Müsavat üçün kritiik dönəm başlandı - SİYASİ ANALİZ

AXCP İsa Qəmbərin sosial bazasına sahiblənməyə çalışır

Milli Şuranın AXCP ilə Müsavatın savaş meydanına çevriləcəyi ilə bağlı proqnozlar özünü doğrultmaqdadır. Müsavat Məclisinin son toplantısından sonra gərginlik daha da artıb. Sosial şəbəkələrdə söz atışmaları, qarşılıqlı replikalar vəziyyətin ciddiliyindən xəbər verir. Qeyd edək ki, Məclisin son toplantısında qərara alınıb ki, İsa Qəmbərin prezidentliyə namizədliyi qüvvəsində qalır. Bu məsələdə son qərarı vermək hüququ Divana və İsa Qəmbərin özünə verilib. Müsavatçıları narahat edən nədir? İki partiyanı (AXCP ilə Müsavat) bir-birinə düşmən edən hansı amillərdir? Müsavatla AXCP arasında 20 illik qarşıdurma və rəqabət öz yerində. İndilikdə bu partiyaların istədiyi nədir? Müsavat Milli Şuraya könülsüz girib. Bir il öncə Bibiheybətdə keçirilən aksiyalar ənənəvi müxalifətin gücsüzlüyünü ortaya çıxardı. Bundan sonra inamsızlıq başlandı, ümid kənar yerdə axtarıldı. Ziyalılar Forumu, Rüstəm İbrahimbəyov, Milyarderlər İttifaqı ümid çıraqı kimi göründü. Prosesin məntiqi nətcəsi olaraq İbrahimbəyovun vahid namizədliyi ortaya çıxdı. Amma partiyaların öz maraqları da var. İnsanlar ömrünün 25 ilini siyasətə, AXC-yə veriblər. AXC-nin şinelindən çıxmış partiyalar və adamlar 20 ildi meydandadırlar. Dəfələrlə həbsə düşmüş bu adamlar birdən-birə meydanı tərk etmək, siyasətdən əliboş getmək istəmirlər. Müsavatın rəhbərliyində və ətrafında belə adamlar çoxdur. 2003-cü ildə xəyal qırıqlığına uğramış bu adamlar bir daha aldanmaq, seçkidən məğlub çıxmaq və həbsə girmək istəmirlər. Onlar artıq praqmatik olublar. Müsavatın hakimiyyəti btüöv götürmək gücündə olmadığını yaxşı bilir, 5-6 deputat mandatını qənimət hesab edirlər. Müsavatın seçki strategiyası da 2013-cü ilə deyil, 2015-ci ilə hesablanıb. Onlar qarşıdakı parlament seçkilərində 5-6 mandat qazanmaq istəyirlər. İsa Qəmbər başqanlıqdan mandat alaraq getmək, Pənah Hüseyn, Arif Hacılı yenidən deputat olmaq istəyirlər. Amma Milli Şura bu plana uyğun gəlmir. Qurum zatən Müsavatın maraqlarına uyğun deyildi. AXCP-nin qarşıdakı parlament seçkilərində mandat qazanmaq perspektivi yoxdur. O üzdən AXCP-nin əsas hədəfi Müsavatı sıradan çıxarmaqdır. Müsavatın vəziyyətdən çıxmaq çabaları göstərir ki, hələki proses AXCP-nin arzuladığı kimidir. Müsavat Milli Şuradan çıxa bilməz, İsa Qəmbər namizədliyini verə bilməz. Əks halda AXCP ictimai qınağı Müsavata qarşı çevirər. Bu mərhələdə İsa Qəmbərin işi zordur. O həm Rauf Arifoğlunun, Pənah Hüseynin, Arif Hacılının maraqlarını təmin edib Milli Şura ilə məsafə saxlamalı, həm də partiyanın narazı tabanını qoruyub saxlamalıdır. Müsavat Partiyası üçün olduqca çətin mərhələ başlanır. Müsavat Milli Şuradan çıxıb müstəqil şəkildə seçkilərə qatılsa, bu, partiyanın parçalanmasına gətirib çıxaracaq. Müsavat eynilə 2000-ci ildə AXCP-nin düşdüyü duruma düşəcək. Rəhbərlik qalacaq, rayon şöbələri Müsavatı kütləvi şəkildə tərk edəcək. Kənardan elə görünür ki, bütün partiyalar Müsavata qarşıdır. İbrahimbəyova dayanan bütün Milli Şura partiyaları Müsavatın parçalanmasını istəyirlər. ALP də, ACP də Müsavatın bir partiya olaraq sıradan çıxmasında maraqlı görünürlər. Amma ən maraqlı tərəf AXCP-dir. Kəsəsi, bu partiya Müsavatın bu seçkidən parçalanmış şəkildə çıxmasında, müsavatçıların AXCP-yə keçməsində maraqlıdır. İbrahimbəyov da, Milli Şura da AXCP üçün yalnız şirmadı, əsas niyyəti pərdələmək vasitəsidir. Əli Kərimlinin başlıca hədəfi partiyasını Müsavatın hesabına böyütməkdir.
Əslində Müsavatın mövqeyində haqlı tərəflər var. Müxalifət nədən axı seçki strategiyasını İbrahimbəyovla bağlamalıdır? Birdən o, gəlməsə necə olacaq? Bu halda müxalifət nədən boykota getməlidir? Görünən odur ki, AXCP və El hərəkatı ya İbrahimbəyov, ya da boykot taktikasını yürüdür. Bu isə Müsavata sərf etmir. Məsələ artıq aydınlaşmağa doğru gedir. Vahid namizədi qeydə alınmasa, Milli Şurada parçalanma başlanacaq. Müsavat qurumu tərk edəcək, partiyalar Müsavata qarşı cəbhə açacaq. Amma Müsavat kritiik dönəmi adlatsa, proses elektoratının yeganə namizədi kimi səs ala bilər.
 

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00