“Ayətullahın fətvası İslam dininə ziddir”
Elşad Miri: “Ola bilsin ki, bu adam alimdir, İranda tanınmış şəxsiyyətdir, təqlid edilən dindardır, amma Ayətullahın verdiyi fətva kökündən səhvdir”
15 İyul 2013 17:07 Siyasətİranlı din alimi Ayətullah Əsədullah Beyat Zəncani oruc tutmaq haqqında fətva verib. Zəncaniyə görə su içmək orucu batil etmir. Məsələyə münasibət bildirən İlahiyyatçı Elşad Miri hesab edir ki, İslamda belə bir fətva yoxdur: "Allah və peyğəmbəri buyurur ki, orucun əsas şərti yeməmək, içməmək və cinsi əlaqədə olmamaqdır. Bu adam isə özündən yeni qanun çıxarıb deyir ki, oruc vaxtı susuzluqdan əziyyət çəkən adam su içə bilər. Orucun da mənası odur ki, insan susuz qalmağı bacarsın, ac, susuz qalaraq acların və susuzların nə şəkdiklərini dərk edə bilsin. Bütün bunları nəzərə almayaraq fətva çıxarmaq İslamın mahiyyətinə ziddir. Ola bilsin ki, bu adam alimdir, İranda tanınmış şəxsiyyətdir, təqlid edilən dindardır, amma Ayətullahın verdiyi fətva kökündən səhvdir. Orucluq haqqında Hz.Məhəmmədin (s.a) hədisləri var. Peyğəmbərimiz də çox isti olan vaxtlarda su içməklə yox, sadəcə olaraq müəyyən qədər paltarına su vurmaqla sərinləyib, susuzluğunu yatırmayıb. Ona görə də Ayətullahın özündən çıxardığı fətva həqiqətə uyğun deyil". ("OLAYLAR" İA)