Ermənistan Avropa İttifaqını da pat vəziyyətdə qoydu - ÖZƏL

 İşğalçı dövlət heç bir beynəlxalq təşkilatın qərarına hörmətlə yanaşmır

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə dekabr ayında nəzərdə tutulan Azərbaycan-Ermənistan dövlət başçılarının görüşü baş tutmayacaq. Bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda Bakıda keçirilən konfransda sualları cavablandırarkən bildirib. İlham Əliyev nəzərdə tutulan görüşdə Ermənistanın Fransa Prezidenti Emmanuel Makronun iştirak etməsini şərt kimi irəli sürməsinin Azərbaycan tərəfindən  qəbul olunmasını mümkün saymayıb: "Dekabrın 7-də Brüsseldə nəzərdə tutulmuş görüş keçirilməyəcək. Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək. Praqa görüşü oktyabrın 6-da idi, cəmi bir həftədən az müddət sonra Prezident Makron öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir.Bunun ardınca Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi oldu. Bu, qətiyyən qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb. Belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub".

Hüquqşünas Alim Hüseynli qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sözügedən şərti təsadüfən irəli sürməyib: "Əvvala, Paşinyan gözəl bilir ki, Makronun danışıqlarda vasitəçi kimi iştirakı Azərbaycan tərəfindən qəbuledilməzdir. Bunu Paraqa görüşündən sonra Makronun verdiyi qərəzli anti-Azərbaycan açıqlamalarında aydın şəkildə sezmək mümkündür. Paşinyanın belə bir şərt irəli sürməsində Rusiya faktoru da istisna edilmir. Məlum olduğu kimi Rusiya bütün mümkün variantlardan istifadə edərək Avropanı danışıqlar prosesindən kənarlaşdıraraq vasitəçilik missiyasını öz üzərinə götürməyə çalışır. Odur ki, KTMT-nın Ermənistanda keçirilən sammitindən sonra belə bir addımın atılacağı gözlənilən idi. O ki qaldı Brüssel görüşünə, aydın məsələdir ki, Ermənistan heç bir beynəlxalq təşkilatın qərarına hörmətlə yanaşmır, beynəlxalq hüququ ayaq altına atır. Bunu ötən 30 il ərzində Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad olunması ilə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri qərarların kağız üzərində qalması bir daha təsdiqləmiş olur. Heç şübhəsiz ki, Şarl Mişel bunları bilməmiş deyil, elə bu səbədən də o şəxsi nüfuzundan iatifadə edərək vasitəçilik missiyasını üzərinə götürmüşdü. Çox təssüf ki, Ermənistanın son qərarı Avropa İttifaqı ilə yanaşı, Şarl Mişelin də nüfuzuna ciddi xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişafı dövlətin prioritet məsələlərindəndir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında razılaşma ətrafında son danışıqlar aparılır. Ermənistan isə öz ikiüzlü siyasəti ilə Avropa İttifaqını zərbə altına qoymuş olur".     

Onun sözlərinə görə, sülh danışıqları prosesinə Fransanın müdaxiləsi  tamamilə yersiz və qərəzli xarakter daşıyır: "Bu ölkə hələ keşmiş Minsk qrupunda təmsil olunduğu zaman açıq-aşkar işğalçı Ermənistanı müdafiə edir, Azərbaycanın maraqlarına zidd addımlar atırdı. Keçmiş Minsk qrupu dağldıqdan sonar Fransa hansısa formatda danışıqlara qatılmaq niyyətini ortaya qoyub. Lakin baş verənlərdən sonra Fransanın vasitəçiliyi Azərbaycan tərəfindən heç cür qəbul edilə bilməz. Artıq danışıqlar prosesində yeni format ətrafında düşünmək vaxtı çatıb. Prezident İlham Əliyev "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda Bakıda keçirilən konfransda bildirib ki, Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var: "Azərbaycan Avropa İttifaqının vasitəçiliyini dəstəkləyir. Bizə və Ermənistana müəyyən razılıqlara gəlmək üçün hansısa təsisata ehtiyac var.  İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Bu qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir. Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz. Praqa görüşünün nəticəsi bizim üçün uğurlu idi. Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı.Avropa İttifaqı formatına qayıtmaq vacib idi, çünki biz Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki yola ayrılmağa razılaşdıq. Biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə iki məsələnin həlli ilə bağlı danışıqlarımız - onların hüquqları və təhlükəsizliyidir". Göründüyü kimi Azərbaycan Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır. Üstəlik bunun yeni formatının tapılması məsələsində də istəklərini ortaya qoyub. Lakin Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi bu ölkənin sülh danışıqlarında iştirakını mümkünsüz edir. Nəzərə almaq lazımdır ki, keçmiş Minsk qrupu üzvlərindın yalnlız Fransa canfəşanlıq edərək ölkəmizə qarşı qərəzli mövqeyini nümayş etdirməkdə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31