Müxalifətin evcik-evcik oyunu
16 İyul 2013 16:11 SiyasətBu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə cəmi 3 ay vaxt qalıb. Seçkiyə qalan qısa bir vaxt ərzində hakim Yeni Azərbaycan Partiyası istisna olmaqla müxalifət düşərgəsində seçki hazırlığından daha çox partiyaların bir-birini sıradan çıxarmaq, qara piar kampaniyası aparmaq kimi tendensiyalar müşahidə edilir. Bu günlərdə müxalifət düşərgəsində daha bir təşkilatın, Demokratik Qüvvələr Birliyinin yaradılması da deyilənləri təsdiqləyir. Azərbaycan Milli İstiqlal, Açıq Cəmiyyət, Böyük Azərbaycan, İslam Demokrat, Klassik Xalq Cəbhəsi, Azərbaycan Liberal və Xalq Azadlıq Partiyasının iştirakı ilə yaradılan Demokratik Qüvvələr Birliyiinin əsasnaməsi də qəbul edilib. Məlumat üçün qeyd edək ki, DQB-nin əsasnaməsində onun üzvlərin birgə fəaliyyətini təmin etmək, qarşıya qoyulan əsas məqsədə nail olmaq üçün, o cümlədən seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, siyasi fəaliyyət, ifadə azadlığı və sərbəst toplaşmaq azadlıqlarının real təmin olunmasına yönəlik təkliflər və layihələr hazırlayıb ictimai müzakirəyə çıxarmaq və onları aid olduğu dövlət orqanlarına təqdim etmək istiqamətində fəaliyyət göstərəcəyi qeyd edilir..
Adıçəkilən birliyin tərkibinə və orada təmsil olunan partiyalara nəzər yetirdikdə DQB-nin Demokratik Qüvvələrin Məşvərət Məclisinin bir nüsxəsi olduğu aydın görünür. Düzdür, Məşvərət Məclisində təmsil olunan Azadlıq və Aydınlar Partiyası yeni birlikdən kənarda qalsalar da, yerdə qalan əksəriyyət "köhnə komanda"dır. Bəs görəsən eyni tərkibdə yeni bir qurumun yaradılması kimə və ya nəyə xidmət edir? Bu suala cavabı isə bir neçə istiqamətdən tapmaq olar.
Birincisi, Demokratik Qüvvələr Birliyinin yaradılması ideyası Azadlıq Partiyasının sədri Əhməd Orucun da dediyi kimi eks-spiker Rəsul Quliyevə məxsusdur. Səbəb isə eks-spikerin Məşvərət Məclisi və Milli Şura ilə bağlı planlarının reallaşmamasıdır. Rəsul Quliyev Demokratik Qüvvələrin Məşvərət Məclisinin yaradılmasına xeyir-dua verməklə düşünürdü ki, adıçəkilən qurum tezliklə onun Azərbaycana qayıdışına yaşıl işıq yandıra biləcək. Hətta ACP lideri bunun üçün Məşvərət Məclisinə kütləvi aksiyalar keçirməyi də tövsiyyə edir və orada təmsil olunan partiyaları açıqca təxribata çəkirdi. Lakin MM-dakı bəzi partiyaların Rəsul Quliyevin təxribatına getməməsi eks-spikerin planlarını alt-üst etmiş oldu. Sonrakı mərhələdə Milli Şuranın yaradılması zamanı da eks-spiker öz məkrli planlarını işə saldı. Daha dəqiq desək o, sözügedən qurumun vahid namizədi olmaq xülyasına düşdü. Vəziyyət o həddə çatdı ki, eks-spikerin lideri olduğu Açıq Cəmiyyət Partiyası Məşvərət Məclisindəki fəaliyyətini arxa plana keçirərək Milli Şuraya üz tutdu. Lakin Milli Şuranın namizədinin Rüstəm İbrahimbəyov olması eks-spikeri məyus etdi. Elə buna görə də ACP lideri sözügedən quruma qarşı alternativ bir birlik yaratmağı qərarlaşdırdı. Əslində yeni yaradılmış Demokratik Qüvvələr Birliyinin Rəsul Quliyevin prezidentliyə namizədliyini irəli sürəcəyi və ya onun ölkəyə qayıdışına nail olacağına eks-spikerin özü də inanmır və bu ACP liderinə gün kimi aydındır. Sadəcə məqsəd ondan ibarətdir ki, müxalifət daxilində daha çox təbəqələşmə yaransın. Onsuz da bu gün Azadlıq və Aydınlar Partiyasını çıxmaq şərtilə DQB-də təmsil olunan partiyalar dünənə qədər Məşvərət Məclisində idilər. Belə olan halda yeni bir təşkilat yaratmağa n\ə ehtiyac vardı? Yeni bir qurum yaratmaqdansa Azadlıq və Aydınlar Partiyasını Məşvərət Məclisindən çıxarıb o təşkilat adı altında fəaliyyət gödtərmək daha məqsədəuyğun olmazdımı? Cavab birmənalı olaraq "xeyir"dir. Çünki bu siyasilər elə zənn edirlər ki, gündə yeni bir təşkilat və qurum yaratmaqla guya hansısa yeniliyə imza atırlar. Daha dərk etmirlər ki, yenilik iki gündən bir birlik yaratmaq deyil. Yenilik şüurlarda, fəaliyyətdə, ideyada olmalıdır ki, bu da müxalifət partiyalarının böyük əksəriyyətində yox dərəcəsindədir.
İkincisi, Milli Şuranın yaranması ilə İctimai Palata kimi Demokratik Qüvvələrin Məşvərət Məclisi də cəmiyyətin diqqətindən kənar bir quruma çevrilmişdi. Hər nə qədər Məşvərət Məclisi toplantılar keçirib cəmiyyət üçün aktual olan məsələləri müzakirəyə çıxarsa da, xalq tərəfindən həmin quruma olan reaksiya sıfır səviyyəsində idi. Çünki siyasi meydandakı boşluğu yeni təşkilat-Milli Şura doldurmağa çalışırdı. Aradan qısa vaxt keçməsinə baxmayaraq Milli Şuranın buna nail olması müxalifətin digər cinahını hərəkətə gətirməyə bilməzdi. Bu hərəkətlilik isə nəticə etibarilə Demokratik Qüvvələr Birliyinin yaranması ilə nəticələndi.
Bütün bu proseslərdən görünən odur ki, sağçı, solçu, mərkəzçi, millətçi, demokrat, islamçı və ya liberal olmasından asılı olmayaraq müxalifət düşərgəsindəki partiyaların qarşısına qoyduğu yeganə məqsəd heç də seçkilərdə iştirak edib hakimiyyətə gəlmək deyil. Bu düşərgədəki partiyaların əsas hədəfi öz sıralarında olan partiyalar və onların liderlərini sıradan çıxarmaqdır. Evcik-evcik oyununu xatırladan müxalifət birliklərinin yaradılması da məhz bu məqsədə xidmət edir. İstər insan resursları, istərsə də cəmiyyətə yeni ideya və proqramlar təqdim etməkdə mövcud hakimiyyətlə rəqabət apara bilmək qabiliyyətində olmayan müxalifət partiyaları yeganə çıxış yolunu müxalifətin müxalifəti olmaqda görür. Bunun üçün də yuxarıda qeyd etdiyimiz kimi müntəzəm olaraq evcik-evcik oyununu xatırladan birlik və bloklar yaradılır.
Süleyman İsmayılbəyli