“Müsavat Milli Şuranın boykot çağırışına getməyəcək” – Hikmət Hacızadə
“Digər müxalifət partiyaları seçkiləri boykot etsələr belə Müsavat öz namizədi ilə iştirak etməkdə qərarlıdır”
15 İyul 2013 14:34 Siyasət. "Müxalifət mətbuatında "Ya İbrahimbəyov, ya da boykot çağırışlarının sayı artır. Müsavat Partiyası isə boykota getməkdə israrlı görünmür. Fikrinizcə müxalifət boykota getməlidirmi" sualına Müsavat Partiyası və qurumun Divan üzvü Hikmət Hacızadə cavab verdi. Hikmət Hacızadə hesab edir ki, Milli Şuraya daxil olan siyasi partiyaların "Ya İbrahimbəyov, ya da boykot" çağrışları heç bir məntiqə əsaslanmır: "Bəzi müxalifət partiyaları Azərbaycanda demokratiyanın olmamasından şikayət edirlər. Digər tərəfdən Milli Şura daxilində vahid namizəd seçib seçkilərdə iştirak etmək istəyirlər. Çox maraqlıdır ki, həmin siyasi qurumlar elə zənn edirlər ki, Rüstəm İbrahimbəyov vahid namizəd olsa bu problem həll olunacaq, İsa Qəmbər olsa yox. Şikayət edirlərsə Milli Şura niyə seçkilərə getməkdə israr edir? Əgər onlar Azərbaycanda anti-demokratiya ab-havasında şikayət edirlərsə, seçkilərə getməsinlər. Vəziyyət belədirsə, Rüstəm İbrahimbəyovun vahid namizəd olsa nə dəyişəcək? Hesab edirəm ki, Milli Şuraya daxil olan siyasi partiyaların bu cür çağırışları düzgün taktika deyil. Onlar deyirlər ki, İbrahimbəyov vahid namizəd kimi seçkilərdə iştirak etməsə, digər namizəd getsə bu demokratik prinsiplərə zidd olacaq. Çox gülməli qərardır. Lakin digər partiyaların cəhdlərinə baxmayaraq Müsavat Partiyası özünün namizədi ilə seçkilərdə iştirak edəcək. Partiya başqan İsa Qəmbərin namizədliyini qüvvədə saxlayır. Müsavat Milli Şuraya daxil olan digər partiyaların absurd çağırışlarına getmək qərarından çox uzaqdır. Milli Şuraya daxil olan digər müxalifət partiyaları seçkiləri boykot etsələr belə Müsavat öz namizədi ilə iştirak etməkdə qərarlıdır". ("OLAYLAR" İA)