"Gedişat İranın vətəndaş müharibəsinin bir addımlığında durduğunu göstərir" - ÖZƏL
22 Noyabr 2022 15:05 Siyasətİranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan kütləvi çıxışlar 1979-cu il İslam İnqilabından bəri ən miqyaslı etirazlara gətirib çıxardı.
Müxtəlif hesablamalara əsasən, etiraz aksiyalarında birinci dalğa zamanı İranın, təxminən 129 şəhərində ümumilikdə 600 minədək adam iştirak edib. İran insan haqları fəallarının verdiyi məlumata görə, noyabrın 20-ə kimi etirazlarda 419 nəfər həyatını itirib, təqribən 14 min insansa həbs edilib. Hökumətin amansız hücumu nəticəsində öldürülən insanlardan 60 nəfəri azyaşlı uşaqdır.
Politoloq Orxan Atabəyin fikrincə, faktiki olaraq indi İran etirazlarının ikinci dalğasından danışmaq olar. Çünki artıq etirazlara məşhurlar, idmançılar, siyasətçilər qatılıb, əvvələr etirazları polis qüvvələri sakitləşdirməyə çalışırdısa indi silahlı ordu cəlb olunub.
Noyabrın 20-də etirazçılara dəstək üçün ictimai yerlərdə baş örtüyünü çıxaran iki tanınmış aktrisa Henqami Qaziani və Kətayun Riyahini həbs edilib.
İdmançılar arasında da etirazlara həmrəy olanların sayı hər gün artır. İranın basketbol və futbol komandalarının üzvləri xaricdə keçirilən oyunlarda milli himni oxumaqdan imtina ediblər. Bir neçə qadın idmançı yarışmadan sonra baş baş örtüklərini çıxarıblar. İranın futbol əfsanəsi Əli Dayi və Əli Kərimi isə FİFA-nın Qətərdə keçirilən Dünya Çempionatına dəvətini rədd edərək "Biz iranlılar çox çətin dövr yaşayırıq" deyə bildiriblər.
İrandan gələn məlumatlara əsasən, Sənəndəc şəhərində keçirilən aksiya zamanı etirazçılar polis generalını bıçaqlayıb öldürüblər. Rejim isə ölkə boyu yayılmış etiraz və iğtişaşları silah gücünə yatırmaq əməliyyatlarını başladıb. Əməliyyatlar ilkin mərhələdə kürdlərin yaşadığı şəhərlərdə başladılmışdısa artıq digər bölgələrdə həyata keçirilir.
Bir çox mənbələrdən gələn məlumatlara görə, yerli sakinlər də silahlanıb. Güney Azərbaycanın Soyuqbulaq və Sarıdaş şəhərlərində SEPAH qüvvələri ilə əhali arasında silahlı toqquşma yaşanıb. İranın şərq hissəsində yerləşən Sistan və Bəlucistan əyalətində də silahlı toqquşmaların olması ilə bağlı xəbərlər yayılıb.
Gedişat İranın vətəndaş müharibəsinin bir addımlığında durduğunu göstərir.