"YAP Azərbaycanın taleyinə açılan yeni pəncərə oldu"- ÖZƏL
21 Noyabr 2022 15:02 Siyasət"Azərbaycan müstəqilliyini əldə edəndən sonra hakimiyyət davası gündəmə gəldi. AXCP nə yolla olursa olsun, hakimiyyətə gəlmək eşqində idi. Milli qarşıdurma yarandı. Nəticədə torpaqlarımız işğal edilməyə başlandı. Ayaz Mütəllibov məcburi şəkildə istefa verdi. Milli Məclisdə sonradan müəyyən edildi ki, Xocalı soyqrımı rus ordusu tərəfindən həyata keçirilib. Azərbaycan rəhbərliyinin bunun qarşısını alması mümkün deyildi. Bütün bunlara baxmayaraq, AXCP-Müsavat cütlüyü hakimiyyət sevdasından əl çəkmədi. Dövlət çevrilişi edib hakimiyyətə gəldilər. Bir il ərzində Azərbaycan elə günə qaldı ki, Şuşanı, Laçını da itirdik. Kəlbəcərin işğalı artıq AXCP-nin də getməyi demək idi".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib:
"Bu zaman ərzində 91 Azərbaycan ziyalısı Naxçıvanda ümumilli lider Heydər Əliyevə müraciət ünvanladı. Eyni zamanda yeni partiyanın yaradılması fikri ortaya çıxmışdı. Partiya ya idea ya da şəxsiyyət ətrafında yaradılmalı idi. İdea artıq yox idi. Çünki, Azərbaycan müstəqil idi. O, zaman Azərbaycanın son əlli ili üçün ən ideal şəxsiyyəti Heydər Əliyev idi. Heydər Əliyev müraciətlərə müsbət cavab verdi. 30 il bundan öncə Respublikanın bütün rayonlarının təmsilçiləri Naxçıvanda toplandı. Yeni Azərbaycan Partiyası təsis edildi. Nizamnamə hazırlandı, təftiş kommissiyası yaradıldı, idarə heyəti seçildi. Təkcə Azərbaycan deyil, yaxın-orta Şərqin tarixinə baxsaq, YAP yeganə partiyadır ki, 7 ay sonra hakimiyyətə gəldi. 1992-ci ilin noyabrında yaranan partiya 1993-cü ildə prezident seçkilərini qazandı. YAP Azərbaycanın taleyinə açılan yeni pəncərə oldu. Heydər Əliyev dünyasını dəyişdikdən sonra partiyada "sönüklük" baş qaldırmışdı. Daha sonra partiyanın 7-ci qurultayı oldu. Qurultayda İlham Əliyev partiya üçün 21-ci əsrin standartlarına uyğun islahatlar apardı. Partiya yenidən canlandı. Hazırda 800.000-ə yaxən üzvü var. 15 ildir ki, mən də YAP üzvüyəm. Qürur duyuram ki, bu cür partiyanın üzvüyəm. Və İlham Əliyevin başçılığı ilə torpaqlarımız işğaldan azad edildi".