Yenilikləri qəbul edə bilməmə İran üçün həm daxili, həm də xarici siyasətdə böyük uğursuzluqlar vəd edir - ÖZƏL

"Bakıda "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın gələcək geostrateji hədəflərini aydın şəkildə ifadə etdi".
Bu sözləri Olaylar.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib.
"Cənab Prezidentin çıxışından xüsusən üç məqam diqqəti cəlb edirdi. Birincisi, Azərbaycanın dövlət başçısı bizimlə təhdid dili ilə danışmağın mümkünsüz olduğunu aydın ifadə etdi və buna cəhd edən Fransaya yerini göstərdi. Azərbaycanın ədalətli mövqeyi ilə razılaşmayanların Cənubi Qafqazın qapısında belə yeri olmayacağını göstərdi. İlham Əliyev müharibə dövründə Azərbaycana qarşı istifadə olunan silahların, Azərbaycan ərazilərinə atılan raketlərin adlarını qeyd etdi, onlardan bəzilərinin istehsalçı ölkələr tərəfindən ixrac üçün nəzərdə tutulmadığını dedi. Beləliklə, Azərbaycanın proseslərdən kifayət qədər xəbərdar olduğunu göstərdi.  İran və bu ölkədəki azərbaycanlılar məsələsi diqqəti cəlb edən ikinci məsələ idi.  Azərbaycan Prezidenti öncəki İran prezidentləri ilə hazırkı prezidentin fəaliyyət dövrləri arasında fərqi qeyd etdi. Əslində bu İran dövlətinin hazırda düşdüyü böhrandan çıxış üçün düstur da hesab edilə bilər. Qatı mühafizəkar mövqe, yenilikləri qəbul edə bilməmə İran üçün həm daxili, həm də xarici siyasətdə böyük uğursuzluqlar vəd edir. Üçüncü məqam isə Gürcüstanlı tədqiqatçının sualına cavabda əksini tapmışdı. Dövlət başcısı Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq planlarını, regional inteqrasiyanı pozan tərəfin Ermənistan olduğunu faktlarla göstərdi. Eyni zamanda Ermənistan olmadan da Azərbaycan və Gürcüstanın çox yaxşı əməkdaşlıq platforması formalaşdırdığını dedi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31