Rəsmi Moskvanın sülhməramlılar vasitəsilə yürütdüyü siyasətə qarşı adekvat tədbirlər görülməlidir
2 Dekabr 2022 11:30 SiyasətQarabağda vəziyyət hər ötən gün bir qədər də gərginləşir. Qeyri-qanuni erməni hərbi birləşmələrinin müntəzəm olaraq Azərbaycan Ordusunun mövqelərini atəşə məruz qoyması Azərbaycanı yenidən sərt və daha ciddi addımlar atmaq məcburiyyətində qoyur. Rəsmi Bakının Qarabağda guya sülhyaratma missiyasını öz üzərinə götürən Rusiya sülhməramlılarına etdiyi müraciətlər, onların qeyri-qanuni erməni silahlı birləşmələrinın təxribatlarının qarşısını almaq kimi tələblərinə isə ikinci göz yumur, qulaqardına vurur. Bu azmış kimi qeyri-qanuni erməni silahlı birləşmələrinin silahlanması, Ermənistandan Qarabağa silah daşınmasının qarşısını almağa maraqlı görünmür.
Paralel olaraq sülhməramlı qüvvələr Azərbaycan ərazilərini erməniləşdirmək istiqamətində də ermənilərlə demək olar ki, bərabər işləyirlər. Hər gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında sülhməramlılara istinadən yayılan xəbərlərdə Azərbaycan əraziləri erməni adları ilə göstərilir. Dəfələrlə Azərbaycan tərəfi, Müdafiə Nazirliyi rəsmi şəkildə qarşı tərəfə müraciət edib ərazilərimizin erməni adları ilə göstərilməməsini tələb etsə də, Rusiya sülhməramlıları rəsmi Bakının tələb və müraciətlərinə məhəl qoymur, özünün erməni siyasətini davam etdirir. Yaranmış situasiya isə öz növbəsində Azərbaycanın haqlı narazılığına səbəb olur və Azərbaycan cəmiyyəti birmənalı olaraq iki tələbdə bulunur. Ya sülhməramlılar öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirib ermənilərə, daha doğrusu separatizmə xidmət edən siyasətinlərindən əl çəkməli, normal qaydada fəaliyyət göstərməli, ya da fəaliyyətlərinə son qoyub bölgəni tərk etməlidirlər.
xxx
Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə də belə düşünür: "İkinci Qarabağ müharibəsi Ermənistan xunta rejimi üçün ağır məğlubiyyətlə nəticələndi və Paşiniyan kapituliyasiya aktı imzalamağa məcbur edildi. 10 Noyabr bəyanatı Ermənistanın məğlubiyyətini rəsmiləşdirən sənəd oldu. Bəyanatın 3-cü maddəsinə əsasən Rusiya sülhməramlıları atəşkəsin qorunmasını təmin etmək üçün bölgəyə yerləşdirilir, həmçinin bununla bağlı Türkiyə-Rusiya monitoriq mərkəzidə yaradıldı. Rusların bölgəyə hansı adla gəldikləri bəllidir, lakin onların tamam başqa məqsədlə hərəkət etdikləri nəzərdən yayınmır. Bir növ ermənilərin himayəçisi görünüşü formalaşdıran sülməramlılar, öz fəaliyyətlərində ciddi nöqsanlara yol verirlər. Alternativ yol üzərində nəzarəti tam təşkil etmirlər, ölkəmizin icazəsi olmadan xarici diplomatların Qarabağa qanunsuz səfərlərinə göz yumurlar, orada olan qondarma, separatçı rejimə silah tədarük olunmasına şərait yaradırlar, yayımladıqları xəritələrdə Azərbaycan adlarını bilərəkdən erməni adları ilə əvəz edirlər və s. Təbii ki, rus sülməramlıları bütün bunları öz iradəsi ilə etmir və aydındır ki, göstərişlər Kremldən gəlir. Bəs Rusiyanın bu cür addımlar atmaqda marağı nədir?" AVP rəsmisinin sözlərinə görə, son illər Rusiyanın xarici siyasətinə nəzər yetirdikdə görürük ki, Moskva Qafqazda, Orta Asiyada, Şərqi Avropada ümumilikdə təsir dairəsində olan regionlarda ciddi güc itirir və bu da hegemonluq iddiası olan bir dövlət üçün ağır nəticələr yaradır: "Rəsmi Moskva birmənalı olaraq Azərbaycanın güclənməsini istəmir, bu səbəblə Qarabağ münaqişəsi bitməsinə rəğmən bu anlayışı canlandırmağa çalışır, Türkiyənin Cənubi Qafqaz və Orta Asiyada nüfuzunu artırmasını, itirdikləri mövqelərə rəsmi Ankaranın yerləşməsini istəmir və mane olmağa çalışır. Rusiya Ruben Vardanyan kimi fiquru Qarabağa göndərib ona bir mövqe verməklə həm Azərbaycana, həm də Ermənistana təsir imkanları qazanmaq cəhdləri edir. Daha çox Ermənistan üçün hesablanmış bu oyunla Kreml qərb yönümlü siyasət həyata keçirməyə çalışan Paşiniyanı gələcəkdə Vardanyanla əvəzləmək məqsədi güdür. Bu minvalla Vardanyanın fəaliyyətinə ciddi dəstək verir. Moskva Azərbaycan-Ermənistan arasında sülhün olmasında , kommunikasiyaların açılmasında maraqlı deyil. Rus siyasilər yaxşı anlayır ki, Azərbaycan-Ermənistan arasında münasibətlər normallaşsa, Ermənistan- Türkiyə sərhədləri açılsa, İrəvanın Rusiyadan aslılığı böyük ölçüdə azalmış olacaq və Rusiyanın Ermənistandakı varlığı sual altına düşəcək. Bu səbəblə Kreml üzdə sülhdən yana imici nümayiş etirsə də, əslində mövcud vəziyyətin hələ uzun illər davam etməsində maraqlıdır. Ancaq indiki situasiya ölkəmizin maraqlarına cavab vermir və rəsmi Moskvanın sülməramlılar vasitəsilə yürütdüyü siyasətə qarşı adekvat tədbirlər görülməsi zəruridir".
Süleyman