“Obama Ruhanini irəli sürdüyü şərtlərə razı salmaq istəyir” - AÇIQLAMA
Razi Nurullayev: “...Vaşinqton Həsən Ruhani ilə ciddi əməkdaşlığa getməyəcək və əvvəlki tələblərini irəli sürməkdə davam edəcək”
15 İyul 2013 14:06 Siyasətİsrail tərəfi iddia edir ki, Ruhani hökuməti nüvə proqramından imtina etməyənə qədər ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların sayını artıracaq. "İran İsrailə qarşı olan fikirlərindən, bu ölkənin dünya xəritəsindən silinməsi iddiasından, yəhudi dövlətini tanımaması ideyasından əl çəkmədikcə və ona qarşı düşmən münasibət bəslədikcə ABŞ-ın rəsmi Tehranla normal münasibətlər qurması mümkün görünmür". Məsələyə münasibət bildirən AXCP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev belə deyib. R.Nurullayev qeyd etdi ki, İran digər tərəfdən hal-hazırda da nüvə sınaqlarını davam etdirir və nüvə arsenalına sahib olmaq iddiasındadır: "İran bu istiqamətdə olan planlarını nüvə enerjisi əldə etmək iddiası adı altında həyata keçirir. Nüvə sınaqları, uranın zənginləşdirilməsi dayanmayana və İranın nüvə stansiyalarının qapılarını beynəlxalq müşahidəçilərin, xüsusilə də MAQATE-nin üzünə açmayana qədər Vaşinqton Həsən Ruhani ilə ciddi əməkdaşlığa getməyəcək və əvvəlki tələblərini irəli sürməkdə davam edəcək. Digər tərəfdən İran İslam Respublikası dünyada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ABŞ və Avropa İttifaqının terror siyahısına salınmış bir çox birlik və siyasi qurumlarla əməkdaşlığına yenidən baxmalıdır. Onlarla işbirliyini dayandırmalıdır. İran bütün bunları nəzərə almasa Obama Ruhani ilə ciddi əlaqələr qurmayacaq. ABŞ-ın belə bir addım atmasında güclü yəhudi lobbisinin izləri açıq şəkildə görünür. Bu müstəvidə indiki vəziyyətdə İsrail-İran, ABŞ-İran münasibətlərinin normallaşması inandırıcı deyil". ("OLAYLAR"İA)