Fransanın aktivləşməsi gücünü itirməsi ilə bağlıdır - ÖZƏL

"Fransa dünyada gedən siyasi proseslərə təsir imkanlarını artırmaq üçün ciddi cəhdlər göstərməkdədir. Bu həm də onunla bağlıdır ki, Fransa son zamanlar əhəmiyyətli dərəcədə güc və nüfuz itkisi ilə üzləşib. Şərqdə Rusiya və Çin kimi ölkələrə məğlub olan Fransa, Qərbin əsas siyasi mərkəzləri İngiltərə və ABŞ-la da nüfuz mübarizələrində məğlub olur. Məsələn, Avstraliya ilə bağlanmış 66 milyard dollarlıq müqavilə ləğv edilib ki, bu da birbaşa ABŞ və İngiltərənin müdaxiləsidir". 
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"Bundan başqa, Fransa Yaxın Şərq və Qafqazda da ciddi ölkə kimi öz nüfuzunu itirib. 
Ümumiyyətlə dünyanın hər yerində məğlubiyyətlə üzləşən, ancaq dünyanın ən güclü ölkələrindən olan Fransa indi çalışır ki, itirdiyi bütün nüfuzunu geri qaytarsın və dünyanın əsas dominant ölkəsi olsun. 
Cənubi Qafqazda yaşanan hadisələr də bunun bir tərkib hissəsidir. Fransa buraya müdaxilə etmək istəyir, edə bilmir və bu reallıq onun aqresivləşməsinə səbəb olur. Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi bəyanat bunun tərkib hissəsidir. 
Ancaq qeyd eləmək lazımdır ki, Fransanın bu kimi qərarları effektiv olmayacaq. Çünki Avropada anti-Azərbaycan siyasətində Fransaya dəstək olacaq ölkələrin sayı azdır. Əksinə indi Avropada Azərbaycana tərəfdaş kimi baxırlar. Bu baxış, həm Avropa-Rusiya qarşıdurması fonunda daha da artır, həm də Azərbaycanın dünya siyasətində aktiv oyunçu olmasına səbəb verir. 
Fransızlar isə, hələ sonralar anlayacaq ki, anti-Azərbaycan və ümumiyyətlə, anti-türk mövqedə dayanmaq əslində onların özünə zərər verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31