Azərbaycan nəinki regionda, hətta Avropada, Asiyada nüfuzlu ölkəyə çevrilib

Ramil Vəlibəyov:" Azərbaycan dövləti Ulu Öndərin vəsiyyəti əsasında milli-mənəvi dəyərlər üzərində qurulur və inkişaf edir"

Bu günlərdə hakim Yeni Azərbaycan Partiyası özünün 30 illik yubileyini qeyd etdi. Yarandığı 30 illik bir dövrün böyük bir hissəsini iqtidarda olan və bu gün də eyni postu qoruyan Yeni Azərbaycan Partiyasının xalqın, dövlətin partiyasına çevrilməsinin başlıca səbəbləri, onu şərtləndirən amilləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elə yubiley tədbirində geniş və məzmunlu çıxışı zamanı bir daha təsdiqlədi.

Reallıq da ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk illərdən etibarən xalqın partiyasına çevrilərək bütün Azərbaycan vətəndaşlarının sevilən, etimad göstərilən partiyasına çevrildi. Qısa müddətdə onun hakim partiyaya çevrilməsi də deyilənlərin təsdiqidir. Məhz Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illərdə Azərbaycan əsaslı dərəcədə inkişaf edib, yeni-yeni uğurlara imza atıb. Azərbaycanın bu günkü inkişafının təməlində məhz Yeni Azərbaycan Partiyasının və onu yaradan ümummilli lider Heydər Əliyev siyasətinin dayandığı birmənalıdır. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Yeni Azərbaycan Partiyasının 30 illik yubiley tədbirində çıxışı zamanı bu fakta xüsusi diqqət çəkdi. Dövlət başçısı eyni zamanda hakim partiya üzvləri qarşısında bir çox vəzifələr də müəyyənləşdirmiş oldu.

Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov da məhz bu qənaətdədir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30-cu ildönümü münasibətilə keçirilmiş yubiley tədbirində çıxışı proqram xarakterli olmaqla yanaşı Azərbaycanın əldə etdiyi nailiyyətlərin, uğurların tarixi nöqteyi-nəzərdən dəyərləndirilməsi, həmçinin keçilmiş inkişaf yolunun siyasi-iqtisadi prizmadan təhlil olunması kimi yadda qaldı.

Ramil Vəlibəyov bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkili tələbi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanda bütün sahələr üzrə sabitləşmə və inkişaf meyilləri başladı: "Ölkədə vətəndaş müharibəsinə, dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, hüquqi-siyasi və sosial-iqtisadi islahatlar, ordu quruculuğu həyata keçirildi. Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycan dövlətçiliyinin çox möhkəm əsasları qoyuldu. Bu mənada, 1993-2003-cü illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. 2003-cü ildən sonra Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə isə ölkə iqtisadiyyatı 3 dəfədən çox artdı. Bu gün artıq Azərbaycan nəinki regionda, hətta Avropada, Asiyada nüfuzlu ölkəsinə çevrilib. Bu il Azərbaycanın iqtisadiyyatı rekord həddə çatacaq və gözlənilən proqnoz onu deyir ki, ölkə iqtisadiyyatı 130 milyard manata çatacaq. Uğurlu iqtisadi-maliyyə siyasətinin nəticəsində xarici dövlət borcu əhəmiyyətli dərəcədə aşağı salınıb.  Xarici borcun ümumi daxili məhsuldakı payı 10 faizə qədər endiriləcək. Eyni zamanda, o da bildirilməlidir ki, ölkənin valyuta ehtiyatları xarici borcdan 8 dəfə çoxdur. Lakin Prezident İlham Əliyevin diqqətə çatdırdığı kimi bu gün hələ də görüləsi işlər çoxdur və iqtisadiyyatın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə gündəlikdə duran məsələlərdir. Həmçinin, dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Ümumiyyətlə, aparılan iqtisadi islahatlar yaxın gələcəkdə Azərbaycana əlavə imkanlar verəcəyi heç kəsdə şübhə doğurmur".

"Bu gün bütün dünya azərbaycanlıları başını dik tutub. Çünki Azərbaycan dövləti Ulu Öndərin etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Ona görə ki, Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti olan Qarabağ problemi həll olunub və bu gün Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur" - deyən Ramil Vəlibəyov əlavə edib ki, ölkəmizin həyatında tamamilə yeni dövr başlayıb.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31