Ermənilər Azərbaycan ərazilərini minalamağa davam edir - ÖZƏL
24 Noyabr 2022 15:55 Siyasət"Ermənistan heç bir beynəlxalq öhdəlik, qanun və qaydalara əməl etməyərək Azərbaycan ərazilərini minalamağa davam edir. Bu günlərdə Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkar edilmiş minalanmış ərazi də Ermənistanın nə qədər məkirli, insan ölümlərinə səbəbkar olduğunu ortaya qoyur". Bu fikirləri "OLAYLAR"-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov səsləndirib. İctimai Birlik sədri təəssüf hissi ilə qeyd edib ki, nə beynəlxalq birlik, dünya ölkələri, nə də Qarabağda sülh və təhlükəsizliyə zəmanətçi olan Rusiya və onun sülhməramlı missiyası ermənilərin qeyri-insani davranışlarının qarşısını almağa maraqlı görünmür:
"Nəticədə Azərbaycan vətəndaşları müntəzəm olaraq ermənilərin işğal dövründə basdırdıqları mina və partlamamış hərbi sursatların qurbanına çevrilirlər. Bizim apardığımız ən son araşdırmalara əsasən 2020-ci il noyabrın 10-dan, yəni İkinci Qarabağ müharibəsinin başa çatmasını özündə ehtiva edən üçtərəfli bəyanatın imzalanmasından 2022-ci il avqustun 1-dək minaların və partlamamış hərbi sursatların partlaması ilə bağlı 102 mülki şəxs zərər çəkib. Nəticədə 32 nəfər həlak olub, 70 nəfər yaralanıb. Təəssüf ki, hesabatdan sonrakı dövrdə də neçə belə hadisə qeydə alınıb".
İctimai Birlik sədri qeyd edib ki, dünya dövlətləri Ermənistanla bağlı ciddi ölçü götürməlidirlər.