başlamasını qaçılmaz etdi. 12 dekabr 2022-ci il tarixində başlayan Şuşa-Xankəndi yolunda Azərbaycan vətəndaşlarının - ekoaktivistlərin sivil etiraz aksiyası ekoloji fəlakətin qarşısını almaq məqsədi daşıyır.
Əslində bu gün şahidi olduğumuz ekosid bizə yaxın keçmişi bir daha xatırladır. Məhz 1988-ci il 17 noyabr Azərbaycan xalqının azadlıq arzuları və milli oyanış ideyaları Şuşadakı Topxana meşəsindən başladı. Ekoloji cəhətdən təmiz Topxana meşəsinin erməni qəsbkarları tərəfindən yandırılaraq talan edilməsi, qiymətli ağacların Ermənistana daşınması Azərbaycan vətəndaşını "Topxana harayı"na çağırdı. Hadisələrin bu məkandan başlaması təsadüfi deyildi. Hələ 1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın Şuşanı mühasirəyə aldığı zaman topların müdafiə məqsədilə yığıldığı məkan Topxana ərazisi Şuşanın həm də mübarizə simvolu sayılır.
Son aylarda Azərbaycan dövlətinə məxsus peyklərin fəzadan kosmik müşahidə nəticəsində Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlıların məsuliyyətsizliyi və açıq şəkildə erməni separatçılarının ekotalan fəaliyyətinə şərait yaratdığı aşkar olundu. Cənubi Qafqazda sülhün təminatçısı funksiyasını öhdəsinə götürən qonşu Rusiya belə cinayətlərin pərdəarxası dəstəkçisidir. Bu səbəbdən son iki ayda erməni əsilli Rusiya vətəndaşı Ruben Vardanyanın rəhbərliyi ilə Dəmirli yatağında mis-molibden ehtiyatlarının istisamarı intensivləşib.
Baxmayaraq ki, bu yataqların, eləcə də hazırda sülhməramlıların nəzarətində qalan Qızılbulaq yatağının rəsmi istismarı ilə bağlı 1997-ci ildə Azərbaycan hökuməti tərəfindən Böyük Britaniyaya məxsus Anglo-Asian Mining şirkətinə (rəhbəri iran əsili Rza Vəzəri) icazə verilsə də 2020-ci ilə qədər Qızılbulaq və Dəmirli yataqları Base Metals şirkəti tərəfindən istismar edilmiş, təkcə 2019-cu ildə şirkət Qarabağdakı qondarma rejimə 38,5 milyon dollar vergi ödəmişdir. Qarabağ ərazisində mövcud üç qızıl yatağı 30 il ərzində erməni separatçılarının qanunsuz istismarına məruz qalan Söyüdlü - Zod, Qızılbulaq, Vejnəli qızıl yataqları həm də regionun ekologiyasına - su hövzəsinə, meşə örtüyünə və tarixi-memarlıq tikililərinə qarşı yönələn ekocinayətdir.
Azərbaycan hökuməti Baş Prokurorluğun ardıcıl səyləri nəticəsində 2009-2017-ci illərdə Qızılbulaq yatağının barbarcasına istismarı nəticəsində 178 milyon dollar qazanc götürdüyünü sübuta yetirdi. Valleks şirkətlər qrupuna daxil olan Base Metals şirkəti Dəmirlidə 2012-ci ildən emal etdiyi mis-molibden filizini Qızılbulaqda filizsaflaşdırma müəssisəsində emal edilirdi. 2016-cı ildə 2 milyon ton filizi olan Dəmirli molibden kompleksi qanunsuz tikilərək istifadəyə verildi. Bu ərazidə nəinki meşə örtüyü eyni zamanda 2500 dən çoxu tarixi memarlıq abidələri dağıntılar altda qalıb, 580 min kub metr su hövzəsi tullantılarla çirləndirilib, 82 hektarlıq meşə örtüyü qanunsuz tikinti işləri zamanı məhv edilib. Base Metals hər ay 12 min ton filizi saflaşdıraraq Ermənistana daşıyıb. Qızılbulaq yatağından hasil edilən qızıl hətta İrana ixrac olunubdur.
Onu da qeyd etmək vacibdir ki, Avropa İttifaqının ermənipərəst parlamentarilərinin son aylarda Ermənistan hakimiyyətinə nümayiş etdirdikləri hərtərəfli dəstək Cənubi Qafqaz regionunun ekoaləmində mövcud böhranı daha da sürətləndirib. Təkcə son beş ildə Avropa Parlamenti Ermənistanın ekoloji mühitinin sağlamlaşdırılması üzrə böyük həcmli fəaliyyət planını təsdiq etmiş və bu sahəyə 2,6 milyard dollar vəsait xərcləmişdir. Bu faktlar regionda Ermənistanın ekosid fəaliyyətinin arxasında hansı güc strukturlarının dayanmasını bir daha təsdiq edir.
Yeganə Baxşıyeva
AMEA Qafqazşünaslıq İnstitutu
Qafqaz siyasəti şöbəsinin elmi işçisi
