"Təhsilin səviyyəsini Azərbaycanla müqayisə etmək ən azı günah olardı" - ÖZƏL

Olaylar.az xəbər verir ki, bu barədə öz "Facebook" hesabında politoloq Elbəyi Həsənli bildirib.

O qeyd edib ki:

"İsveçrə: Şagirdlər sinifdə partanın üstü ilə qaçırlar

Gözümün qabağındaca şagirdlər partaların üstü ilə o yan-bu yana qaçırlar. İki müəllimə də heç bir şey olmamış kimi öz işləri ilə məşğuldurlar...

İsveçrədə məktəblilər tərbiyəsizdirmi? İlk baxışda elə görünə bilər. Ancaq elə deyil...

Allah ermənilərlə cici-bacılıq edən Fransaya da, onların Senatına da lənət eləsin. Onların bədnam qərarına başım qarışmasaydı bu yazını bir neçə gün əvvəl hazırlayıb, paylaşacaqdım.

Hazırda 3-cü sinfə gedən oğlum Atilla Sürixdə dövlət məktəbində oxuyur. İsveçrənin özəlliyi ondadır ki, burada dövlət məktəbləri özəl məktəblərdən zərrə qədər də geridə qalmırlar. Əksinə, daha üstündürlər. Niyə belədir? Çünki dövlət təhsilə aşırı səviyyədə önəm verir. Məktəbə daxil olursan, sinif otaqlarına nəzər salırsan, adam heyrətə gəlir. Hər tərəfdə ideal təmizlik hökm sürür. Məktəbdə nəsə köhnə bir şey gözə dəymir. Bütün mebelləri sanki elə indicə salafandan çıxarıb məktəbə düzmüsən. Təravətdən hər tərəf par-par parıldayır...

Qərb niyə Şərqdən üstündür sualının birinci cavabı elə təhsillə bağlıdır. Mən buna əminəm. Düşünün ki, burada müəllim işinə başlayanlar 8 min frank maaş alır. Aya ha, ilə yox. 8 min frank maaş hətta İsveçrə üçün də çox yüksək maaşdır. Dövlət təhsilə bu qədər yüksək dəyər verir. Ancaq narazılar da var. Onlar əmindirlər ki, bütün bunlar azıdır. Təhsilə daha çox vəsait ayırmaq lazımdır...

İsveçrədəki təhsilin səviyyəsini Azərbaycanla müqayisə etmək ən azı günah olardı. Bu müqayisəni də sizlərə buraxıram...

İsveçrədə belədir. İldə iki dəfə valideynlər uşağın oxuduğu məktəbə gedir və dərsdə iştirak edir. Adətən bu kimi tədbirlərə Atillanın anası gedir. Bu dəfə isə mən getməli oldum...

Məktəbi və sinif otaqların təsvir etdim. Bəzi detallara da toxunacam. Oğlumun əvvəlki sinif otağı haqqında da bir-iki kəlmə deyim. Düşünün ki, sinfə ideal səviyyədə dizayn verilib. Təxmini hesablamışdım. İsveçrə standartları baxımından o sinfin ən azı 100 min dollarlıq tərtibatı vardı. Özü də sinifdə uşaqlar üçün divana qədər, yataq dəstinə qədər hər şey vardı. Məsələn, əgər uşaq yorğundursa, gedib başını qoyub yata bilərdi. Bizim üçün bu anormal bir şeydir. Ancaq İsveçrə elə belə "anormallıq"ları ilə dünyanın ən öncül ölkələri sırasında birinci beşlikdə yer alır...

Atillanın hazırkı sinifi də ən üst səviyyədədir. İsveçrədə belədir ki, sinif otağında mütləq su krantı və çanaq (lavabo) olur. Uşaq istədiyi vaxt yerindən durur, üstünə adı yazılmış plastik stəkanı krantdan gələn su ilə doldurub içir. İsveçrə dağlıq ölkədir. Əla suyu var. Hə, lavabonun yanında mütləq bir qutu salfet də olmalıdır. Gigiyena məsələsinə burada xüsusi diqqət ayrılır...

Hər sinifdə bir qutu (yeşik) meyvə olur. Əgər uşağın könlündən keçirsə, heç kimdən soruşmadan meyvəni (adətən alma olur) götürüb yeyə bilər.

İsveçrədə uşaqlar adətən məktəbə trotinet və ya velosiped ilə gedirlər. Trotinet və velosipedi yerləşdirmək üçün xüsusi park yeri olur. Sonra uşaq sinfə gedir. Öncə sinfin dəhlizində üst paltarını və ayaqqabısını çıxarır. Sinifdə geydiyi ayaqqabını ayağına keçirir. Müəllimlər də eyni qaydada. Sinfə daxil olmamışdan onlar da uşaqlar kimi ayaqqabılarını dəyişirlər. Bu, mütləqdir. Sinif otağı da gül kimidir. Ona görə də uşaqlar istədikləri vaxtı dövrə vurub döşəmədə otururlar. Partaların üstü ilə də (əlbəttə, tənəffüs vaxtı) qaçırlar. Ayaqqabılar təmiz olduğuna görə partalara elə bir şey olmur...

Sinif otağından bir neçə foto çəkdim. İsveçrədə icazəsiz uşaqların şəklini çəkmək qadağanddır. Məktəbdə də foto-çəkilişlərə icazə verilmir. Ümid edirəm ki, İsveçrə qanunları məni bağışlayar. Bu yazıya həmin fotoları da əlavə edəcəm. Görüntü adətən daha çox şey deyir...

Keçirəm sinif otağına. Sinifdə 15 nəfər şagird və iki müəllimə vardı. Soruşdum, müəllimə dedi ki, bir sinifdə maksimum 23 şagird ola bilər. Oğlumun sinfində rəsmən 17 şagird var, onlardan ikisi dərsə gəlməmişdi...

Deməli, 15 şagirdə 2 müəllimə. Təbii ki, sinif otağında hər şey kompüterləşdirilib. Hər iki uşağa bir kompüter düşür.

Burada müəllimlər dərsi necə keçirlər? Çox istərdim ki, Azərbaycandakı müəllimlər də bu metoddan yararlansınlar.

Gördüklərimə keçirəm. Bu sinifdə olan mebellər uşaqların yaşına uyğundur. Ona görə də rahatdırlar...

Müəllimə uşaqları sinfin ortasına dəvət etdi. Uşaqlar dairə şəklində düzülmüş taburet tipli oturacaqlarda əyləşdilər. Müəllimələr də həmçinin. Müəllimələrdən biri dedi ki, bu gün üçün bizim iki təklifimiz var. Təklifləri səsə qoyacam. Çoxluğun qərarı əsasında mövzunu seçəcəyik. Uşaqlar qışqır-bağırla təklif olunan mövzulara səs verdilər və dərsə başladılar...

Birinci dərs hesablama ilə bağlı idi. Sinifdəki şagirdlər iki yerə bölündü, uşaqlar bir-birinin arxasında dayandı. Hər bir komandanın üzvü müəllimənin dediyi tapşırığın cavabını yazı taxtasına yazırdı. Hansı komanda daha tez və doğru cavab yazırsa, bir xal qazanırdı. Beləliklə iki komanda arasında doğru cavab uğrunda yarış gedirdi. Doğru cavab yazan komanda sevincindən elə qışqırırdı ki. Ancaq müəllimlər bu qışqırıqlara normal yanaşırlar...

Yarış-dərsin birinci hissəsi başa çatır. Müəllimə dərsin ikinci hissəsinə keçir. Kim harada istəyirsə, keçib otururdu. Və hər bir uşağa hesablama ilə bağlı vərəqlər paylanılır. Mən də valideyn kimi oğlumun yanında oturmuşam. Uşaqların bir-birindən köçürməsinə burada çox pis baxırlar. Ona görə də bəzi yerlərdə partalar arasında arakəsmə var...

Oğlum tapşırığı həll edir. Sinfə sükut çöküb. Hərə öz işi ilə məşğuldur. Köməyə ehtiyacı olanlar əl qaldırır. Müəllimələr yaxınlaşıb əlavə izahat verir...

Oğlum tapşırıqları bitirəndən sonra mənə dedi ki, ata, mən indi zirzəmiyə düşməliyəm. Sən otur, mən gəlirəm. Bir azdan oğlum geri döndü. Oğlumdan təəccüblə soruşdum ki, dərs vaxtı sənin zirzəmidə nə işin var? Uşaq qarşısındakı vərəqi mənə göstərdi. Vərəqdə yazılıb ki, əgər sən tapşırığı həll etdinsə, deməli, hərəkət etmək gərəkir. Hərəkət etmək üçün uşaqlara 4 variant təklif olunur: 1) 15 dəfə atılıb düşmək. 2) 20 dəfə trampolinin üstündə atılıb düşmək. 3) 17 dəfə topu yuxarı atıb tutmaq. 4) 1 dəfə zirzəmiyə qaçmaq. (deyim ki, sinif otağı 4-cü mərtəbədə yerləşir) Atilla təklif olunanlardan sonuncusunu seçibmiş...

Uşaq anlatdı ki, sinifdən çıxan kimi dəhlizdə ayaqqabısını dəyişib. Zirzəmiyə düşüb, geri dönüb, yenidən ayaqqabısın dəyişib və sinfə daxil olub...

Növbəti dərs bitdi. Böyük tənəffüs elan olundu. İçəri təmiz havanın dolması üçün sinfin pəncərələri açıldı. Bütün uşaqlar və müəllimlər sinifdən, bütövlükdə məktəbdən çölə çıxdılar. Məktəbdə kimsə qalmadı. Təbii ki, uşaqlar ayaqqabıların yenə dəyişdilər. Mümkün deyil ki, kimsə bu qaydanı pozsun. Ona görə deyirəm ki, isveçrəlilər soldat kimi bir şeydir. Burada müəllimin dediyi şagird üçün qanundur. Uşaqlar niyə müəllimlərə bu qədər inanırlar? Çünki müəllimələr həqiqətən də onların hər biri ilə fərdi qaydada işləyir. Hər birinə diqqət və şəfqət göstərir...

Bir epizodu da nəql edim. Müəllimə valideynlərə izah etdi ki, çöldə valideynlər üçün xüsusi xidmət ayrılıb. Orada qəhvə içə bilərik. Getdik, növbəyə dayandıq. Adama bir qəhvə və bir şirin-çörək verdilər. Şirin-çörəyi oğluma uzatdım. Uşaq götürmür. Deyir ki, müəllimə axı sənə dedi ki, bunlar valideynlər üçündür. Deyirəm ki, oğlum, bu şirin-çərəyi mənə veriblər, mən də sənə verirəm. Uşaq deyir ki, yox, ata, müəllimə elə demədi. Bir təhər şirin-çörəyi uşağa yedirtmişəm..

Tənəffüs başa çatdı. Məktəbin qapıları yenidən taybatay açıldı. Sinfə daxil olduq.

Bu dəfə dilçiliklə bağlı tədris başladı. Uşaqlar dörd yerə bölündü. Onlar sinif otağında bir kənarda qoyulmuş kompüterləri götürdülər. Müəllimə öz kompüteri üzərindən onların kompüterinə suallar ötürdü. İsim, sifət, fel və zərflə bağlı suallar idi. Uşaqlar eyni anda sualları alırdı. Kim daha tez və daha düzgün cavab verirdisə, o komanda qalib elan olunurdu. Daha doğrusu, kompüter özü hər şeyi anındaca hesablayıb komandalara qiymət verirdı. Bu dəfə də hər qalib elan olunanda uşaqların səs-küyü aləmi başına alırdı. Xüsusən qiymətlərə müvafiq komanda sırasında yerdəyişmə olanda qulaq tutulurdu. Az sonra sükut bərpa olunurdu və növbəti suala keçirdilər...

Bəzən İsveçrəyə gəldiyimə görə özümü qınayıram. Sonra da fikirləşirəm ki, onsuz da mənə Azərbaycanda yaşamağa imkan verən deyildilər. Heç olmasa, İsveçrədə uşaqlarım, nəvələrim normal təhsil ala bilirlər. Kim bilir, bəlkə də onlar gələcəkdə Azərbaycan üçün yaxşı işlər görəcəklər. Bizim Azərbaycanla bağlı arzularımızı onlar həyata keçirəcəklər..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31