Kiçik və orta sahibkarlığın inkişafına qayğı göstərilməsi dövlətimizin daim diqqət mərkəzindədir

"Bu gün cəmiyyətin bütün sahələrində fəallıq nümayiş etdirən Azərbaycan qadınları kiçik və orta sahibkarlıqda geniş təmsil olunurlar. Ölkədə sahibkarlığın, xüsusi ilə kiçik və orta sahibkarlığın inkişafına qayğı göstərilməsi dövlətimizin daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə imzalanmış sənədlər və verilən qərarlar, həyata keçirilən layihələr, ölkəmizdə qadın sahibkarlığının inkişafına verilən çox böyük dəstək və diqqətin bariz nümunəsidir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova Bakı Konqres Mərkəzində Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş "Üfüqdə Yeni Fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" adlı V forumda çıxışı zamanı səsləndirib. Millət vəkili çıxışı zamanı bölgələrdə yaşayan qadınların sosial-iqtisadi inkişafı və məşğulluğunun təmin olunması baxımından onların kiçik və orta sahibkarlığa cəlb olunmasının vacibliyini də diqqətə çatdırıb.

Qeyd edək ki, foruma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Avropa Parlamentinin üzvü Maria Grapini və qadın sahibkarlar qatılıb. Forum çərçivəsində AQSİA-nın üzvü olan xanımların əl işlərindən ibarət sərgi də baş tutub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31