“AXCP-dəki bəzi fərdlər İsa Qəmbəri qısqanırlar”

Hüseyn Məlikov: “Müxalifətin yeganə namizədliyə alternativi Müsavat başqanıdır, başqası yoxdur”

"AXCP daxilində müəyyən fərdlər var ki, sosial şəbəkələr və mətbuat vasitəsilə Müsavat Partiyasına qarşı "qara piar" kampaniyası aparırlar". AXCP və Müsavat arasında baş verən gərgin hadisələrə aydınlıq gətirən Müsavat başqanının müşaviri Hüseyn Məlikov belə deyib. H.Məlikov hesab edir ki, həmişə AXCP-ın müəyyən fərdləri tərəfindən Müsavata qarşı həqiqətə uyğun gəlməyən fikirləri olub və bu tendensiya gələcəkdə də davam etdiriləcək. Müsavatın Azərbaycan siyasətində fərqli mövqeyi olduğu üçün partiyaya qarşı olan bəzi müxalif qüvvələr onun ideoloji-siyasi xəttini qəbul etmirlər: "Müsavat bütün hallarda seçkilərin boykot edilməsinin tərəfdarı deyil. Milli Şuradakı bəzi partiyaların səylərinə baxmayaraq Müsavat payızda keçiriləcək prezident seçkilərində öz namizədi İsa Qəmbərlə iştirak edəcək. AXCP daxilindəki müəyyən qüvvələr də bunu nəzərə alaraq Müsavata qarşı prinsip davası açıblar. Partiyanın Milli Şuranın seçkiləri boykot etməsi qərarına qarşı gəlməsi həmin fərdləri qıcıqlandırır. Bu gün artıq müxalifət daxilində boykotçularla seçki tərəfdarları arasında mübarizə kəskinləşir. Azərbaycan müxalifətində İsa Qəmbərin açıq hiss olunan siyasi çəkisi bəzi qüvvələr tərəfindən də qısqanclıqla qarşılanır. Həmin qüvvələr də başqanın namizəd olmasını açıq şəkildə istəmirlər. Ona görə də müxtəlif vasitələrlə Müsavatı zəif salmağa çalışırlar. Çünki, müxalifətdə düşünməyi bacaran tək siyasətçi İsa Qəmbərdir. Müxalifətin yeganə namizədliyə alternativi Müsavat başqanıdır, başqası yoxdur". ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00