Azərbaycan fərdi qaydada növbəti dəfə həmin insanların hüquqlarının qorunması istiqamətində öz güclü addımlarını atmalıdır - ÖZƏL
25 Noyabr 2022 11:32 Siyasət"Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və işğal faktı aradan qalxdıqdan sonra mövcud reallıqların şərtlərinə uyğun sülh müqaviləsinin imzalanması, dövlətlərin qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanınması ilə bağlı Azərbaycan tərəfinin beş bənddən ibarət irəli sürdüyü şərtlər Ermənistan tərəfindən ən yüksək səviyyədə qəbul edildiyi bəyan edilsə də, bu günə qədər həmin şərtlər çərçivəsində münasibətlərin tənzimlənməsi istiqamətində Ermənistan tərəfindən ciddi addımlar atılmayıb".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.
"Çox təəssüf ki, Azərbaycanın qalib tərəf olaraq irəli sürdüyü sülh təkliflərini, uzatdığı sülh əlini Ermənistan tərəfi hələ ki, qəbul etmək və ona uyğun adekvat addımlar, davranış nümayiş etdirmək istəyində və iradəsində deyil. Əksinə, biz Ermənistanda növbəti dəfə Azərbaycana qarşı ərazi iddiaları, Azərbaycana qarşı revanşist düşüncələr, işğalçılıq fəaliyyəti ilə bağlı çağırışlar eşidirik və Ermənistanın rəsmi siyasətində də bu elementlər özünü göstərir.
Bildiyimiz kimi, məhz XX əsrin əvvəllərində baş verən tarixi proseslərin gedişatı nəticəsində Azərbaycan torpaqlarında qondarma Ermənistan dövləti yaradıldı. Azərbaycan tərəfi məhz beynəlxalq şərtlərin diqtəsi altında bu razılaşmaya getmək məcburiyyətində qaldı. Amma təəssüf ki, Ermənistan və onun havadarları Azərbaycanın bu güzəştini zəiflik kimi qiymətləndirərək növbəti mərhələlərdə də, xüsusən də, Sovet işğalından sonra ilk illərdə və sonrakı dövrlərdə də Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisinin böyüdülməsi ilə bağlı Azərbaycan xalqının iradəsinə zidd, qanunsuz addımlar atdılar və nəticə etibarilə qədim Azərbaycan torpaqlarında bugünkü Ermənistan formalaşdırılmış oldu. Təəssüf ki, 1987-1988-ci illərdən başlayaraq Ermənistanda etnik təmizləmə və soyqırım siyasətinin nəticəsi olaraq Ermənistan ərazisindən az sayda qalmış azərbaycanlı da məcburən öz dədə-baba yurdlarını tərk edib, Azərbaycana üz tutmaq məcburiyyətində qaldılar. Bunun davamı olaraq da Ermənistan işğalçılıq siyasətini davam edərək Azərbaycanın 20% torpağını işğal altına almış oldu. Məhz 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi ilə biz işğal faktını aradan qaldırmaqla 30 ilə yaxın dövr ərzində davam edən, sürdürülən haqsızlığı aradan qaldırdıq və Azərbaycanın haqq mübarizəsi özünün məntiqi yekunu ilə nəticələndi. Amma 10 noyabr bəyanatında açıq şəkildə qeyd olunur ki, qaçqın və məcburi köçkünlər öz dədə-baba yurdlarına, həm də BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında geri qayıtmalıdırlar. Həmin qaçqınların erməni təcavüzü nəticəsində yaranmış bir milyondan artıq azərbaycanlı qaçqınların böyük bir hissəsi məhz Ermənistandan didərgin salınmış, qovulmuş insanlarımızdır və həmin insanların da hüquqlarının təmin edilməsi uğrunda mübarizə aparılmalıdır. Çünki çox təəssüf ki, ictimaiyyət Qarabağdakı 20-25 minlik erməni azlığının hüquqlarının mübarizəsi ilə məşğul olduğu indiki dövrdə 200 mindən artıq azərbaycanlıların hüquqları ilə bağlı bir kəlmə də işlədilmir. Buna görə də, Azərbaycan tərəfi fərdi qaydada növbəti dəfə həmin insanların hüquqlarının qorunması istiqamətində öz güclü addımlarını atmalıdır və bu istiqamətdə ən vacib addımlardan biri azərbaycanlıları özündə birləşdirəcək icmanın yaradılması və həmin şəxslərin öz təməl hüquqları uğrunda mübarizə aparmalarıdır. Bu mübarizəyə Azərbaycan dövləti hər zaman dəstək verib və verəcəkdir".
Röyalə Xəyal