Demokratik, sivil siyasi mübarizə ənənəsini yaratmağa qadir siyasi qüvvələrə ehtiyac var- RƏYLƏR

"Siyasi partiyalar haqqında" yeni qanunda Azərbaycan siyasi sisteminin özünəxaslığı qorunub saxlanır

Milli Məclis "Siyasi partiyalar haqqında" yeni qanun layihəsini birinci oxunuşda təsdiqlədi. Lakin ölkədə siyasi institutların fəaliyyətini tənzimləyəcək qanin layihəsi barədə fikirlər birmənalı deyil. Baxmayaraq ki, sözügedən sənəd geniş ictimai müzakirədən keçib, ancaq layihənin ayrı-ayrı müddəaları ilə razılaşmayanlar da var. Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli qeyd edib ki,  hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun 30 il əvvəl qəbul edilib. Azərbaycanın  həmin dövrü ilə indiki dövrü arasında ciddi yeniliklər olub, bu müddətdə ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib. Xüsusən də torpaqlarını işğaldan azad edən qalib Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib. Belə bir şəraitdə yeni reallıqların və tələblərin, həmçinin keçən dövr ərzində Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərin yeni qanunda təsbit olunması zərurəti yaranıb: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində dövlət və cəmiyyət həyatında baş verən bu böyük dəyişikliklər prosesinə Milli Məclis qanunvericilik müstəvisində öz töhfəsini verməyə bilməzdi. Beləliklə, parlamentdə təmsil olunan siyasi partiya nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ediblər. Parlamentin sədri siyasi partiyaların təklifini dəstəkləyib və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verib. Layihə hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilib, ölkənin siyasi sistemi və milli xüsusiyyətləri, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınıb. Məsələ ilə bağlı Milli Məclisin ölkədə fəaliyyət göstərən siyasi partiyalara müraciət edilib və 47 siyasi partiyadan 250-dən çox təklifin daxil olub, həmçinin Sosial Tədqiqatlar Mərkəzinin qanun layihəsi ilə bağlı sosial sorğu həyata keçirib. Bütün bunlar ümumiləşdiriləndən sonra qanun layihəsi geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Sonra qanun layihəsi ilə bağlı  siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə geniş dinləmələr və müzakirələr keçirilib. Aparılan müzakirələrdə səslənən fikirlər, irəli sürülən təkliflər nəzərə alınmaqla, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. Sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib".

XXX

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri olan partiyalarla bağlı yeni qanun layihəsinin demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlandığını qeyd edib. Komitə sədri bildirib ki, Yeni Azərbaycan Partiyasının yubiley mərasimində Prezident İlham Əliyevin nitqi 30 illik ictimai-siyasi tariximizin xronikası, eləcə də siyasi qüvvələrin yaranması və keçdiyi inkişaf yolunun dolğun şəkildə qiymətləndirilməsi idi. Ölkə rəhbəri yeni dövlət quruculuğunu güclü partiyalar sistemi ilə birgə gördüyünü bəyan edib: "Prezidentin çıxışını alqışlarla qarşılayan yüzlərlə məsləkdaşları ilə bərabər, 50-yə qədər partiya rəhbərinin siyasi-ideoloji baxışlarındakı fərqlərə baxmayaraq, yeni qalib siyasi sistemi və yeni milli hədəfləri dövlətlə bir görməsi tarixi hadisə idi. Ona görə də dövlət idarəçiliyində baş verən yeni institusional dəyişikliklər "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulunu zəruri edir". Z.Oruc Azərbaycanın sağlam, rəqabətədavamlı, demokratik, sivil siyasi mübarizə ənənəsini yaratmağa qadir olan siyasi qüvvələrə ehtiyac duyduğunu deyib: "Yalnız mənəvi baxımdan deyil, həm də siyasi və hüquqi cəhətdən köhnələn əvvəlki qanunun yenisi ilə əvəz olunmasının siyasi partiyaları yeni keyfiyyət və kəmiyyət mərhələsinə çıxaracaq".

XXX

Millət vəkili Sahib Alıyev qeyd edib ki, bu layihə təkcə Konstitusiyamıza, "Normativ hüquqi aktlar haqqında" qanuna,  bir sıra beynəlxalq konvensiyalara, Venesiya Komissiyasının tövsiyyələrinə,  təmsilçilik demokratiyasının oturuşduğu ölkələrin təcrübəsinə dayanılaraq hazırlanmayıb. Burada həm də Azərbaycan siyasi sisteminin özünəxaslığı  da qorunub saxlanır. Venesiya Komissiyasının çox az sayda  tövsiyyəsinin nəzərə alınmaması da daha çox bundan irəli gəlir ki,  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun siyasi partiyalarla bağlı uyğun sənədində də belə hallara yol verildiyi öz əksini tapıb: "Ümumiyyətlə, bu layihə bizim çağdaş parlamentçilik tariximizdə hazırlanan kimi ictimai baxışa təqdim edilən, maraqlı tərəflərin iştrakı ilə geniş dinləmələr keçirilən, onların təkliflərinə tam açıq olan, irəli sürülənlərin xeylisinin də nəzərə alındığı çox az sayda qanunvericilik aktlarından biridir. Bu qanun layihəsini bir neçə baxımdan önəmli sayıram. Onun niyə məhz indi meydana çıxmasının da bir neçə səbəbi var. Qabaqcıl ölkələrin hamısının təcrübəsi göstərir ki, onların uğurlarının kökündə oturuşmuş təmsilçilik demokratiyası durur. Bir ölkədə təmsilçilik demokratiyası isə o zaman oturuşmuş xarakter alır ki, orada cəmiyyətdə yetərincə çəkisi olan ikidən artıq partiyanın yer aldığı  güclü çoxpartiyalı sistem var. Bizdə  ölkəmiz üçün ehtiyac duyulandan xeyli artıq, 58 partiya qeydiyyatdan keçsə də, bu, hələ çoxpartiyalı sistem demək deyil. Çünki həmən partiyaların hamısı da olmasa, çoxunun fəaliyyətinə diqqət yetirsək, əksinə proqramsızılq, platformasızlıq və sistemsizlik görəcəyik. Onların əksəriyyəti Azərbaycanda partiya quruculuğunun ilk illərindən qalma ənənələrdən hələ qurtula bilməyiblər. Amma qurtulmaq, cəmiyyət üzərində yetərincə təsiri, çəkisi, təkmil proqram və platforması, fərqli ideologiyası olan siyasi birliklərə çevrilmək lazımdır ki, fikrimcə,  "Siyasi Partiyalar haqqında" yeni qanun aşırı bürokratçılıq kimi qiymətləndirilə biləcək bəzi maddələri nəzərə almasaq, belə bir perspektiv vəd edir.

Qanun layihəsinin niyə məhz indi meydana çıxma səbəblərinə gəldikdə onu şərtləndirən birinci səbəb  cənab İlham Əliyevin dörd il öncə buradakı çıxışında anonsunu etdiyi islahatlarla yanaşı, həm də ikinci Qarabağ savaşının yaratdığı reallıqdır. İkinci Qarabağ savaşında biz təkcə torpaqlarımızı azad etmədik, o savaşdan həm də milli təəssübkeşlik hissi regional, etnik bağlılıqdan və siyasi baxışlardan çox yüksəkdə olan bir dövlət xalqı, formalaşmış millət kimi çıxdıq. Yəni çoxkonfessiyalı və çoxmillətli bir dövlət kimi gücümüzün həm də fərqliliyimizdə olduğunu artıq təsdiqləmişik. Bu reallıq da göstərir ki, ölkənin bu günü və gələcəyi ilə bağlı yadların diqtəsilə formalaşdırlan yox, milli maraqlara dayanan müxtəlif siyasi baxışların mövcudluğu, bizim üçün təhlükə deyil, güc mənbəyidir.  Amma bu baxışların da cəmiyyətdə yetərincə tərəfdarları olmalıdır ki, çoxpartiyalı sistemsiz bu mümkünsüzdür. Cənab Prezident dəfələrlə vurğulayıb ki,  əgər güclü iqtisadiyyat qurmasaydıq, iqtisadi potensialımız imkan verməsə idi, bizim müstəqil siyasət yeritməmiz heç də asan olmayacaqdı.  Doğrudan da elədir, ancaq  orası da var ki, iqtisadi potensialları bizdən qat-qat böyük olsa da, müstəqil siyasət yeritməyi bacarmayan ölkələr də az deyil.  Hesab edirəm ki, bu, bir tərəfdən lider faktoruna bağlıdırsa, digər tərəfdən də oradakı siyasi sistemin mahiyyətindən, partiyaların kənar təsirlərə yatımlı olmalarından qaynaqlanır. Bu gün Azərbaycanın başında milli maraqları hər şeydən üstün tutan, onu təmin etmək üçün bütün riskləri gözə alan və hər çür təzyiqlərə tab gətirməyi bacaran güclü bir lider durur. Amma biz elə etməliyik ki, bugünkü reallıq institutlaşmış xarakter alsın və kimin rəhbərlik etməsindən  asılı olmayaraq dövlətimiz 100 il sonra da müstəqil siyasət yeritməyi bacarsın. Bunun üçünsə düzgün, bütün mümkün risklərdən sığortalanmış, yeni dövrün cağırışlarına adekvat cavab verən  uğurlu partiya quruculuğu gərəkdir ki, fikrimcə,  müəyyən təkmilləşmələrdən sonra bu layihə o baxımdan hüquqi baza rolunu oynaya bilər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31