“Rusiya “Esnouden kartı”ndan ABŞ-a qarşı məharətlə istifadə edir” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Esnoudenin açıqlamalarından sonra ABŞ ciddi problemlərlə üzləşəcək”
16 İyul 2013 17:29 Siyasət"ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi dünyanın ən güclü kəşfiyyat orqanlarından biridir. Amerika cəmiyyətinin yarıdan çoxu Ağ Evin yürütdüyü siyasəti həzm edə bilmir. Ona görə də Julian Assanc və Eduard Esnoudenk kimi adamlar Vaşinqtonun siyasət prioritetlərinə zidd açıqlamalar vermək məcburiyyətində qalırlar". Politoloq Cümşüd Nuriyev MKİ-nin keçmiş əməkdaşı Eduard Esnoudenin Ağ Evə məxsus gizli materialları dərc etməsi məsələsinə münasibət bildirərkən belə deyib. C.Nuriyev hesab edir ki, Assanc və Esnoudenin bəyanatları ABŞ-ın insan haqlarına hörmət etməməsini və demokratiyadan pərdə kimi istifadə etməsini gündəmə gətirir. Acınacaqlı olsa da onların fikirlərində həqiqətlər var: "Esnouden Assancdan daha çox ABŞ-a ziyan vurdu. Assanc gizli şəkildə ötürülmüş məlumatları yayırdısa, Esnouden MKİ-nin içərisindən məxfi məlumatları yayırdı. Keçmiş kəşfiyyatçı Ağ Ev rəsmilərinin gizli danışıqlarını yaydı. Bir ay ərzində ABŞ 9 milyon sms və yaxud ötürülmüş e-mail məlumatlarına nəzarət edirsə, demək məsələ çox ciddidir. Esnouden bununla ABŞ demokratiyasının iç üzünü açıb göstərdi. Assanc və Esnoudenin hanısa dövlətlər tərəfindən maliyyələşdirilməsi inandırıcı deyil. Esnoudenin özü də bildirmişdi ki, onun Amerikada kifayət qədər bahalı mülkü və banklarda külli miqdarda maddi vəsaiti olub. Sadəcə olaraq Esnouden Ağ Evin insanlara qarşı radikal qərarlarına dözə bilmədiyi üçün bu cür qərarlar qəbul edib. Eduardın daxilindəki "mən" xarici "mən"inə üstün gəldi və Amerika rəsmilərinin yalanlarını qəbul edə bilmədi. Esnouden ABŞ-ın üçüncü, dördüncü siyasət addımlarını atdığını bildiyi üçün bu addımları atmağa məcbur oldu. Ona görə də Esnoudenin hansısa qüvvələr tərəfindən maliyyələşdirilməsi inandırıcı deyil. Amma Rusiya bu məsələdən çox gözəl şəkildə yararlandı. Çox güman ki, Esnoudenin açıqlamalarından sonra ABŞ ciddi problemlərlə üzləşəcək". ("OLAYLAR"İA)